Hökumət çalışır ki, heç kim zərər görməsin

"Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib"


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.
 Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir.

Əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Birdəfəlik ödəmə proqramı çərçivəsində  işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub və bu  proqramın əhatə dairəsi 600 min şəxsi əhatə edib.

Əhalimizin bu dövrdən ən az itkilərlə çıxması  üçün Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı tədbirlər görüldüyünü vurğulayan  siyasi ekspert Anar İmanovun "Sherg.az"a açıqlamasına görə, ötən 4 ay ərzində  dövlət tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə işləyən sakinlərin məşğulluğunun təmin olunması istiqamətində atılan addımlar əhalinin sosial rifahının yüksəlməsinə hesablanıb. Məqsəd Azərbaycan vətəndaşlarının  bu çətin dövrdə heç bir itki  görməməsinə nail olmaqdır:

"Aprelin 17-də Prezidentin elan etdiyi yeni dəstək tədbirlərinə uyğun olaraq 2,5 milyon vətəndaşın məşğulluğu və sosial təminatının dəstəklənməsi üçün 600 milyon manat ayrılıb. Dövlət və özəl sektorda iş yerlərinin və əməkdaşların əməkhaqlarının qorunması üzrə kompleks işlər aparılıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Əhalinin məşğulluğu xidmətinin fəaliyyəti gücləndirilib. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib". 

 İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunduğunu vurğulayan A.İmanov bu müddət ərzində 600 min şəxsə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmənin verildiyini deyib: "Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.

Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın müddəti uzadılıb. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə  əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulub.

Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək". A.İmanovun sözlərinə görə, digər sosial dəstək tədbirləri sırasında əhalinin güzəştli tariflə elektrik enerjisi istehlak limiti aylıq 100 kilovatt/saat artırılıb və tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib: "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilib.

Yuxarıda sadaladığım vaxtında atılan addımlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər zamankı kimi, xüsusilə də çətin dövrlərdə, həmişə xalqın yanındadır". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu