ƏDV nəşriyyatların BELİNİ “QIRIR”: “…Ləğv edilməlidir!”

“Mədəniyyət Nazirliyinin aidiyyəti şöbəsi və bu işə cavabdeh adamlar heç nə fikirləşməyiblər. Deyəsən, fikirləşmək də istəmirlər”

“Sadəcə ildə bir dəfə yarmarka, kitab təqdimatı keçirməklə işlərini bitmiş hesab edirlər. Bu isə çox acınacaqlı vəziyyətdir” 


Rumıniyanın paytaxtı Buxarestdə avtobusda kitab oxuyan sərnişinlər yol xərcindən azad edilir. Şübhəsiz ki, kitab və mütaliəyə marağın artması üçün belə layihələrin həyata keçirilməsi vacibdir. 
Zaman-zaman ölkəmizdə də oxşar işlər görülüb. Məqsəd gənclərin kitaba, mütaliəyə marağının artırılmasıdır. 
Maraqlıdır, görəsən belə bir təşəbbüsün ölkəmizdə reallaşması mümkündürmü və bu, gerçəkləşərsə, nə dərəcə effektiv olar. 

Tanınmış tərcüməçi, publisist Nəriman Əbdülrəhmanlı “Sherg.az”a açıqlamasında belə təşəbbüsün ölkəmizdə baş tutacağına inanmadığını deyib.
Onun sözlərinə görə, ilk növbədə bütün nəşriyyatların və kitab naşirlərinin belini “qıran” 18 faiz Əlavə Dəyər Vergisi (ƏSV) ləğv edilməlidir:

“Kitabın maya dəyəri aşağı düşməlidir. Nəticədə oxucular kitabı rahat və sərfəli qiymətə əldə edə bilərlər. İlk maneələrdən biri budur. Vaxtilə ölkəmizdə də müəyyən təşəbbüslər irəli sürülürdü. Metroda, parklarda kitab oxumaq üçün addımlar atılırdı.

Amma bu, şəxsi təşəbbüslə olanda maneələrə rast gəlinir. Belə işlər əsasən dövlət tərəfindən dəstəklənməlidir, dövlət bu işə xüsusi fikir verməlidir.

Təəssüf ki, Mədəniyyət Nazirliyimizin kitab nəşri, poliqrafiya və kitabxana işi ilə bağlı olan şöbəsi və bu işə cavabdeh adamlar heç nə fikirləşməyiblər. Deyəsən, fikirləşmək də istəmirlər.

Sadəcə ildə bir dəfə yarmarka, kitab təqdimatı keçirməklə işlərini bitmiş hesab edirlər. Bu isə çox acınacaqlı vəziyyətdir”. 

N.Əbdülrəhmanlı vurğulayıb ki, Mədəniyyət Nazirliyinin müəyyən təşəbbüsləri olmalıdır:

“Nazirlik Bakı Nəqliyyat Departamenti, ya da Nazirlər Kabineti qarşısında məsələ qaldırsa ki, ictimai nəqliyyatda kitab oxuyan adamlara güzəştlər olunsun, yəqin, bu öz həllini tapar.

Məncə, bunun üçün müəyyən formalar tapılmalıdır. Məsələn, Azərbaycanda nəşriyyatlar, naşirlər və oxucuların birliyini nümayiş  etdirən bir quruma ehtiyac var.

Həmin qurum kitabın təbliğinə dair vacib məsələlərə təkan verməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu