Saxta yolla pensiya düzəldən məmurlara CƏZA... - “54 milyon az məbləğ deyil”

“Onlar vətəndaşlara saxta sənəd düzəltmək üçün imkan yaradıb”

“Məsələnin kökünə gedilməli, vətəndaşlara bu imkanı yaradan məmurlar cəzalandırılmalıdır”


2020-ci ilin ilk yarısında 54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verib. Saxta yolla pensiya sənədi düzəldən vətəndaşlara əvvəlki illərdə də rast gəlinirdi. Lakin bu məsələdə diqqət çəkən bir məqam var. Necə olur ki, bu qədər şəxs rahatlıqla istədikləri sənədi düzəldə bilir?

Vacib olan digər məqam isə həmin vətəndaşların cəzalandırılmasıdır. Təbii ki, bu işdə əsas günah məmurların üzərinə düşür. Bu baxımdan onların da cəzalandırılması vacibdir. Rüşvət və qanunsuz hallar olmasa, təbii ki, heç kəs saxta yolla sənəd düzəltdirə bilməz. 54.8 milyon manat həmçinin dövlət büdcəsinə böyük zərbədir. Bu mənada dövlətin gəlirini mənimsəyənlərin cəzalandırılması olduqca vacibdir.



Mövcud durumla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Qadir İbrahimli bildirib ki, günah vətəndaşlarda yox, onlara saxta pensiya təyin edən məmurlardadır. Ekspertin fikrincə, məmurlar vətəndaşlara saxta sənəd düzəltmək üçün imkan yaradıb:

“Daha çox məmurlara qarşı mübarizə aparmaq lazımdır. Onlar həbs olunub cəzalanmırsa, saxtakarlıqda ittiham olunmursa, belə hallar yenə yaşanacaq. 54 milyon manat az məbləğ deyil. Həmin məmurlar həbs edilməyənə qədər və ən əsası pensiyaların, əlilliyin təyin olunması prosesi şəffaf olmadıqda bu hallar həmişə baş verəcək.

Saxta pensiya alan vətəndaşlara haqq qazandırmıram. Lakin onların günahı 20 faizdir. 

80 faiz günah məmurların üzərindədir. Heç kəs durduğu yerdə və rahat şəkildə saxta pensiya düzəltdirə bilməz. Kimsə görüb ki, “ASAN” Xidmətdə kiməsə saxta sənəd düzəlsinlər və ya rüşvət alsınlar? Əlbəttə, yox. Çünki həmin qurumlarda proseslər şəffafdır.

Qeyri-şəffaf fəaliyyət göstərən qurumlar isə qanunsuz fəaliyyət göstərir. Bu məsələnin kökünə getmək lazımdır. Vətəndaşlarla yanaşı, onlara bu imkanı yaradan məmur zümrəsi cəzalandırılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu