Fars siyasəti faş olur

Rusiya kimi İran da ikibaşlı oyun oynayır

İrəvan hökuməti Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən ciddi narahatlıq duyduğunu gizlətmir və Ankara-Bakı hərbi əməkdaşlığına qarşı addımlar atır. Məhz bu məqsədlə Ermənistan müdafiə naziri David Tonoyan Ermənistanda yerləşən Rusiya, Yunanıstan, İran və Livan səfirləri ilə görüşərək, Türkiyənin hərbi təlimlərdə iştirakını müzakirə edib.

İran səfiri və hərbi ataşenin nazirlə görüşü, eyni zamanda İranın buna razılıq verməsi rəsmi Tehranın ikibaşlı siyasətindən xəbər verir. Halbuki, İran Tovuz təxribatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi. Görünür, Tehran bizə bir söz, Ermənistana isə başqa söz deyir. 

Düşmən ölkənin təşvişini “Şərq”ə analiz edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Tehranın addımları Azərbaycanın maraqlarına cavab vermir. Siyasi icmalçının fikrincə, Tonoyan elə ölkələrin səfirləri görüşüb ki, həmin ölkələr bilavistə Türkiyə və Azərbaycana qarşıdır. İran da bu sırada yer alır:

“Reallıq odur ki, artıq İrəvan hökuməti öz himayədarlarından istədiyi dəstəyi ala bilmir. Ermənistanın əksər addımları nəticəsiz başa çatır. Əslində, Rusiya öz maraqları çərçivəsində İrəvana arxa çıxır. Ermənistan siyasi rəhbərliyinin anti-Rusiya siyasəti həyata keçirməsinə baxmayaraq, Rusiyanın hərbi elitası Ermənistan silahlı qüvvələrinə dəstəyini davam etdirir.

Əlbəttə, Rusiya bunu öz geosiyasi maraqlarından ötrü edir. Tovuz hərbi təcavüzündə Azərbaycanın hərbi hava qüvvələrinə daxil olan pilotsuz uçan aparatlar birbaşa Ermənistanın daxilində əməliyyat aparırdı.

Bu bir daha göstərdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sıradan bir üzvüdür. Ona real dəstək verilmir. Halbuki, KTMT üzvləri arasında hava hücumundan müdafiə müqaviləsi var. Ancaq müqavilənin həmin bəndləri Ermənistanla bağlı məsələdə icra edilmir”.

Politoloq vurğulayıb ki, Tovuz təxribatından sonra Paşinyan Rusiyaya qarşı isteriyanı davam etdirəcək və çalışacaq ki, vətəndaş cəmiyyətində anti-Rusiya ovqatını artırsın:

“Baş verənlər Rusiyada ciddi təhlil edilir və Ermənistan rəhbərliyinin cəzalandırılması, yaxud ölkədən çıxmaq planı reallaşa bilər. Baş verənlərdən aydın olur ki, Rusiyanın Ermənistanda ciddi şəkildə siyasi dayaqları zəifləyib. Rusiya erməni ordusundakı generalları vasitəsi ilə mövqeyini saxlamağa çalışır. Amma Ermənistan rəhbərliyinin götürdüyü əsas kurs Rusiyanı ölkədən çıxarmaqdır. Buna nail ola biləcəkmi, Rusiyanın cavab addımları nə olacaq. İstənilən halda bu proseslər Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu