Yol nişanları ilə bağlı problemlər bitmir ! – Qanunsuz cərimələr...

 “Sürücü niyə haqsız yerə cərimələnməlidir ki?!”

“Yol nişanları ilə bağlı yanlışlara görə, sürücü yox, həmin işi görənlər cərimələnməlidirlər”

“Sürücülər isə hüquqlarını bilməli, lazım gələndə məhkəməyə üz tutmalıdırlar”


Paytaxtın Həsənoğlu küçəsində yol nişanları ilə bağlı problemlər var. Şikayət edən sürücülər bildirib ki, yol polisi sürücülərə qanunsuz cərimə tətbiq edir. Belə ki, yolun sağında 4.1.1 (məcburi düzünə hərəkət) nişanı quraşdırılıb. Təxminən 50-70 metr irəlidə qoşa xətt hər iki tərəfdən pozulub və 1.9 nişanı yaranıb. Bu isə sürücülərə sola dönməyə imkan verir.

Qanunla qoşa xətt olduğu halda 4.1.1 nişanının qoyulması həmin yolda artıqdır və o nişan ordan götürülməlidir. Eyni zamanda, bu yolda 1.9 nişanlanma xətti də olmamalıdır. Bu halda sürücülərə cərimə yazıla bilməz. Çünki sürücü nişanlar arasında ziddiyyətlər olduğu halda istədiyini seçə bilər. Qeyd edək ki, yol polisi cərimə yazmazdan əvvəl yolda səhv quraşdırılmış 4.1.1 nişanını çıxarmalı və standarta uyğun olmayan 1.9 reversiz hərəkət zolağını 1.3 qoşa xətlə əvəz etməlidir. 



Ancaq nə qədər danışsaq da, belə hallar az deyil. Ona görə də bir çox hallarda sürücülər haqsız yerə cərimələnirlər. 
 Bu barədə “Sherg.az”a danışan nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlının sözlərinə görə, analoji hallarda sürücülərin cərimələnməsi qanunsuzdur:

 “Belə məqamlar var. Məsələ zaman-zaman ictimailəşdirilsə də, bir çox hallarda sürücülər yenə cərimə ödəməyə məcbur qalırlar. Halbuki belə bir hal qanunda yoxdur. Qanunda, həmçinin göstərilir ki, yol hərəkətinin təşkilini həyata keçirə zaman edilmiş səhvə görə vətəndaşa dəymiş ziyanı həmin qurum daşımalıdır.
Məhz bu nöqteyi - nəzərdən sürücü yox, həmin işi görənlər cərimələnməlidirlər. Sürücülər isə hüquqlarını bilməli, lazım gələndə məhkəməyə üz tutmalıdırlar. Yəqin ki, hakimiyyətin bu qolu  onların şikayətlərini təmin edəcək”.

E. Muradlı, həmçinin müvafiq qurumları məsuliyyətli olmağa çağırıb:

“Əvvəla, belə hallar olmamalıdır. Varsa da, mövcud qüsur vaxtında aradan qalxmalıdır. DYP və BNA isə bu kimi məqamlara həssas münasibət göstərməlidirlər. Sürücü niyə haqsız yerə cərimələnməlidir ki?!”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu