"Polad generalımız" əl-əl gəzəcək

Şahbaz Xuduoğlu da bacara biləcəyi işi gördü

"Bəlkə də bu, belə şəraitdə görüləsi iş deyildi. Amma elə dəyərlər var, qiymətlə ölçülmür, zamana da baxmır"


“Həqiqi qəhrəmanlar qəlbimizin fəxri xiyabanındadır”. “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun sosial şəbəkədə paylaşdığı statusdandı bu fəxri cümlə. “Tovuz müharibəsi”ndə şəhidliyə ucalmış generalımız Polad Həşimov barədə kitabın işıq üzü gördüyü xəbərini yayanda yazıb Şahbaz Xuduoğlu: “Kaş əvvəlcə belə insanların varlığından xəbərdar olardıq. İndi nə etsək, yenə azdır. Əlimizdən bu kitabı nəşr etmək gəldi. Qoy məktəblilərimiz, uşaqlarımız həqiqi qəhrəmanları tanısın…”   

Hamı bir-birini təbrik edir. Kiməsə xüsusi təşəkkür etmək də yersiz görünür. Polad kimi generalımıza aid hər hansı, hətta ən xırda (heç nə onun şəhadəti qarşılığında böyük sayılmamalıdır çünki – red.) əməl də millətə, xalqa, Vətənə xidmət sayılır. Şahbaz Xuduoğlu bacara biləcəyi işi gördü. Nəfəs dərə bilər. Ş.Xuduoğlunun ixtiyarındakı rəhbəri olduğu nəşrlər evidir. Kağız, çap dəzgahı, kollektivi. Onları səfərbər edib kitab ərsəyə gətirdi; “Polad generalımız”.    
Kitab nəşr etmək ideyasının hardan doğduğu zatən bəllidi. Əlavə şərhə ehtiyac yoxdu. Sadəcə, Şahbaz Xuduoğlunun fikirləri maraqlıdı. Bu məzmunda post paylaşıb: 

“General Polad Həşimov haqqında bir-birindən maraqlı və təsirli xatirələr oxudum. Bir yerə toplasan, maraqlı bir kitab alınar. Zabit və əsgərlərimiz, gələcək nəsillər üçün örnək, ailəsinə isə az da olsa təsəlli olar.

Ailəsindən, dostlarından kimsə o xatirələri mənə çatdıra bilsə, gözəl, general adına layiq bir kitab nəşr edərəm. Öncədən bildirim ki, kitab nəşriyyat hesabına olacaq, qoy o böyük insanın xatirəsinə bizim də bir töhfəmiz olsun". 
Ş.Xuduoğlunun paylaşımından sonra köməyini təklif edənlər, kitabın ərsəyə gəlməsinə boyun olanlar çoxalıb, nəticədə “Polad generalımız” kitabı əllərdədir artıq. 

“Şərq”ə açıqlamasında Şahbaz Xuduoğlu kitabın “Məktəblilər üçün liderlik dərsləri” seriyasında nəşr edilməsinin önəmini vurğuladı: 

- “Qanun” Nəşrlər Evinin “Məktəblilər üçün liderlik dərsləri” seriyası var. Bu, konkret yeniyetmə və gənclərə hesablanmış nəşrlərdir. Bu seriyada Malala, Mandela, Martin Lüter Kinq… kimi dünyanın gedişatını hansısa formada dəyişmiş və ya dəyişməsinə səbəb olmuş lider insanlardan bəhs edən kitablar nəşr olunur. 

Polad Həşimov da Azərbaycan hərb tarixində lider insanlardandı. Onun tabeliyində olan əsgərlərə münasibəti, zabit kimi xidməti, səngər generalı olması… onun liderlik xüsusiyyətlərindən xəbər verir.

Biz artıq bilirik ki, Polad Həşimov səngərdə, döyüş şəraitində həyatını itirib. Amma qeyri-adi olan budur ki, mərhum bir general, mərhum bir insan haqqında danışılsa da, heç kim onu itirilmiş kimi deyil, əksinə, öz daxilində tapmış, bir növ kəşf etmiş kimi hiss edir.

Onun haqqında danışmaq, onu anmaq, xatırlamaq hamıya ruh verir, o cümlədən də bizə - “Qanun”çulara. Nəşr etdiyimiz kitab da bu hisslərdən doğdu. Çalışdıq ki, yeniyetmələrə, gənclərə, uşaqlarımıza göstərək ki, necə zabit, necə general olmaq olar.

Kitabda general Həşimovun uşaqlıq illəri, kursant olduğu illər, zabit həyatı, xidmət dövrü, əsgərlərə münasibəti, ailəsinə münasibəti haqqında onu tanıyanların, birgə xidmət keçdiyi insanların, ailə üzvlərinin xatirələri yer alır.    

İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Bu kitab generalımızın əziz xatirəsinə "Qanun" ailəsinin töhfəsidir. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun. Nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə, yenə də  təşəkkür edirəm.

Ş.Xuduoğlu qeyd etdi ki, nəşr pulsuz paylanır. İstəyənlər nəşriyyata gəlib kitaba sahiblənə bilər. Kitab 2000 ədəd tam rəngli nəşr edilib. Məktəblilərin onu necə əldə edəcəyinə gəlincə, Ş.Xuduoğlu bildirdi ki, kitabdan yeni təhsil nazirinə göndərib:

- Məlumdur, indi məktəblər qapalıdı. Mən zövqünə inandığım, iş qabiliyyətinə güvəndiyim şəxslərə kitabdan göndərmişəm. Yeni təhsil nazirinə də göndərdim. Ola bilsin kitabın orta məktəblərə paylanmasına kömək edərlər. Bilirsiniz, bizim məkltəblərə girişimiz qadağandır. 

Ş.Xuduoğlu kitabın yalnız nəşriyyatın daxili vəsaiti hesabına nəşr edildiyini bildirdi: 

- İndi çətin dövrdü. Gəlirimiz yalnız kitab satışındandı. O da artıq neçə aydır, yoxdur. Kitab satışı dayanıb. Bəlkə də bu, belə şəraitdə görüləsi iş deyildi. Amma elə dəyərlər var, qiymətlə ölçülmür, zamana da baxmır. Gəlib kitab götürənlərin çoxu, kimin nəyə gücü çatırsa, maliyyə təklif edir, lakin biz qəti şəkildə imtina edirik. Kitab pulsuzdur, pulsuz paylanır.  Təki generalımızın qanı yerdə qalmasın. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu