Ermənistanda repressiyalar güclənir

Paşinyan hakimiyyətini qorumaq üçün ən sərt addımlara əl atır


Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə yeni iqtidara qarşı da dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq baş nazir üçün ciddi çətinliklər yaradır.
Görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Ona qarşı çıxan qüvvələr indi sərt şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər.
Baş nazir isə hakimiyyətini möhkəmləndirmək üçün komandasında yer alanları vəzifəsindən uzaqlaşdıraraq onların birləşməsinin qarşısını almaq və bununla da məqsədlərinə nail olmaq niyyətindədir.

Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Hayrenik” partiyasının sədri, qurumun keçmiş rəisi Artur Vanetsyana qarşı qanunsuz silah saxlama maddəsilə cinayət işi açıb.

Ermənistan MTX-nin silah şöbəsinin rəisi Artak Torosyan saxlanılaraq, ondan sabiq MTX rəisi və müxalif  “Hayrenik” partiyasının sədri Artur Vanetsyana qarşı yalan şahidlik etməsi tələb edilib.   Erməni mətbuatında yer alan məlumatlara görə, A.Vanetsyan qanunsuz silah saxlamaqda ittiham olunsa da, həmin silah MTX anbarında tapılıb.

Vanetsyan bunu siyasi fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, müxalifətdə yer alması Paşinyan hökumətinin ürəyincə deyil.
Politoloq  İlyas Hüseynovun "Şərq"ə açıqlamasına görə,  son 8 ay ərzində fəal siyasi fəaliyyətini dayandırmaq üçün hakimiyyətin  ona qarşı cinayət təqibini hər vasitə ilə həyata keçirdiyini bəyan edib: 

"Təxminən yarım saat MTX binasında qaldıqdan sonra Artur Vanetsyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, ona qarşı hazırlanan işdə heç bir prosedur statusu olmadığına görə MTX-yə gəlmək öhdəliyinin də olmadığını, ancaq bu quruma hörməti olduğuna görə buraya gəlib. 
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara əl atır.

Bu yaxınlarda MTX-nin keçmiş direktoru, hazırda yeni yaradılan “Vətən” partiyasına rəhbərlik edən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” siyasi partiyalarının nümayəndələri ilə görüş keçirib. Onun Ermənistanın keçmiş prezidentləri ilə görüşləri də istisna edilmir. Artur Vanetsyan hakimiyyətə qarşı ciddi qüvvə hesab olunur və Nikolun keçmiş MTX direktoruna qarşı repressiv addımları başadüşüləndir. 

Qeyd etmək istəyirəm ki, “Azatutyun” radiosunun müxbiri Robert Koçaryanla görüşüb-görüşmədiyini soruşduqda, Artur Vanetsyan belə cavab verib: “Bu məlumat artıq təkzib edilib, amma istisna etmirəm ki, yaxın gələcəkdə bütün siyasi qüvvələr, ayrı-ayrı şəxslər, Koçaryan, Serj Sarkisyan, həm də Levon Ter-Petrosyan daxil olmaqla müxtəlif görüşlər təşkil olunacaq".

Paradoks ondan ibarətdir ki, Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin direktoru olduğu dövrdə korrupsiyada və ölkəni talan etməkdə günahlandırdığı Koçaryan və Sarkisyanla koalisiya qurmağa cəhd edir. Qeyd edək ki, siyasi proseslər bütün siyasi qüvvələr və siyasi həyatda iştirak edən insanlarla görüşlər deməkdir. Marqarita Semonyanın təbirincə desək, görünür, Nikol Paşinyanın ani hakimiyyətini devirmək üçün MTX-nin keçmiş direktoru Artur Vanetsyan da hər bir siyasi qüvvəni yanında görməyə can atır". 

Artur Vanetsyana qarşı qondarma cinayət işinin hüquq müdafiəçilərinin diqqətində olduğunu vurğulayan politoloq hesab edir ki, Paşinyan ona müxalif olan şəxsləri şərləyib zərərsizləşdirməklə öz hakimiyyətini qoruyub saxlamaqda davam edir:

"Əhali arasında da Nikol Paşinyana qarşı narazılıqlar artmaqda davam edir. Lakin beynəlxalq miqyasda Paşinyana qarşı hər hansı çağırışların edilməsini müşahidə etmirik". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu