“Dünya ikinci dalğaya hazırlaşır” – Karonanın “ayaq səsləri”... !

“Hələ də təhlükə qalır. Məsuliyyətli olmasaq, daha ciddi durumla üzləşə bilərik”

“Bir müddət diqqətli olmalı, qaydalara əməl etməliyik”


Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur. Alimlər İngiltərədə, Estoniyada, Almaniyada və Fransada daha güclü ikinci koronavirus dalğası barədə xəbərdarlıq edirlər.

BMT-nin Baş katibi Antonio Guterres bildirib ki, koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün  təhsil prosesini tam pozub. O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib:

“Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi. İnkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi və əsas bacarıqları alaraq məktəbi bitirib”.

Dünya ölkələrində pandemiyanın ikinci dalğasının olacağı, Azərbaycanda da ciddi işlərin görülməsini zəruri edir. Vətəndaşların maksimum diqqətli olması və dövlətin mühüm tədbirlərə əl atması labüddür.



Millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a bildirib ki, ayın 5-dən ölkəmizdə karantin qaydaları yumuşaldılsa da, tam arxayınlaşmaq olmaz.
Deputat vurğulayıb ki, vətəndaşların narahatlığı nəzərə alınaraq icazə sistemi ləğv olundu. Lakin məsuliyyətli olmaq lazımdır:

“Bəzi ölkələrdə artıq ikinci dalğalar gözlənilir. Dünya ölkələri bu gərginliyə hazırlaşırlar. Ona görə də hər birimizin maksimum diqqəti olmağı lazımdır. 
Dünəndən müşahidə etdik ki, küçələrdə insanların sayı çoxalıb.

Bu da istər-istəməz müəyyən narahatlıq yaradır ki, sonrakı mərhələdə xəstələnənlərin sayında ciddi artım müşahidə edə bilərik. Çünki iyun ayında da yumuşalma olanda sonrakı dövrdə yoluxanların sayı kəskin artdı. Ona görə hər birimiz diqqətli olmalıyıq.

Əvvəlki dövrlərdə də virusun ikinci dalğasının olmasına dair proqnozlar verilirdi. Xəstəliyin tam  bitdiyini söyləmək düzgün deyil. Hələ də təhlükə qalır.
Məsuliyyətli olmasaq, daha ciddi durumla üzləşə bilərik. İnanıram ki, bu bəla tezliklə xalqımızın üzərindən gedəcək və yenidən ənənəvi həyatımıza qayıdacağıq. Sadəcə olaraq bir müddət diqqətli olmalı, qaydalara əməl etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu