"Kağız mətbuatının rəqabət imkanları var"

Vüsal Məmmədov: "Qəzet bir gün ərzində çətinliyi, əziyyəti və mürəkkəbliyi üstünlüyünə çevirməlidir"

Onlayn medianın çap mətbuatını üstələməsinə dair iddialar yenidən aktuallaşıb. Təbii ki, dünyanın heç bir ölkəsində klassik mediadan imtina ənənəsi yoxdur. Amma onu qəbul etmək lazımdır ki, hazırda elektron kütləvi informasiya vasitələrinə (KİV) daha çox tələbat var. Bu da informasiya texnologiyalarının inkişafı ilə əlaqədardır. Bununla yanaşı, qeyd edək ki, insanlar informasiya almaq üçün ən çox peşəkar KİV-lərə müraciət edirlər.

Professionallıq, media ənənələrinə bağlılıq və jurnalistikanın qızıl qaydalarına sadiqlik daha çox çap mətbuatında ehtiva olunur. Lakin print mediada mövcud olan bəzi çatışmazlıqlar oxucuların onlayn portallara üz tutmasına səbəb olur. Məlumdur ki, saytlar iş əmsalını operativliyin üzərində qururlar. Ona görə də mütəmadi şəkildə xəbər verməklə məşğuldurlar.



Amma bəzi hallarda qəzetlər də saytlarda bir gün öncə dərc olunan xəbərləri tirajlayırlar ki, bu da absurd görünür. Onsuz da oxucular gündəlik məlumatları xəbər saytlarından və sosial şəbəkələrdən əldə edirlər. Belə olan halda qəzetlər əvvəlki prestijlərini bərpa etmək üçün informasiya siyasətlərinə yenidən baxmalıdırlar.

Bir sözlə, klassik media xəbərləmə ilə deyil, maarifləndirmə və düşündürmə ilə məşğul olmalıdır. Bunun üçün də print media daha çox analitik yazılar, təhlillər, analitik və informativ müsahibələr, reportajlar, orijinal yazılara daha çox yer verməlidir. Belə olan halda çap mətbuatı öz oxucu auditoriyasını təzədən formalaşdırıb, reputasiyasını bərpa edə bilər. 

Məsələ ilə bağlı “Şərq”ə danışan “Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov da bildirib ki, hazırda hər platformanın özünə uyğun formatda işləməli olduğu dövrə gəlib çıxmışıq. Baş redaktor vurğulayıb ki, kağız mediası ekranlarla rəqabət aparmaq iqtidarında deyil:

“Harada ekran varsa, kağız mediası onunla xəbər janrında rəqabət apara bilməz. Kağız mediası bu rəqabətə girişsə, bəri başdan məğlub olar. Çünki bu gün oxucu pulsuz əldə etdiyi məlumatı bir gün gecikmə ilə pulla əldə etməyə heç vaxt razılaşmayacaq. Hətta bunu düşünmək belə absurddur. Heç kim ağılsız deyil ki, bu gün pulsuz olanı sabah gedib pulla alsın”. 

V.Məmmədov qeyd edib ki, qəzetlər öz mövqelərindəki üstünlüyü qiymətləndirməlidirlər: “Ekranın üstünlüyü operativ olmasındadır, istehlakçıya dərhal çatır. Qəzetin əlində isə vaxt üstünlüyü var, bir gün vaxtı olur. Qəzet bir gün ərzində çətinliyi, əziyyəti və mürəkkəbliyi üstünlüyünə çevirməlidir. Məsələn, Operativ Qərargah mətbuat konfransı keçirir və göstəriciləri açıqlayır.

Artıq bunu bütün ölkə bilir. Canlı yayımda baxırlar, dərhal saytlarda oxuyurlar. Sabahısı gün qəzetin bu informasiyanı verməsi absurddur, heç kimə lazım deyil. Qəzetin sabaha qədər vaxtı var ki, qrafiklər çəksin, cədvəllər tərtib etsin, müqayisəli təhlillər aparsın və ekspertlərin rəyini əlavə etsin. Qəzetlər bir gün vaxt üstünlüyündən istifadə edərək başqa janra keçməlidirlər. Məsələn, təhlil və ya publisistika janrından istifadə edilə bilər”.

Baş redaktorun sözlərinə görə, elə janrlar var ki, heç kim onu ekranda oxumaq istəmir: “Ekran ani və cəld oxunan materialların meydanıdır. Heç kim böyük bir araşdırmanı, publisistik yazını və yaxud oçerki, geniş müsahibəni yarım saat telefonda oxumayacaq. Bu, mümkün deyil. Hətta belə mənzərəni göz qabağına gətirmək çətindir. Kimsə oturub telefonda yarım saat böyük bir yazını oxumaz. Çünki telefonda hansısa informasiyaya uzağı 2-3 dəqiqə vaxt ayırırıq”. 

V.Məmmədovun qənaətincə, qəzet elə materiallar təqdim etməlidir ki, oxucu üçün maraqlı olsun:

“Bu materiallara “long read” deyilir. Yəni qəzetlər məsələni uzun müddətli və əhatəli təsvir etməlidir. Bu da publisistika, siyasi publisistika, ətraflı və detallı araşdırmalar, oçerklər və geniş müsahibələrlə mümkün olur. Bu janrlar ancaq qəzetdə və jurnalda, yəni kağızda qəbul olunur. Ekranda belə janrlar heç vaxt qəbul olunmayacaq.

Deməli, qəzetlər qeyd etdiyimiz seqmentə yönəlməlidir. Bütün bunlar təxminən ona oxşayır ki, heç birimiz gedib kinoteatrda seriala baxmırıq. Televizorda isə yeni çıxan bədii filmə baxmırıq. Çünki hərəsinin öz yeri var.

Məsələn, mən ümumiyyətlə telekanalda hansısa kinoya baxmağı qəti şəkildə tərgitmişəm. Çünki televiziya kinoya baxmağın yeri deyil. Kinoya böyük ekran, əhatəli səs lazımdır. Ona görə də filmlərə kinoteatrda, ən pis halda isə ev kinoteatrında baxıram, televiziyada isə xəbərlərə. Qəzetlə ekranın rəqabətində də buna gəlib çıxmalıyıq. Hərəsi öz platformasında öz janrları ilə işləməlidir.

O zaman qəzetlərin varlığı özünü doğruldacaq və cəmiyyətdə öz yerini tutacaq. Yox əgər qəzetlər xəbər verməkdə inad edəcəklərsə, onların gələcəyi yoxdur. Çünki onların verdiyi xəbər bir gün əvvəl hamıya pulsuz çatıb. Heç kim səhəri gün pul ödəyib xəbəri oxumaq üçün qəzet almayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu