"Başa düşürəm, hamı yorulub, əsəblər tarıma çəkilib"

Kamilə Əliyeva: "İndiki dönəmdə birdən-birə bütün yumşalmalara gedilə bilməz"

Koronavirus pandemiyasına görə ölkənin bəzi rayon və şəhərlərində tətbiq olunan sərt karantin rejimi yumşaldılıb. Avqustun 5-dən etibarən SMS icazəsi ləğv olunub, çimərliklərin fəaliyyətinə icazə verilib. Ancaq avqustun 31-nə qədər ölkə ərazisində 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi sabit qalır.  Həftəsonları da  bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Sözügedən məhdudiyyətlərin qüvvədə qalması isə  vətəndaşlar arasında narazılıq yaradıb. 

Millət vəkili Kamilə Əliyeva isə hesab edir ki, insanlarımız bir az daha səbrli olmalı və Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarına əməl etməlidir:


"Gündəlik statistikadan da bəlli olduğu kimi karantin tədbirlərinin davam etdirilməsi öz müsbət nəticəsini göstərir. 

Ötən gün COVID-19 infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Bütün bunlar  kifayət qədər sevindiricidir. Uzun müddət biz yoluxma sayının 500-dən aşağı düşməsini gözlədik və nəhayət ki, buna nail olduq. 

Bu dinamikanı növbəti günlər üçün də  qoruyub saxlamaq lazımdır. Əgər vətəndaşlar karantin qaydalarına, Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, qərarlarına, ölkə Prezidentinin çağırışlarına əməl etsələr daha da  effektiv  nəticələr əldə edib tezliklə koronavirus bəlasından xilas ola bilərik. 

Dövlət pandemiyaya qarşı üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.  Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində müxtəlif  tədbirlər həyata keçirir". 

Millət vəkilinin sözlərinə görə, aidiyyəti orqanların gördüyü işlərə adekvat olaraq vətəndaşlar da üzərinə düşən məsuliyyəti hiss etməli, özlərini və yaxınlarını koronavirus infeksiyasından qorumalıdır: "Hər bir vətəndaş tələb olunan qaydalara əməl edib tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafəni qoruyub  ehtiyac və zərurət olmadığı təqdirdə yaşayış yerini tərk etməməlidir.

Bu zaman həm özümüzün işini yüngülləşdirər, həm də bu son 5-6 ayda çiynini bütün çətinliklərin altına verən, öz vətəndaşının sağlamlığı naminə bütün risklərə gedən dövlətin yükünü azaltmış olarıq.

Son günlərin müsbət dinamikası da məhz buna bir növ işarədir. Başa düşürəm, hamı yorulub, tükənib, əsəblər  tarıma çəkilib. Lakin əhalinin sağlamlığı və təhlükəsizliyi baxımından Nazirlər Kabineti yanında Operativ Qərargahın  xüsusi karantinin saxlanılması ilə bağlı qərarını dəstəkləyirəm. Bəzi yumşalmalar oldu və müsbət dinamika davam edəcəyi təqdirdə, növbəti yumşaldılmalar da olacaq, istisna deyil.

Amma indiki dönəmdə birdən-birdən bütün yumşaldılmalara da gedilə bilməz, bir dəfə gedildi və bunun ciddi fəsadlarını yaşadıq. Yenə də qeyd edirəm ki, əsas məsələ tezliklə və elliklə bu bəladan qurtulmağımızdır. Odur ki, bir daha seçicilərimə, vətəndaşlarımıza səslənərək çağırış etmək istəyirəm ki, növbəti dönəmdə də bütün deyilənlərə riayət və əməl etsinlər. Biz birlikdə güclüyük və bu bəladan ancaq birlikdə xilas ola bilərik". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Şəymən Bayramova Yazarın yazıları
menu
menu