Qarabağ məsələsində  ön şərt irəli sürə biləcək yeganə tərəf varsa, o da yalnız Azərbaycan tərəfidir

"Ermənistanın avantürist Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir həftə bundan öncə 7 şərt irəli sürərkən yəqin ki, ənənəvi erməni riyakarlığından və hiyləgərliyindən çıxış edib".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının  (DADP) sədri Əlisahub Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, o düşünürmüş ki, bu şərtləri irəli sürməklə daxili auditoriyaya ünvanlı mesajlar vermiş olacaq və bu yolla erməni ictimaiyyətinin təzyiqlərindən qurtulacaq:

"Həm də beynəlxalq təşkilatların dəstəyini qazanacaq. Eyni zamanda da populistcəsinə öz reytinqini qorumaq imkanı əldə edəcək. Lakin böyük ehtimalla Paşinyan bu şərtləri irəli sürərkən, Azərbaycan Prezidenti İlham Əliyevin çox keçməmiş onun iç üzünü açıb, hiyləgər niyyətlərini faş edəcəyini yəqin ki, gözləmirmiş. Azərbaycanın dövlət başçısının Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı Paşinyanın 7 şərt hiyləsi ilə bağlı səsləndirdiyi fikirlər doğrudan da Ermənistan Baş nazirinin imicini və mövqelərini darmadağın etdi. Prezidentin bu sözləri həm Minsk qrupunun həmsədrlərinə, həm də birbaşa Ermənistan ictimaiyyətinə, erməni xalqına ünvanlanıb. Dövlət başçısı İlham Əliyev Ermənistan Baş nazirinin qeyri-konstruktivliyini və qeyri-adekvatlığını çox dəqiq şəkildə ifadə edib və həmsədrlərə göstərib ki, sülh danışıqları məhz Ermənistan rəhbərliyinin destruktiv, pozucu mövqeyi ucbatından dalana dirənib. Eyni zamanda İlham Əliyev erməni xalqına da şans yaradıb ki, Ermənistanı idarə edənlərin quldur, cinayətkar mahiyyətini yaxından görsün, tanısın".

Analitik bildirib ki, Prezidentin “Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi, indi isə Soros rejiminin girovudur” sözləri əslində erməni xalqı üçün SOS siqnalıdır:

"Bu həm də Ermənistanın son 20 illik dönəmdə gerçək ictimai-siyasi mənzərəsini ortaya qoyur. Prezident İlham Əliyev Ermənistanı idarə edən keçmiş və hazırki siyasi qüvvələrin kriminal və satqın mahiyyətini açıb ortaya qoymaqla erməni xalqına illüziyalarla yaşamamağı, özünü aldatmamağı tövsiyyə edir və birmənalı şəkildə başa salır ki, Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarının işğalına son qoymayınca, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Prezident erməni xalqına da, Nikol Paşinyana da konkret olaraq ismarıc göndərdi ki, “Dağlıq Qarabağ respublikası” adlı dövlət, ölkə yoxdur və biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq. Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Odur ki, nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Ölkə başçısı bir daha fürsətdən istifadə edib Ermənistan silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılmasını beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələb etdiyini bütün ermənilərin diqqətinə çatdırdı. Bunu həm də tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır".
Ə.Hüseynov qeyd edib ki, ermənilər Azərbaycan Prezidentinin bu qədər açıq mətnlə danışmasının məramı, məqsədi üzərində ciddi düşünəcəklər:
"Erməni xalqı başa düşməlidir ki, onu idarə edən siyasi rejimlər həmişə Qarabağ “kart”ından istifadə etməklə bütün erməniləri aldadır və eyni zamanda da erməni xalqının taleyini Qarabağ problemindən asılı vəziyyətdə saxlayırlar. Əgər erməni xalqı bundan sonra da acınacaqlı yaşayış tərzinin davam etməsini və erməni gənclərinin Qarabağda ölməsini istəmirsə müharibə canilərinin, siyasi quldurların və Sorosun nökərlərinin Ermənistanı idarə etməsinə son qoymalıdır. Ali Baş Komandanımız Ermənistanın Baş nazirinin irəli sürdüyü şərtlərin zibil vedrəsinə atılacaq kağız parçasından başqa bir şey olmadığını söyləməklə, əslində Paşinyana tərs şillə vurdu və həmin şərtlərin qarşısına Azərbaycan tərəfindən yalnız bir şərtin irəli sürüldüyünü bəyan etdi:
“Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər”.

Ekspert vurğulayıb ki, bununla da Prezident erməni xalqına və Ermənistanın Baş nazirinə başa saldı ki, Dağlıq Qarabağ məsələsində hər hansı bir ön şərt irəli sürə biləcək yeganə tərəf varsa, o da yalnız Azərbaycan tərəfidir:

"Ermənistan bizim qarşımızda şərt irəli sürə bilməz. Paşinyanın 7 şərtlə çıxış etməsi isə siyasi əllaməlikdən başqa bir şey deyil".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu