Təcili başlamaq lazımdır

Özəlləşdirmə ilə bağlı keyfiyyətli mexanizmlər hazırlanmalıdır

Elə etməliyik ki, yenidən böhranla üzləşməyək. Dünyada iqtisadi böhran yarandıqda isə biz buna hazırlıqlı olaq

"O zaman hökumət qarşısına qoyulan tapşırıqlardan biri də bu idi ki, iqtisadiyyatın sürətli inkişafını təmin etmək, qlobal böhrandan ziyan çəkməmək üçün bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxılsın. O vaxtdan 4 il keçib, 4 ildə bu məsələ havadan asılı qalıb"



Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə kömək edəcək. Nəticədə bir sıra dövlət müəssisələrinin özəlləşdiriləcəyi gözlənilir. 

Xatırladaq ki, hələ pandemiyanın ilk aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AYİB-nin prezidenti Suma Çakrabarti ilə video-görüş keçirmişdi və bu məsələ də müzakirə edilmişdi. AYİB prezidenti qeyd etmişdi ki, növbəti ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirlər: “Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Biz dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə həqiqətən kömək etmək istərdik. Biz, həmçinin Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, qeyd etmək istəyirəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankı olaraq, biz, - bilmirəm Azərbaycan dilində də bu kəlam varmı?, - “İşləri məcrasına salmaq” istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez baş versin. Fikrimcə, Azərbaycana gəldikdə, vəziyyət daha yaxşıdır, çünki birinci rübdə artım müşahidə olunub. Lakin biz yalnız bununla arxayınlaşmamalıyıq. Biz hökumətin səylərini və özəl sektorla işi çox fəallaşdırmalıyıq ki, Azərbaycanda bu, baş versin. Bunu da edəcəyik”.

Prezident İlham Əliyev isə bildirmişdi ki, iqtisadiyyat naziri bu məsələ üzərində çalışır:

"Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz əslində buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq".
Dövlət müəssisələrinin özəlləşdirilməsi hansı zərurətdən doğur? 

İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında zərurətin qarşıdakı mümkün böhrandan ziyansız və ya az ziyanla çıxmaq olduğunu dedi: 

- Bu, ikinci dəfədir ki, Prezident dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsini qaldırır. Yadınıza salım ki, Prezident 2016-cı ilin yanvarında keçirdiyi müşavirədə dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsini gündəmə gətirmişdi. 2014-15-ci illərdə neft qiymətlərinin düşməsi böhranı yaşandı. O zaman hökumət qarşısına qoyulan tapşırıqlardan biri də bu idi ki, iqtisadiyyatın sürətli inkişafını təmin etmək, qlobal böhrandan ziyan çəkməmək üçün bəzi dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinə baxılsın. O vaxtdan 4 il keçib, 4 ildə bu məsələ havadan asılı qalıb. İndi bu məsələnin gündəmə gəlməsi qeyri-adi deyil.

Çünki dünya yaşanacaq iqtisadi böhrandan çəkinir. Pandemiya bütün dünya dövlətlərini zəif saldı. Amma görünən həm də budur ki, hökumətin əlində konkret yanaşma mexanizmi, nəyi özəlləşləşdirmək lazımdır, konkret fikir yoxdur. Prezident də məsələni artıq qəti qoyur ki, növbəti özəlləşdirməyə gedilməlidir. Bizdə bir çox qapalı, açıq səhmdar cəmiyyətlər var. Onlarda, düzdür, dövlətin də payı var, amma onların demək olar, hamısı dövlət büdcəsindən vəsait alır, xarici maliyyə qurumları hesabına da kreditlər alırlar. Amma dövlət büdcəsinə gəlir gətirmirlər. Onlar dövlətə bir yükdür. Hamısı kifayət qədər böyük qurumlardır. Dövlət onlara maliyyə resursları ayırmaqla xeyli vəsait xərcləyir. Əvəzində heç nə almır. Halbuki onlara ayrılan vəsaitlər sosial ehtiyaclara yönləndirilə bilər. “Azərişıq”dı, “Azərsu”du, dəmir yollarıdı, metrodu və sairə. Bunlar həmişə “ağlayırlar” ki, dövlət büdcəsindən ayrılan dotasiya çatmır, yetərli deyil.

Halbuki özlərinin kifayət qədər gəlirləri olur. Gəlir əldə edə bilməyən, necə deyərlər, özündən küssün. Onlar işlərini düzgün qursalar, özlərini maliyyələşdirə bilər, dövlət büdcəsinə də milyonlarla vəsait ödəyərlər. Çıxış yolu nədir? Beynəlxalq maliyyə qurumlarının iştirakı ilə bu dövlət müəssisələrini satışa çıxarmaq. Yadınızdadır, “Barmek” paylayıcı şirkəti? Bəli, sonra məlum oldu ki, onlar necə “işləyib”, amma bu bir təcrübə idi. Belə etmək olar.

Məsələn, nəyə görə “Azərişıq”ın müəyyən hissəsini xarici maliyyə qurumlarına verməyək? O zaman “Barmek” əvəzinə Almaniyanın “Siemens” şirkətinə, yaxud Avropanın hansısa şirkətinə üstünlük verilsəydi, yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəkdik. O cür yeyinti, korrupsiya halları da olmayacaqdı. Yəni, xarici maliyyə qurumlarını düzgün seçmək lazımdır. 

P.Heydərov qeyd etdi ki, ölkə iqtisadiyyatının dayanıqlığı təmin edilməlidir. Dövlət hesabına fəaliyyət göstərən qurumlar gəlir gətirən sahələrə çevrilməlidir: 

- Bunun üçün də özəlləşdirmə ilə bağlı keyfiyyətli mexanizmlər hazırlanmalıdır. Həm də təcili surətdə. Elə etməliyik ki, yenidən böhranla üzləşməyək. Dünyada iqtisadi böhran yarandıqda isə biz buna hazırlıqlı olaq.       

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu