Şar üfləmək ağciyərləri bərpa edirmi?


Həkim-pulmoloq: “Koronavirus xəstəliyinə tutulanlar qəti şəkildə qarpız və yemişdən uzaq dursunlar”  


Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu olduğunu deyib. Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər.

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib. O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”. 

Rusiyalı pulmoloqun iddiası barədə “Şərq”ə açıqlama verən həkim-pulmoloq Nərminə Rəfiyeva bu fikirlərlə tam razılaşmadığını bildirib. O hesab edir ki, əksinə olaraq şar üfləmək ağciyərlərin açılmasına daha yaxşı köməklik edir:

“Təbii ki, xəstəliyin ilk günlərində bunu etmək düzgün üsul deyil. Çünki bu cür metod ilk xəstəlik anlarında zədələnmiş ağciyərlərin funksiyasını daha da ağırlaşmasına və yüklənməsinə səbəb olur. Amma bir-iki aydan sonra, hətta fibroz, yəni qalıq əlamətləri qalsa da, bunu etməyi bir həkim kimi məsləhət görürəm. Əslində bu cür metoddan istifadə ciyərlərin funksiyasını daha tez bərpa etməsinə yardımçı olur. Düzdür, koronavirusdan sağalanların ağciyərləri sağalma müddəti də fərqlidir. İnfeksiya səbəbindən insanlarda tənəffüs sisteminin işi ciddi şəkildə çətinləşir. Amma ağciyər toxumaları zamanla özlərini bərpa etmək qabiliyyətinə malikdir. Bu isə insanın orqanizminin yalnız fərdi xüsusiyyətlərindən çox asılıdır”.

N.Rəfiyeva açıq havada müntəzəm gəzməklə yanaşı fermentativ preparatlar vasitəsilə də ağciyərlərin bərpasının müsbət metod olduğunu diqqətə çatdırıb. O, həmçinin əlavə edib ki, koronavirus xəstələri qarpız və yemişdən qəti şəkildə istifadə etməsinlər:

“Yaxşı olardı ki, ağciyərlərin bərpası üçün bol-bol meyvə və tərəvəzlərdən istifadə etsinlər. Amma koronavirus xəstəliyinə tutulanlar qəti şəkildə qarpız və yemişdən uzaq dursunlar. Çünki onların tərkibində stereon kimyəvi maddələr var ki, onlar da ağciyərlərə çox ziyan edir. Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, bu səbəbdən 10 xəstədən 5-ində bu səbəbdən ciyərlərində kristallar qalır”.

Bir neçə ay öncə koronavirusdan tam sağalan Sənan Hüseynov "Şərq"ə verdiyi açıqlamada bildirib ki, həkimlər ona əvvəllər ağciyərlərin bərpası üçün bir çox metodlarla yanaşı şar üfləməyi də məsləhət görüblər:

“Həkimlər bu üsulu mənə məsləhət görəndə biraz gülməli gəldi. Əvvəllər bunu bir zarafat kimi başa düşdüm. Bu metodu həyata keçirdikcə onun çox ağrılı, çətin, dözülməz olduğunu gördüm. Amma 10 günlük müalicədən sonra tədricən ağciyərlərimdə yüngüllük hiss etməyə başladım”.  

Aynurə Pənahqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu