Televiziyalarda ekspert böhranı yaşanır - MÜZAKİRƏ

Zeynal Məmmədli: "Telekanallar zəhmət çəkib, yeni ekspertlər axtarmaq istəmirlər"

"Bu gün bir telekanalda Yaxın Şərq haqqında danışan politoloq, sabah başqa kanalda Uzaq Şərqi təhlil edir. Növbəti gün isə Marsa, Yupiterə gedib çıxır"


 Bir az əvvəl hamı deyirdi ki, televiziyaların əsas problemi analitik verilişlərin olmamasıdı. Hara baxırdıq çal-çağır...Düzdür,  vəziyyət artıq qismən düzəlib. Amma indi də hara baxırıq eyni ekspert. İki-üç saat əvvəl hansısa “X” kanalda, fərqi formatlı proqramda izlədiyimiz mütəxəssisi az sonra bir başqa kanalda görürük. Nəticədə onlarla sual yaranır: yəni ölkədə psixoloq, sosioloq, həkim... bu qədər azdır? Efirə bu qədər tez-tez çıxmağa həqiqətənmi ehtiyac var? Yaxşı, bəs bu adamların başqa işləri-gücləri yoxdur ki, bir kanaldan çıxıb digərinə gedirlər? Lap su yolu misalı... Özləri bilər. Amma bəs auditoriya? Tamaşaçı nə qədər eyni adama qulaq asar, eyni insanı izləyər? Sonra da “kanallarımızı izləmirik” deyə bir-birimizi ittiham edirik. 
Bu və digər məqamlara işıq salmaq üçün tanınmış media eksperti Zeynal Məmmədli ilə söhbətləşdik. 

- İndi az qala, hər kəs efirə çıxır, konkret sahənin bilicisi kimi danışır. Necə düşünürsünüz, ekspert necə olmalıdır?

- Səmimi deyirəm, televiziyalarımızda ekspert siyasəti kökündən yanlışdır. Məsələn, mətbəxlə bağlı bir verilişə çağırılan şəxsin ali kulinariya təhsilinin olması vacib deyil. Sadəcə, necə deyərlər, əlinin duzu olan bir xanım da orda yemək bişirə, həmcinslərinə tövsiyələr verə bilər. Hətta, bəlkə, belədə veriliş daha maraqlı və səmimi alınar. 

- Belə iddialar səslənir ki, özünü ekspert hesab edən bəzi adamlar efirə çıxmaq üçün aparıcıya, kanala pul təklif edirlər...

- Gəlin, əlimizdə sübut olmadan kimisə günahlandırmayaq. Amma ekspertlərlə bağlı ciddi böhranın olması ilə razıyam. Eyni ekspert ən müxtəlif kanallarda və proqramlarda çıxış etdiyinə görə tamaşaçıda haqlı olaraq belə bir təəssürat yaranır. Bu, həqiqət də ola bilər, şayiə də. Amma hansısa ixtisas sahibi efirə çıxmağa həmişə maraq göstərir. Yəni onun pul təklif etməyi təəccüblü deyil. Qarşı tərəfin rüşvəti qəbul edərək həmin adamla işbirliyi etməsi isə bağışlanılmazdır. Onu da  deyim ki, əsl mütəxəssis heç vaxt efirə çıxmağa meyl göstərməz. Çünki konkret işlə bağlıdır və savadının, əməyinin qarşılığında lazımınca tanınır. 

- Necə düşünürsünüz, ekspert böhranının yaşanmasının başqa hansı səbəbləri var?

- İxtisaslaşma buna mane olan başlıca amillərdəndir. Bu gün bir telekanalda Yaxın Şərq haqqında danışan politoloq, sabah başqa kanalda Uzaq Şərqi təhlil edir. Növbəti gün isə Marsa, Yupiterə gedib çıxır. Əlbəttə, səhvdir. Nizami Gəncəvi demiş, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Yəni mütəxəssis gərək bir sahədə ixtisaslaşsın. Bu, ekspertin öz ciddiliyini, çəkisini də artırır. Məsələn, mən media eksperti olsam da, xəbər və xəbərdən yaranan proqramları araşdırmışam. Özümü ancaq bu istiqamətin mütəxəssisi hesab edirəm. 

- Televiziyaların ekspert siyasətinin kökündən yanlış olduğunu dediniz. Görünür, qüsurlar yalnız indiyə kimi müzakirə etdiklərimizdən ibarət deyil...

- (Gülür). Bəli. Başqa bir məqamı da deyim. Tutalım, hansısa politoloq deputat seçilir. Deməli, o, deputat olduğu müddət ərzində politoloq kimi çıxış edə, rəy söyləyə bilməz. Çünki millət vəkili ictimai-siyasi fiqurdur. Bəzən də bir qonağı gah sosioloq, gah müstəqil jurnalist, gah yazıçı qismində təqdim edirlər. Belə hallar olmaz. Yaxud da sahəsini kifayət qədər dərindən bilən adamı Azərbaycan dilində təmiz danışa bilmədiyinə, rusdilli olduğuna görə efirə buraxmırlar. Halbuki, onu hazırlamaq, ya da dediklərini tərcümə ilə təqdim etmək olar. Efirə konkret sahə üzrə yalnız bir ekspertin dəvət olunması da düzgün deyil. Əksinə, müxtəlif mövqeləri təmsil edən iki-üç qonaq olmalıdır ki, tamaşaçı bütün deyilənləri analiz edib nəticə çıxara bilsin. 

- Çıxış yolunu nədə görürsünüz?

- Bu kimi məsələlərlə kanal rəhbərləri, televiziya menecerləri məşğul olmalı, narazılıqlardan dərs çıxarmalıdırlar. Amma tənbəlliyin daşını atmaq, ciddi çalışmaq lazımdır. Universitetdə müxtəlif sahələr üzrə dərs deyən yüzlərlə alim var. Həmin müəllimlər də ekspert kimi dəvət oluna bilərlər. Bizim dövlət universitetlərimizdən biri ancaq iqtisadçılar yetişdirir. İqtisadçı-ekspertlərin sayı isə azdır.

- Sizcə, bu təzad nə ilə bağlıdır?

- Deməli, ya həmin adamlar öz sahələrini yaxşı bilmirlər, ya da danışmaqdan qorxur, dedikləri hansısa cümlənin kiməsə xoş gəlməyəcəyindən çəkinirlər. Fəqət, məncə, əsas məsələ bunların heç biri deyil. Sadəcə, televiziya kanalları zəhmət çəkib, yeni ekspertlər axtarmaq istəmirlər. Onlar daim axtarışda olmalı, yeni simanın yeni nəfəs olduğunu unutmamalıdırlar. Siyahılar hazırlanmalı, dosyelər öyrənilməlidir. Belə olsa, hər kanala ayrı-ayrı ekspertlər çıxar. Daha bir adam kanalların yolunu ölçməz. Eyni zamanda izləyici üçün alternativ yaranar.

Deməli, müzakirə mövzumuzun kökündə televiziya rəhbərlərinin, menecerlərin zəhmət çəkmək istəməməsi, bəlkə də məsuliyyətsizliyi dayanır.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu