Çimərliklərin açılması doğru qərar deyildi

İnsanlar məsafəni necə saxlayacaq? Kim qoyulmuş qaydalara düzgün riayət edəcək? Buna kim nəzarət edəcək?


Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən etibarən müəyyən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verib.
“Şərq”ə açıqlama verən tanınmış hüquqşünas Tağı Hüseynovun sözlərinə görə, çimərliklərin açılması bu günləri gündəmdə olmayan bir mövzu idi: “Bu mənim həm subyektiv, həm də obyektiv fikrimdir.

Bu lazımsız bir qərar idi, çünki havalar bir qədər soyuyub. Deyərdim ki, heç kimdə çimərlik abu-havası yoxdur. Dövlətimiz tərəfindən aylardır ciddi tədbirlər görülürdü və müsbət dinamikada əldə olunmuşdu. Amma birdən-birə verilmiş bu qərar həqiqətən də düzgün olmayan qərar idi. Gəlin bir anlıq düşünək.

Çimərliklər açıldı. Sabahları hardasa 2-3 adamın etdiyi səhv ucbatından xəstəlik sayı kəskin artacaq. Hamımız çox yaxşı bilirik ki, çimərlik elə bir yerdir ki, hər kəs bir-birinə rahat toxuna bilir. Aydındır ki, maska ilə çimmək, dənizdə gəzmək mümkün deyil. Hamı günün altında istirahət etmək istəyəcək. Aylardı psixoloji vəziyyət keçirən insanların az da olsa oynamağa, əylənməyə haqqı var.

Bu zaman sual yaranır insanlar məsafəni necə saxlayacaq? Kim qoyulmuş qaydalara düzgün riayət edəcək? Buna kim nəzarət edəcək? Nəzarət sahildə yoxsa dənizin içində olacaq? İkimetrlik məsafələr açıq-aşkar aydındır ki, gözlənilməyəcək. Bunu heç bir formada nəzarətdə saxlamaq da mümkün olmayacaq.

Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin üzərinə həqiqətən də böyük öhdəliklər düşür. Amma düşünmürəm ki, bu vəzifələrinin öhdəsindən onlar layiqincə gələ bilsinlər” – deyə, hüquqşünas bildirib.

T.Hüseynov qeyd edib ki, dövlət müəyyən önləmləri alsa da, diqqət yetirsək yoluxanların əksəriyyətinin elə gigiyena qaydalarına riayət edənlərdir:

“Həkimlərin hətta özləri bütün qoyulan şərtlərə əməl etsələr də, elə özləri də bu virusdan qaça bilmirlər. Əslində çimərliyin açılması, amma digər yerlərin açılmaması bir-birinə zidd təşkil edir və çox məntiqsizdir. Çünki, başqa müəssisələrin açılmasından belə söhbət getmədi.

İndi insanlardan tələb olunan əsas vacib faktor gigiyena qaydalarına ciddi şəkildə əməl etmək və sosial məsafəni qəti şəkildə qorumaqdır. Çünki bu cür vacib faktorlara qətiyyətlə əməl edilməsə, dövlət tərəfindən indiyədək görülmüş bütün işlərin ciddiliyinə xələl gətirəcək. Vəziyyət dəyişərək yenidən pisləşəcək, yoluxma və ölüm sayları kəskin şəkildə artacaq. Bu qədər əzab və əziyyət hesabına yenidən müsbət dinamika əldə etdiyimiz halda, nəyə görə nailiyyətlərimizi heçə endirək?!”

Hüquqşünasın sözlərinə görə, bir vətəndaş kimi hər kəs dövlətin bütün səylərini nəzərə almalı, bunu başa düşməli və düzgün qiymətləndirməlidir:

“Dövlətimizin gördüyü bütün tədbirlərə anlayışla yanaşmalıyıq. Çimərliklərin açılmasına icazənin verilməsi heç də təhlükənin sovuşduğu anlamına gəlmir. Bu gün bizdən tələb olunan əsas məsələlərdən biri də çimərliklərdə səliqə-sahmanın qalmasına riayət etməkdir. Bunun da məsuliyyəti çimərliyə gedən insanların üzərinə düşür. Onlar buna ciddi şəkildə riayət etməlidir. Çalışmalıyıq ki, hər birimiz dövlətin indiyədək gördüyü bütün işləri qaralamayaq. Nəyisə qaralamaq heç kimə başucalığı gətirməyəcək. Dövlətimizin koronavirusla apardığı bu çətin dönəmində səfərbər olaq. Qoy ölkəmiz bu mübarizədən üzüağ çıxsın”.

Aynurə Pənahqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu