Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.

Bu barədə AZƏRTAC-a Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib.

Onun sözlərinə görə, ifadan əvvəl əsər haqqında məlumat verən Ruslan Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim edəcəyini bildirib. “Noktürn”ün gözəl qəlbəyatan musiqisi məşhur ifaçılar R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında xarici dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Ruslan Biryukov yüksək artistizmi, ehtirası və fərdiliyi ilə dünyada tanınmış istedadlı violonçel ifaçısıdır. O, təhsilinin təməlini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında, daha sonra isə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında alıb. Məktəb-studiyada oxuyarkən, o, beynəlxalq və respublika müsabiqə və festivallarda böyük rəğbət qazanıb, onun adı "Yeni adlar" Rusiya beynəlxalq proqramının "Qızıl kitabına" daxil edilib. Gənc yaşlarından Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edən Biryukov çox zaman onların ilk ifaçısı olub. Sonralar violonçel ifaçısı dünyada bir çox mükafatlar alıb. Hazırda Ruslan Biryukov Qlendeyl Filarmonik Orkestrin rəhbəri və Los-Ancelesdə Positive Motions konsertlər seriyasının bədii rəhbəridir. O, auditoriyanın diqqətini cəlb edən xarizmatik cazibəli ifaçı kimi qəbul olunur.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu