Dəqiq tarix açıqlandı: “Virus oktyabr, noyabr aylarında tamamilə bitəcək”

“COVİD-19 ya məhv olacaq, ya da ona qarşı kütləvi immunitet yaranacaq” 

“Təxminlərimə görə, başlandığı aydan, yəni fevraldan etibarən 9-10 ay davam etməlidir”

“Vaksinə arxayın olmaq düzgün deyil. Peyvənd tapılsa belə, onun hansı effekti verəcəyini heç kim bilmir” 



Koronaviruslu günlər davam etməkdədir. Bəlkə də, nə vaxtsa bütün bunları xatirə kimi yada salarıq. Hətta, ola bilsin, kitablardan oxuyanda yanımızdakı övladlarımıza, nəvələrimizə “Mən bu günlərin şahidi, iştirakçısı olmuşam” deyək.
Amma hələlik reallıq başqadır. COVİD-19 israrla bizi hədələyir, necə deyərlər, yaxamızdan əl çəkmir. Avropa ölkələrindəki ikinci dalğa proqnozu isə həyatda qalmaq üçün daha bir müddət mübarizə aparmağımızı şərtləndirir. Nə olsun ki, Robinzon Kruzo kimi kimsəsiz adaya düşməmişik… 



“Sherg.az” saytı olaraq ikinci dalğa və və koronavirusun növbəti “oyunları” ilə bağlı Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın fikirlərini öyrəndik. 

-Avropa ölkələri artıq ikinci dalğanın gəldiyini deyirlər. Bu barədə nə düşünürsünüz?

-Bəli, ehtimal var. Çünki COVİD-19 asanlıqla mutasiyaya uğraya bilən virus ailəsinə aiddir. İkinci dalğa isə mutasiya ilə nəticələnir. Ümumiyyətlə, dalğa o deməkdir ki, virusun birinci periodu getdikcə zəifləyir və sonra yenidən güclənir. Bu, ikinci dalğa hesab olunur. Amma ikinci dalğa proqnozu o qədər də böyük təlaş yaratmamalıdır. Çünki virus mutasiyaya uğradıqca zəifləyir. 

-Vaksinlə bağlı müxtəlif iddialar səslənsə də, hələ dəqiq bir fakt yoxdur…

-Mən bu illüziyaya inanmıram. Vaksinə arxayın olmaq düzgün deyil. Peyvənd tapılsa belə, onun hansı effekt verəcəyini, nələrə səbəb ola biləcəyini heç kim bilmir. 

-Nə vaxtadək belə davam edəcək? 

-Əlbəttə, pandemiya bitənə qədər. Təxminlərimə görə, başlandığı aydan, yəni fevraldan etibarən 9-10 ay davam etməlidir. Sars, Mers kimi viruslar zamanında da bu cür olmuşdu. Odur ki, oktyabr, noyabr aylarında virusun tamamilə bitəcəyini düşünürəm. Ya məhv olacaq, ya da kütləvi immunitet yaranacaq. 

-Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

-İkinci dalğa bizim üçün də istisna deyil. Lakin ölkəmizdəki tendensiya dünyadakından fərqlidir. Belə ki, Avropada birinci dalğa bitəndən sonra ikincisi gəldi. Azərbaycanda hələ birinci dalğa yekunlaşmamış, yəni zəifləməmiş ikincisi qapını döyməkdədir.  

-Deməli, xüsusi karantin rejiminin yumşalmasına tələsməməliyik?

-Yumşalmaya kor-koranə getmək olmaz. Biz yumşalmağa hazırlıqsızıq. Yoluxanların sayının artması da məhz laqeydliyin nəticəsidir. Fikrimcə, sosial həyat əvvəlkitək davam etməli, əyləncə mərkəzlərinə, çimərliklərə getməyə icazə verilməlidir. Bir şərtlə ki, insanlar tibbi maska taxsın, sosial məsafəni gözləsinlər. Vətəndaşlarımızın çoxu polis görün kimi maska taxır, sonra isə çənələrinin altına salırlar.

Belə olmaz. ÜST pandemiyanın son zəngini çalana qədər karantin qaydalarına əməl etməliyik. Fəqət insanları evdə saxlamaq da düzgün deyil.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu