"Operativ Qərargah yumşalmadan sonra ehtiyatlanır"

Adil Qeybulla: "Çimərliklərdə xüsusi təhlükə yoxdur"

Avqustun 5-dən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Çimərliklərin iş prinsipindən danışan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev xüsusi bir qayda olmadığını deyib. Onun sözlərinə görə, yeganə qayda insanların çimərliklərdən yalnız səhər saat 08:00-dan axşam 21:00-dək istifadəsi  ilə bağlıdır. 

Operativ Qərargahın sözügedən qərarını şərh edən professor, tibb eksperti Adil Qeybulla  bir qrup alim tərəfindən Operativ Qərargaha təqdim olunan təkliflərdə ardıcıllığı gözləmək şərti ilə  karantinin necə yumşaldılmasının öz əksini tapdığını xatırladıb: "Bizim istəyimiz karantin rejiminin ləğv edilməsi və karantin davranışlarının sərtləşdirilməsinə nail olmaq idi. Bu yolla həm sosial həyatı bərpa etmək, həm də insanların sağlamlığını qorumaq mümkün idi. Lakin Operativ Qərargah sərt karantin rejiminin mərhələli yolla sərtləşdirilməsini seçdi. Avqustun 31-dən sonra hansı qərarı verəcəklər bilmirəm. Operativ Qərargah may ayında olan yumsalmadan sonra ehtiyatlanır. Görünür, hissə-hissə yumşalmalar olacaq". 

Bütün bunlara rəğmən çimərliyin açılmasını  müsbət dəyərləndirən professor hesab edir ki, uzun müəddət evdə qalmaqdan insanların  immun sistemi zəifləyib. Ən azından dəniz və günəş sayəsində əldə olunan  D vitamini onlara virusla müqavimət göstərmək imkanı yaradacaq". 

 A.Qeybullanın sözlərinə görə, bəzi çimərliklərin insanları ailəvi, bəzilərinin isə tək-tək qəbul etməsi daha məqsədəuyğun olar:

"Həmçinin çimərliklər müəyyən təlimatlar əsasında fəaliyyət göstərməlidir. Bilirik ki, çimərliklərin əksəriyyəti özəldir. Təlimatların başlıca göstəricisi ondan ibarət olmalıdır ki, çimərliklər insanları öz sahəsinə uyğun qəbul etsinlər. Bu məsələ sosial məsafənin gözlənilməsi baxımından aktualdır. Çünki insanlar dənizə girib çıxır, sahildə otururlar. İnsanlar dənizə ya ailəvi, ya da tək gedir. Bundan asılı olaraq bəzi müəyyənləşmələr aparılmalıdır. Yaxşı olardı ki, istirahətə gələnləri bəzi çimərliklər yalnız ailəvi, bəziləri isə tək-tək qəbul etsin. Çünki çimərliyin sahəsindən asılı olaraq insanlar sosial məsafəni gözləməlidirlər. Buna əsas prinsip kimi riayət olunmalıdır. Çimərliklərdə dezinfeksiyaedici məhlullardan istifadə də yaxşı olardı. Açıq havada oturan və ya uzanan halda mümkün qədər bir-birilə məsafə saxlamaq məqsədəuyğundur. Çimərliklərdə xüsusi təhlükə yoxdur”.

Həftə sonu ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulduğunu xatırladan professor  deyib ki, belə olan halda insanlar cimərliyə necə gedəcək? Kasıb adamlardır, bunlar nəzərə alınmayıb:

"Həftə sonu ictimai nəqliyyatın hərəkəti qadağan olunub, çox adamın da şəxsi avtomobili yoxdur. Buna görə çimərliklərə gediş-gəliş məsələsi nəzərə alınmalı idi. İnsanların çoxu günəmuzd işləyir. Onlar adi günlərdə nəyləsə məşğul olurlar, amma sonra?! Həftə sonunda çimərliyə necə getsinlər?! Məlumdur ki, çimərliyə piyada getmək mümkün deyil. Bəzi nüanslar diqqətdən qaçıb".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu