Ciddi siqnal var ! - “Bakı ilə Ankara sıx siyasi əməkdaşlığa başlamalıdır” 

“Hər iki ölkənin vətəndaşları “tək millət” şüarı ilə meydanlara axın edir”

Azərbaycanın təhlükəsiz gələcəyi Türkiyə ilə daha sıx əməkdaşlıqdan keçir” 



Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın rəsmi Ankaranın Bakıya dəstəyindən danışıb. O bildirib ki, təhdid haradan gəlir-gəlsin, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək. Türkiyə Azərbaycanı daim dəstəkləyir.  O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı telefon danışığında da bunun vurğulandığını qeyd edib: 

“1992-ci ildən davam edən bir münaqişə var. Bunun təməlində isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dayanır. Burada işğalçı olan Ermənistandır. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk Qrupu adlı struktur var. Bu günə qədər həll yolu tapa bilməyib. Hər birinin siyasi hesabları var. Ermənistan-Azərbaycan sərhədində baş verənlər təhlükəlidir. Prezidentimizin yanaşması “biz Azərbaycanın yanındayıq”dan ibarətdir. Cənab Putinə də bunu açıq şəkildə çatdırdı. Orada “Azərbaycanın mülki hədəflərini vurarıq” açıqlamasını edən də Ermənistan tərəfidir. Hərbi təlim keçirən Rusiyadır. Bizim də Azərbaycanla təlimlərimiz olacaq”. 



Məsələyə dair “Sherg.az”a danışan “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi anlamına gəlir. Analitikin fikrincə, erməni-rus birləşmələri Tovuz- Qazax bölgəsini ələ keçirə bilsələr, bir sıra enerji layihələrində Türkiyənin maraqları zərbə görmüş olacaq: 

“Bu baxımdan yaranmış situasiyada Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı və Ankara mütləq daha sıx hərbi və siyasi əməkdaşlığa üstünlük verməlidirlər. Xatırladım ki, 2010-cu ilin sentyabrında "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə imzalanıb.

Ermənistanın Tovuz rayonuna hücumundan və Ermənistan – Rusiya arasında hərbi təlimlər başlayandan sonra Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha üzə çıxdı. 

Məlum olduğu kimi, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış "Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması" çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb. 

Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar. Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır”. 

A.Rəşidoğlu qeyd edib ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb:

 “Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir. Türkiyə Prezidenti Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana dəstək verməsi ölkəmiz üçün çox müsbət haldır”. 
Politoloqun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır: 

“Beynəlxalq vəziyyət olduqca təhlükəlidir. Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpkidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Əminəm ki, belə razılıq əldə olunub. Bu gün daha aktual olan Türkiyə - Azərbaycan - Gürcüstan hərbi blokunun yaradılması ideyasına da ciddi yanaşmaq lazımdır.

Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir. Bu baxımdan, Azərbaycanla imzalana biləcək daha sıx hərbi əməkdaşlıq barədə saziş maraqlarımıza daha çox cavab verir. Belə gedişat NATO-nun da maraqlarına cavab verir. Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün Türkiyəyə böyük rolların ayrılması ağlabatandır”. 

Analitik vurğulayıb ki, Bakı - Ankara - Tiflis hərbi koalisiyasının müzakirəsi belə Rusiyanın qıcıqığına səbəb olur:

 “Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır. Lakin Türkiyənin Rusiya əleyhinə sanksiyalarda iştirak edə biləcəyi ehtimalı Moskvanı tərəddüddə saxlayır. Türkiyə - Azərbaycan - Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqresivləşdirə bilər. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür.

Sazişə əsasən, Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilərsə, Türkiyə hərbiçiləri buna seyrçi qala bilməzlər. Prinsip etibarilə, Türkiyə ilə imzalanması gözlənilən saziş Qarabağın qaytarılma perspektivində də işıq yandırır. Bu baxımdan, şanlı Türkiyə Ordusu ölkəmizdə alqışlarla qarşılandı. Düşünürəm ki, Bakı və Ankara siyasi baxımdan da daha sıx əməkdaşlığa başlamalıdırlar.

Hər iki ölkənin vətəndaşları “tək millət” şüarı ilə meydanlara axın edir. Bu, artıq ciddi siqnaldır. Azərbaycanın təhlükəsiz gələcəyi Türkiyə ilə daha sıx əməkdaşlıqdan keçir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu