Valideynlər narazılıqlarında haqlıdırlar

Dövlət İmtahan Mərkəzinə qarşı petisiya təşkil olunub

DİM səbəb gətirir ki, suallar tədris proqramına, dərsliklərə uyğundur. Tədris proqramından, dərsliklərdən kənar suallar tərtib edilməyib. Bunu anladıq. Bəs DİM niyə nəzərə almır ki, 5 aydır uşaqlar normal dərs keçmir?


Dövlət İmtahan Mərkəzindən narazı valideynlər petisiya təşkil edib. Narazılığa səbəb sonuncu buraxılış imtahanlarında test tapşırıqlarının çox çətin olması ilə bağlıdır. Ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının sonuncusu 30 iyul tarixində keçirildi. İmtahandan çıxan şagirdlər sualların çətin olması, xüsusilə də riyaziyyat fənni üzrə bir test tapşırığı üzərində 15 dəqiqəyə yaxın çalışmalı olduqlarını anladırdı.

Hətta fənn müəllimləri də imtahansonrası test tapşırıqları ilə tanış olduqda sualların ağırlığını etiraf edirdi. Belə vəziyyətdə valideynlər DİM-ə qarşı petisiya təşkil etdilər. Son bir neçə gündə petisiyaya imza atanların sayı 3 minə yaxınlaşıb və proses hələ də davam edir. 
Valideynlər və şagirdlər narazılıqlarında nə dərəcədə haqlıdır?

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin sədri Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, şagird və valideynlərin narazılığı əsassız deyil: 

- Petisiyadan xəbərdaram. Petisiyada iştirak edənlərin çoxu xüsusi liseylərdə (Z.Əliyeva adın lisey, “Avropa” liseyi) təhsil almış şagirdlərin valideynləridir. Yəni, burada təcrübəli, təhsilli kontingentdən söhbət gedir. Hesab edirəm ki, valideynlər narazılıqlarında haqlıdır. Dövlət İmtahan Mərkəzinin yanlışı nədədir? Normal olmayan şəraitdə normal imtahan keçirmək istəyində. DİM səbəb gətirir ki, suallar tədris proqramına, dərsliklərə uyğundur. Tədris proqramından, dərsliklərdən kənar suallar tərtib edilməyib.

Bunu anladıq. Bəs DİM niyə nəzərə almır ki, 5 aydır uşaqlar normal dərs keçmir? Onlayn dərslər, zoom proqramı... bunlar hamısı baş aldatmaqdan başqa bir şey deyil. Dərslər mart ayından dayanıb. Arada uzun bir fasilə yaranıb. Karantin şərtləri, həyəcan, stres, məktəbdən, normal tədris mühitindən uzaqlaşmaq, bunlar hamısı şagirdlərin həm bilik səviyyəsinə, həm də psixoloji durumuna mənfi təsir edir. Adi qaydada imtahan verib 300 bal toplamış şagirdi bircə həftə sonra yenidən imtahan edin, o, həmin nəticəni göstərə bilməyəcək. Hətta imtahanlarda 295-297 bal toplayan şagirdlər də 200-220 bal toplayır.

Zaman uzandıqca göstəricilər aşağı düşür. Amma burda 5 aylıq bir zaman fasiləsindən danışırıq. Normal tədris şərtləri olmayan şəraitdə həmişəki qaydada - normal imtahan keçirmək doğru sayıla bilməz. DİM bir cavabı əzbərləyib: suallar tədris proqramına uyğundur. Axı məktəb yoxdu, dərs yoxdu. Bəsdirin də!.. Uşaq tədris proqramını harda mənimsəsin? Baxın, hətta iyunun 10-u imtahan verənlər arasında maksimum bal toplayanlar vardı, iyulun 30-u isə bu göstərici təkrarlanmadı. Deməli, aradakı zaman fərqi şagirdlərin bilik səviyyəsinə mənfi təsir göstərir. Deməli, DİM 5 aylıq fasiləni də, şagirdlərin 1 ay fərqilə imtahan verəcəyini də nəzərə almalıydı. DİM-in vəzifəsi ədaləti bərpa etməkdir. Amma görürük ki, ədalət prinsipi gözlənilmir. K.Əsədov qeyd etdi ki, mövcud vəziyyət DİM-in imicini zədələyir və onun müqəddəratını sual altında qoyur: 

- Qəbul imtahanlarında da eyni proses təkrar olunacaqsa, DİM-in müqəddəratı sual altına düşə bilər. DİM pandemiya dövrünün reallıqlarını nəzərə alıb qəbul imtahanlarının formatında dəyişiklik etməlidir. Əks halda, qəbul imtahanları daha da çətin olacaq. Yenə çətin, ağır test tapşırıqları olacaq. Bu isə abituriyentlərə qarşı ədalətsizlikdir. 

Bəs petisiya vəziyyəti müsbətə dəyişə bilərmi? 

K.Əsədov qeyd etdi ki, petisiya geniş ictimai dəstək qazanacağı təqdirdə DİM-in qərarlarına yenidən baxması təmin edilə bilər: 

- İctimai narazılıq təsirsiz ötüşməyəcək. Petisiyanın əhatə dairəsini genişləndirmək gərəkdir. Belə olarsa, bəlkə DİM qərarlarına yenidən baxar. Əks halda abituriyentlər üçün çox çətin olacaq. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu