Tarixi qələbə ! - Azərbaycan qazı Avropada... 

“TAP qaz kəmərinin birləşdirilməsi Avropa üçün də sevindiricidir”

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin tikintisi çərçivəsinda son qaynaq işləri tamamlanıb. TAP konsorsiumundan verilən məlumata görə, kəmərin tikintisi çərçivəsində son borulararası tikişin qaynaq edilməsi tamamlanıb.

“Bu da o deməkdir ki, TANAP ilə İtaliyadakı qəbul terminalı arasında olan 878 kilometrlik hissə birləşdirilib. Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir mərhələdir”, - məlumatda qeyd edilir.

İyun ayının sonuna olan məlumata görə, TAP-ın inşasına başlanılandan bəri işlərin 96,4 faizi yekunlaşıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

 
 
Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Pərviz Heydərov Cənub Qaz Dəhlizinin əhəmiyyətini yüksək qiymətləndirib:

“Əslində bu ildən etibarən Azərbaycan qazı Avropaya axmalı idi. Sadəcə pandemiya işləri bir az gecikdirdi. Qeyd edim ki, bu layihə Bakı-Tiflis-Ceyhan layihəsindən sonra Cənubi Qafqazda həyata keçirilən ən böyük və əhəmiyyətli işlərdən  biridir. Bu, Azərbaycanın növbəti qələbəsidir. Biz öz inadkarlığımızla Azərbaycan qazının Avropaya axmasına nail olduq. Ölkəmiz yükün çox böyük bir hissəsini öz çiyinlərinə götürmüşdü”.

 P.Heydərovun fikrincə, TAP qaz kəmərinin birləşdirilməsi Avropa üçün də sevindiricidir:

“Avropanın mavi qaza ehtiyacı kifayət qədərdir. Ona görə də illərdir, Rusiyadan asılı vəziyyətdədir. Qabaqcıl dövlətlər bu asılılıqdan çıxmaqdan ötrü sözün əsl mənasında baş sındırırdı.

Azərbaycanın sözügedən təşəbbüsü isə onlar üçün “göydən düşmə” oldu. Avropanın ilk vaxtlar məsələyə real yanaşmadığını etiraf etməliyik.

Bu, Azərbaycan  qazının o qədər də çox olmaması və layihəyə külli miqdarda vəsaitin tələb edilməsi ilə bağlı idi. Ikinci bir tərəfdən isə Avropa Rusiyanın bu işə imkan yaradacağına inanmırdı. Lakin biz şimal qonşumuzu başa saldıq ki, onun üçün heç bir təhlükə yoxdur. Beləliklə, nəhayət, Azərbaycan qazı Avropaya çıxacaq. Bu, böyük qələbədir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu