Deputatdan haqlı İRAD: "Vətəndaşı evə qapatmışıq və onlara heç bir vəd vermirik"

“190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir, bunu heç bir halda kəsmək olmaz”
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkilinin sözlərinə görə, pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir:

“Neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir. Büdcəyə daxil olan vergi gəlirlərinin, gömrük rüsumlarının azalması da xərclərin artırılmasını zəruri edən şərtlərdəndir. Bütövlükdə büdcədə zəruri prioritet sahələri dəqiqləşdirməliyik. İlk növbədə müdafiə xərclərinin artırılması yönündə addımlar atılmalı, ikincisi isə vətəndaşların vəziyyəti prioritet kimi götürülməlidir. Bu gün Azərbaycan vətəndaşının və sahibkarların vəziyyəti çox çətindir. Burada hökuməti günahlandırmıram. Azərbaycan sahibkarının tam çökməməsi üçün xərclər hissəsində əhəmiyyətli ayırmalar nəzərdə tutulmalıdır”. 

Deputat vurğulayıb ki, vətəndaşlara 190 manatın verilməsi məsələsi zəruri addım idi: 

“Vəsait o qədər çox olmasa da, cəmiyyət bunu anlayışla qarşıladı. Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara heç bir vəd vermirik. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. 190 manat elə dərmana, maskaya, spirtə gedir. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu