“Valyuta məzənnəsi tam sabitdir, xarici və daxili dövlət borcu artmayıb”

“Cari il martın əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq Sərəncamınızla ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martın 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun proqramı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülən işlərin nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar-iyul dövründə tam icra edilib”.

APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, valyuta məzənnəsi tam sabitdir: “Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıb. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin əməli maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalın maddi rifahına əlavə vəsait ayrılmaqla qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu - nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olub”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu