Düşmən hazırlıqsızdır ! - «Torpaqlarımızı azad edə bilərik, özü də bu dəqiqə» - MÜZAKİRƏ !

«Sadəcə, dövlət başçısının da dediyi kimi, Ermənistanın hünəri varsa, bizimlə təkbətək vuruşsun, Dağlıq Qarabağı tanısın» 

«Ermənistanda tüğyan edən koronavirus da, onlar üçün əlavə zərbədir. Yəni zaman xeyrimizə işləyir» 

«Torpaqlarımız isə bütün hallarda qaytarılacaq»


Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanallarının ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.  Hazırda Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası “Mir” telekanalı, habelə ABŞ-ın CNN telekanalı açıq yayımlanır. Qərar qüvvəyə minəndən sonra Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə veriləcək. 

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi bir qədər əvvəl İrəvanın bu niyyətindən narahatlığını bildirmişdi. Rusiya tərəfi bəyanatlarında dəfələrlə vurğulamışdı ki, məsələnin nizamlanması üçün dialoqa hazırdır. 

 Ermənistanın birdən-birə belə qərar verməsi ekspertləri təəccübləndirib. Görünür, Ermənistan dünyaya meydan oxumaq istəyir. Bu, lap cırtdanın güzgüyə baxıb özünü div görməsinə bənzəyir. Politoloq Tofiq Abbasov “Sherg.az”ın suallarını cavablandırarkən aysberqin görünməyən tərəflərinə işıq saçıb:

- Ermənistanın Rusiya kanallarının yayımını qadağan etməsi, sizcə, nə ilə bağlıdır?

- Ermənistan Rusiya ilə münasibətləri pozmaq və beləliklə, Qərbə yaxınlaşmaq üçün əlindən gələni edir. Bu da həmin addımlardan biridir. Əslində bu, Qərbin də ürəyincədir. "Soros"un fəaliyyəti də fikrimizi təsdiq edir. 

- Yaxşı, bəs, Rusiya Ermənistanın boğazına doladığı zənciri boşaldacaqmı?

- Rusiya üçün Ermənistan maraqlı deyil. O, onsuz da Ermənistandan istədiyini alıb. Hətta Ermənistanın dəmir yollarına da nəzarət edir. Amma Ermənistan özü kompleksə düşür. Ona elə gəlir ki, Rusiya üçün “yağlı tikə”dir. 

- Əslində necədir?

- Bəziləri Ermənistanı xərçəng şişi xəstəliyinə bənzədirlər. Mən isə onu apentisitə oxşadıram. Yəni varlığı ilə yoxluğu bilinmir. Kollektivlərdə heç kimin yadına düşməyən insanlar var, bax, Ermənistan da elədir. Ermənistan özü yaşaya bilmədiyi üçün başqalarına da mane olur. Amma bu, uzun çəkməyəcək. 

- Cırtdan Ermənistanın güzgüyə baxıb özünü div kimi görməsinə nə mane olacaq?

- Azərbaycan-Türkiyə birliyi və həyata keçirilən təlimlər. İki qardaş dövlət arasında sonuncu dəfə belə genişmiqyaslı təlim nə vaxt olub? Bəlkə də, heç vaxt.

- Birləşmiş orduların Dağlıq Qarabağa girərək məsələni birdəfəlik həll etmə ehtimalını necə qiymətləndirirsiniz?

- Şəxsən mən buna inanmır və ehtiyac görmürəm. 

- Niyə?

- Birincisi, ona görə ki, işğal köhnə siyasətdir. Ermənistan məhz bu yolu tutduğuna görə qazandığı minimum, itirdiyi maksimumdur. Və düşmən sürətlə itirməyə davam edir. Zaman bizim xeyrimizə işləyir. Ermənistanda tüğyan edən koronavirus da, əlbəttə, onlar üçün əlavə zərbədir. Yəni düşmən bu dəfə hazırlıqsızdır. Torpaqlarımız isə bütün hallarda qaytarılacaq. Biz gücləndikcə aramızdakı fərq də artır. Bu, o deməkdir ki, Ermənistanın şansı yoxdur. Özü-özünü məhv edəcək. Belə bir məqamda biz səbrli olmalı, prosesləri izləməli və Ermənistanın özü özünü məhv etməsinə mane olmamalıyıq. Əgər Türkiyə məsələyə müdaxilə etsə, qardaşımız işğalçılıqda ittiham ediləcək. Həm də Azərbaycanın gücü lazımi qədər var. Biz Türkiyəsiz də Dağlıq Qarabağı azad edə bilərik. Özü də bu dəqiqə. Sadəcə, dövlət başçısının da dediyi kimi, Ermənistanın hünəri varsa, bizimlə təkbətək vuruşsun, Dağlıq Qarabağı tanısın. 

- Deyəsən, Paşinyan, doğrudan da, başını itirib...

- Əlbəttə. Onun islahat aparmaq qüdrəti yoxdur. Paşinyan yaxşı dil qəhrəmanıdır. Vədlər verməyi, təbliğat aparmağı bacarır. Növbə əmələ çatdıqda isə...Ermənistan baş nazirinin heç bir siyasi biliyi, səriştəsi yoxdur. 

- İxtisasca jurnalistdir...

- Bəli. İndi oturduğu kürsünü də redaksiya hesab edir. Paşinyan özünü “Sarı mətbuat” nümayəndəsi kimi aparır.

- Ermənistanın gələcəyi necə olacaq?

- Paşinyan dörd ay əvvəl demişdi ki, biz xarici siyasət vektorumuzu dəyişəcəyik. Rusiyanın adını çəkməsə də, söylədiklərinin Kremlə aid olduğu hiss edilirdi. Yəni bayaq da dediyim kimi, o, Rusiyadan üz döndərib, Qərblə yaxınlaşmaq istəyir. Ermənistanın diaspor fəaliyyəti də bu hədəfə köklənib. Lakin  nəzərə almaq lazımdır ki, Ermənistanın nə maliyyə dəstəyi var, nə də ona inam. Hətta bəzi dövlətlər Ermənistanı destabilizasiya, yəni sakitliyi pozan tərəf kimi qiymətləndirir. Deməli, düşmən ölkə dağıdıcı fəlsəfədən əl çəkmədikcə, işğalçı siyasətini dəyişmədikcə, Dağlıq Qarabağı tarixi sahiblərinə qaytarmadıqca heç bir layihəsi baş tutmayacaq. Əksinə, tədricən geriləyəcək, tənəzzülə uğrayacaq. 

- Amma Paşinyan pafoslu nitqlərindən əl çəkmir...

- Bu sözlər yerli əhalini aldatmaqdan ötrüdür. Əslində Ermənistanda sosial nəbz dayanıb. Pandemiya vəziyyəti daha da ağırlaşdırıb. Siyasi elita çaşqın vəziyyətdədir, ölkədə daxili parçalanma var. Ermənistan optimal inkişaf yolunu seçə bilmir. Bu isə o deməkdir ki, Ermənistan özü-özünün düşmənidir və özü-özünü məhv edəcək.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu