Düşmənin çöküşü...


Avropada Qarabağ sədası bu dəfə çox yüksəkdən eşidildi

Erməni lobbisi Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər

Dünya onların əsl simasını, saxtakar və yalançı obrazını aydın şəkildə gördü


İyulun ortalarında Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi növbəti təxribat səbəbindən  Azərbaycan diaspor təşkilatlarının göstərdiyi xüsusi fəallıq Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoyub.  
Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalan erməni lobbisi özünün mürtəce, vəhşi simasını ifşa etməyə başladı. Çünki onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər.
Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması da erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.
 Ciddi səylərə, xərclənən böyük pullara rəğmən, lobbinin ənənəvi olaraq ən güclü olduğu ABŞ-da belə o, fiaskoya tuş gəldi: Konqresin Nümayəndələr Palatası bu parlamentin tarixində Ermənistana qarşı ən sərt sənəd qəbul etdi, qonşu ölkə ilk dəfə Konqresdə işğalçı kimi damğalandı. Nikolun gizli “qərbçi” imici də kömək etmədi.

Azərbaycan diasporu Türkiyə diasporu ilə birgə dünyada getdikcə daha yaxşı toparlanmaqda və ermənilərin planlarını pozmaqdadır. Los-Ancelesdə, Avropanın bir sıra başqa şəhərlərində soydaşlarımızın keçirdiyi uğurlu etiraz aksiyaları buna bariz sübutdur. Ermənilər onlar üçün gözlənilməz olan bu fəallığı yalnız zorakı üsulla almağa çalışdılar ki, bununla özlərini bir az da rüsvay etdilər. Dünya onların əsl simasını, saxtakar və yalançı obrazını aydın şəkildə gördü.  

Milli Məclisin deputatı Vüqar İskəndərovun  "Şərq"ə açıqlamasına görə,  Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması baş nazirin “günah keçisi” axtardığından xəbər verir. Bu fakt eyni zamanda erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir:

“Təbii ki, burada da yenə Azərbaycan amili mühüm rol oynayır. Belə ki, iyulun 12-də işğalçı ölkənin növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması və bunun nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar”.

Deputatın sözlərinə görə, baş verənlər ermənilər üçün bir baxımdan da sarsıdıcı zərbə oldu:

“Bildiyiniz kimi, haqq-ədalətin təmin olunmasını, insan hüquqların müdafiəsini tələb edən xaricdəki soydaşlarımız erməni vəhşiliyinə tuş gəldilər. Bunu bütün dünya ictimaiyyəti də gördü. Bir sözlə, baş vermiş hadisələr, həmçinin xarici ölkələrdə Ermənistanın işğalçılıq siyasətinə etiraz edən azərbaycanlıların fəallığı fonunda erməni lobbisinin mürtəce, vəhşi siması ifşa olundu. Bu isə Ermənistanda şok effekti yaradıb. Erməni mətbuatının yazdığına görə, hazırda Ermənistan ictimaiyyəti Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir. Buna görə də Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı bir az səngitmək üçün Diaspor İşləri Komitəsinin şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi. Yeri gəlmişkən, İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata görə, Paşinyanın belə addım atmasına səbəb Diaspor Komitəsinin fəaliyyətinin qeyri-effektivliyi ilə bağlı olub".

Millət vəkilinin sözlərinə görə, Paşinyanı daha çox  erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə Azərbaycan diasporuna uduzması hiddətləndirib. Baş nazir həmçinin Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsindən də bərk qəzəblənib. Qəzet yazır ki, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib:

"Paşinyanın bundan əvvəlki addımları kimi, bu addımı da heç bir effekt verməyəcək. Görünən odur ki, Paşinyan bu təmizləmə əməliyyatı ilə diaspor sahəsində məsul vəzifələrdəki köhnələri qovub, onların yerinə daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin etmək iddiasındadır. Amma bu, heç bir müsbət effekt verməyəcək. Əvvəla ona görə ki, artıq bütün dünyada erməni diasporuna sinə gərən, hətta onu əzib keçən fəal, mütəşəkkil və yaxşı təşkilatlanmış Azərbaycan diasporu var. Digər bir tərəfdən Paşınyanın bundan əvvəlki sahələr üzrə verdiyi qərarlar kimi, diaspor ilə bağlı qərarları da ermənilər arasında cəbhələşməni, qarşıdurmanı daha da artıracaq”.

Millət vəkili Hikmət Babaoğlu isə hesab edir ki, bu uğursuzluq hərb və informasiya müstəvisində iflasa düçar olmuş Paşinyanı yeni addım atmağa vadar etdi və beləliklə, o, “çıxış yolu”nu Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparmaqda gördü: “Rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfərin işdən kənarlaşdırılması artıq erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını göstərməklə yanaşı, Ermənistan rəhbərliyinin siyasi isterika içində bütün inzibati resursları səfərbər etdiyini göstərir. İşğalçı ölkə mətbuatı da Paşinyanın psixoloji məğlubiyyət sindromundan əziyyət çəkdiyini, eyni zamanda, Ermənistan cəmiyyətinin narazılığı nisbətən azaltmaq üçün Diaspor Komitəsinin şöbə müdirlərini günahkar kimi təqdim etdiyini yazır”.

İrəvanda nəşr olunan “Past” qəzetinin yaydığı məlumata istinad edən millət vəkilinin sözlərinə görə, erməni lobbisinin Azərbaycan diasporuna uduzması həm Paşinyanı, həm də bu ölkə ictimaiyyətini qəzəbləndirib, narazılıqlar getdikcə artmaqdadır:

“Hətta hakimiyyət daxilində ziddiyyətlər konfrantasiya səviyyəsinə çatıb. Belə ki, Paşinyan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyanla ciddi mübahisə edərək onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.
Beləliklə, işğalçı ölkədə həm hakimiyyət dairələri erməni lobbisinin Azərbaycan diasporu qarşısında aciz və məğlub duruma düşməsindən ciddi narahatdırlar. Paşinyan isə manevrlərlə həm diqqəti yayındırmağa, həm də məğlubiyyətin “günahkarlar”ını cəzalandırmağa çalışır. Bütövlükdə, Ermənistan total şəkildə informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayır.
Məğlubiyyət sindromu isə hakimiyyət böhranını dərinləşdirməklə yanaşı, Paşinyana qarşı ictimai-siyasi narazılıqların artmasını və yeni etiraz dalğasının meydana çıxmasını şərtləndirir”.

“Baş nazir kürsüsündə oturandan bu günə kimi Ermənistan üçün heç bir real iş görməyən, əksinə, onsuz da çətin durumda olan işğalçı ölkəni yarıtmaz fəaliyyəti ilə daha da çıxılmaz dalana salan Paşınyan üçün daha bir zərbə də diaspordan gəlib. Görünən odur ki, diqqəti Ermənistanın daxilindəki gərginlikdən yayındırmaq məqsədi ilə cəbhədə təxribat törətmək üçün verdiyi tapşırıq da Paşınyanın əleyhinə işləyib. Yəni, təkcə ön cəbhədə deyil, bütün cəbhələrdə Azərbaycandan və azərbaycanlılardan sarsıdıcı zərbələr alan Paşınyan hazırda isterik vəziyyətdədir. Bunu onun diasporla bağlı qəbul etdiyi son qərarlar da təsdiqləyir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da son vaxtlar Azərbaycan diaspor təşkilatlarının mütəşəkkil fəallığının Ermənistanı və erməni lobbisini ciddi sınaq qarşısında qoyduğunu deyib. 

Politoloq təcavüzə məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların kobudcasına pozulmuş hüquqlarının müdafiəsini tələb edən soydaşlarımızın növbəti dəfə erməni vəhşiliyinin şahidi olduğunu deyib. Onun sözlərinə görə, baş vermiş hadisələr, azərbaycanlıların birgə fəallığı erməni lobbisinin vəhşi və terrorçu simasını bir daha ifşa etdi və bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi:

"Bu hadisələrdən sonra siyasi, sosial-iqtisadi, demoqrafik böhranın içərisində çabalayan və iki stulda oturmaq taktikasını seçən, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın baş nazirinin diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir. Faktiki olaraq erməni lobbisi xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diaspor təşkilatları və icmaları qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər. 

Bu isə "lobbi”çilik adı ilə uzun illər anti-Azərbaycan və anti-türk "fəaliyyət”ləri ilə terroru əsas prinsip kimi qəbul edən xaricdəki erməni icmaları və terror qruplarının imicinə ciddi zərbədir.  Əvvəllər heç vaxt belə hallarla qarşılaşmamış "güclü erməni lobbisi” bu dəfə "məzlum ermənilər” adı ilə manipulyasiya edərək dünyanı aldadıb istəklərinə nail ola bilmədilər".

E.Əhmədovun qənaətincə,  Azərbaycanı müdafiə məqsədilə diaspor təşkilatlarımız və icmalarımızın dünyanın müxtəlif ölkələrində tədbirlərinin əlaqələndirilmiş şəkildə keçirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü fəaliyyətin nəticəsi kimi də qiymətləndirilməlidir:

"Bildiyiniz kimi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulub. Mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Komitənin son 2 ildə gördüyü fəaliyyətin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməsi istiqamətində Azərbaycan dövlətinin apardığı böyük işlərə mühüm töhfədir".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu