SİQNAL ! - “Beynəlxalq terror təşkilatlarının əksəriyyəti ermənilərə məxsusdur” – Düşmən təşkilatlanır 

“Bəlkə də, indi işdən azad edilən diaspor nümayəndələrinin yerinə, onlar təyin ediləcək”

“Ehtimal olunan və hətta olunmayan bütün variantları nəzərə almalıyıq”



Xarici ölkələrdə yaşayan soydaşlarımızın diaspor fəaliyyəti Ermənistan baş naziri Nikol Pşainyanı sözün əsl mənasında çaş-baş qoyub. Deyəsən, o, gözləmədiyi yerdən zərbə alıb. Təsadüfi deyil ki, Paşinyan Diasporla İş üzrə Komissarlıqda təmizləmələrə məcbur oldu. Baş nazir adıçəkilən qurumda  4 nəfərin vəzifəsini dəyişib və 10 məhsul işçini vəzifəsindən azad edib.

Nəticədə erməni lobbisinin gücü haqqında mif darmadağın edildi. Erməni lobbisi azərbaycanlıların vətəndaşlıq mövqeyi qarşısında aciz qaldı. Onsuz da çətin durumda olan Ermənistan hakimiyyətinin gələcək addımları, vəziyyətdən necə çıxacağı maraqlıdır. 

Bu barədə “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli təmizləmələrin mövcud boşluqlarla, məsuliyyətsizliklə bağlı olduğunu deyib: 

“Rəsmi məlumatlarda göstərilir ki, vəzifələrindən azad edilənlərin fəaliyyəti qeyri-effektiv idi və erməni lobbisi Azərbaycan diasporuna uduzurdu. Bu, həqiqətdir. Daha dərin məqamları üzə çıxarmaqdan ötrü isə hansı ölkələrdə kimlərin işdən çıxarıldığına diqqət etməliyik. Beynəlxalq kilsə departamentinin şöbə müdirinin vəzifəsindən çıxarılması kilsə ilə münasibətlərin pisləşdiyinin göstəricisidir. Belə qənaətə gəlmək olar ki, hakimiyyətlə kilsənin fəaliyyəti kooordinasiya olunmayıb. Həmçinin beynəlxalq təşkilatlardan, MDB məkanından da bir neçə səlahiyyətli şəxsin adı 14 nəfərlik həmin siyahıda olub. Yaxın Şərq üzrə diaspor rəhbəri də vəzifədən azad edilənlərdəndən biridir. Ümumiyyətlə, hansı sahədə səlahiyyətli şəxs işdən çıxarılıbsa, bu, həmin istiqamətlərdə, o cümlədən beynəlxalq və dini məsələlərlə məşğul olan qurumlarda problemlərin mövcudluğundan xəbər verir”. 

Ekspert Paşinyanın bu addımının nəyə hesabandığını da açıqlayıb:

 “Müxtəlif dünya ölkələrində ermənilərin törətdiyi qeyri-etik hərəkətlər, o cümlədən tirajlanan xəbərlər, yayılan informasiyalar Paşinyan hökumətini narahat etməkdədir. Baş verənlər Ermənistan hakimiyyətinin iç üzünü nümayiş etdirdi. Erməni diasporu soydaşlarımız qarşısında aciz qaldı. Ermənistanın bundan sonrakı planları buraxılmış səhvləri düzəltmək üzərində qurulacaq. Paşinyan yaxşı başa düşür ki, Tovuz döyüşləri onun imicinə əlavə zərbə oldu. Aprel döyüşlərindən sonra Ermənistan siyasi hakimiyyətində olanlar hər kəsə məlumdur. Əlbəttə, bunlar Paşinyanın da başına gələ bilər. Ona görə də o, xüsusilə xaricdəki diplomatların timsalında üzərinə düşən məsuliyyəti bölüşmək istəyir”. 
 
Ə.Əlibəylinin fikrincə, Azərbaycan Ermənistanın bütün həmlələrinə hazırlıqlı olmalıdır:

“Ermənistan hakimiyyəti ciddi təşkilatlanıb. Yerli bloqerlər, habelə Ermənistanın “beyin mərkəzləri” öz işlərini davam etdirirlər. Düzdür, indiki məqamda Azərbaycan düşmənə adekvat cavab verə bilir. Amma biz iki addım sonranı düşünməliyik. Nəzərə almaq lazımdır ki, indiki lokal döyüşlər gələcəkdə, yəni iki-üç il sonra da olacaq. Eyni zamanda tərəflər arasındakı kəmiyyət və keyfiyyət fərqini üzə çıxarmaqdan ötrü bütün vasitələrdən, o cümlədən diaspor fəaliyyətindən istifadə olunacaq. Biz bunu düşünməliyik. Dediyim kimi, ermənilərin resursları heç də az deyil.
Beynəlxalq terror təşkilatlarının xeylisi ermənilərə məxsusdur. Nə bilmək olar, bəlkə də, indi işdən azad edilənlərin yerinə, onlar təyin ediləcək. Ehtimal olunan və hətta olunmayan bütün variantları nəzərə almalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu