Hərbi üstünlüyümüz ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırıb


“Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı və dünya ölkələri ilə aparılan uğurlu siyasət öz nəticələrini verir”.

Bunu “Sherg.az”a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
Birlik rəhbəri bildirib ki, bu siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir: 
“Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam və etimad mövcuddur. Ordumuz hər birimizin qürur mənbəyidir. Ordunun döyüş ruhunun formalaşmasında cəmiyyətin ona inamı vacib faktorlardan biridir. Ordumuz dünya reytinqində 50-ci pillədə yer alır. Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan Ordusunun prioritet hədəflərindəndir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə qadirdir. Yaxın illərdə Azərbaycan ordusu bu gücə qadir olduğunu dəfələrlə sübuta yetirib. Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçıları olan minlərlə gəncimiz hər an silaha sarılıb düşmənə layiqli cavab verməyə qadirdir. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız döyüş yolu hər bir gəncimiz üçün məktəbdir. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi”.

C.Hüseynzadə vurğulayıb ki, aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaq: 

“Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. 2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.
Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.
Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük”.

QHT rəhbərinin sözlərinə görə, Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir: 

“Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alınır. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur edir. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanındadır, onlarla çiyin-çiyinə vuruşur. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir. Onların adlarının əbədiləşdirilməsi üçün tapşırıqlar verir. Prezident general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban xanım Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu