"Bu şəhərdə" tamaşa hazırladı, amma ürəklərincə deyil

Koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimində müxtəlif nəsnələrin, məşğuliyyətlərin xiffətini çəkirik. Teatr tamaşaları, konsert proqramları üçün də darıxmışıq. İllərdir sevənləri  üçün maraqlı səhnələr, parodiyalar hazırlayan "Bu şəhərdə" də onlardan biridir desək səhv etmiş olmarıq.

Bütün Azərbaycanı bir səhnəyə, tək şəhərə sığışdıran bu doğma komanda hamı kimi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hələlik sevimli aktyorlarımız heyranları ilə böyük zallarda görüşüb, onların üzlərini güldürə bilmir. Elə bu səbəbdən də müasir üsullardan birinə müraciət ediblər. Onlar izolyasiya qaydalarına əməl edərək "Karantin toyunda Təbib Ramin Bayramlı" adlı tamaşanı səhnələşdiriblər. Həmin kadrları  "Bu şəhərdə"nin rəsmi "YouTube" kanalında yayımlayıblar.

"Sherg.az" “Bu şəhərdə”nin hər üç siması ilə  həmsöhbət olaraq, tamaşaçısız ərsəyə gələn səhnəciyin onlara necə təəssürat bağışladığını öyrənib. Senarist Müşfiq Abbasov söyləyib ki, hələ karantindən əvvəl pandemiya ilə əlaqədar ilk dəfə konsert proqramlarını təxirə salan onlar özləri olub:

“Fevral ayının axırında bu qərara gəldik. Üç dəfə konsertin vaxtını dəyişdik. İndi  noyabr ayı üçün nəzərdə tutulub.

Fikirləşdik ki, o zamana qədər boş vaxtımız var, bundan  səmərəli istifadə edək.  Qeyd edim ki,  yalnız bir deyil, silsilə videolar paylaşılacaq.  Həftədə bir neçə video yerləşdiriləcək, ümumillikdə  sayı 20-yə yaxın olacaq.  Karantində çəkilmiş, məhz hazırkı gündəmlə bağlı toy səhnəciklərimiz davam edəcək. Hazırda əlavə çəkilişlərimiz də gedir.

Dediyim kimi, mövzu olaraq hamısı eynidir. Hər birimizi narahat edən, beynimizdə olan koronavirus infeksiyası ilə bağlıdır.  Ümid edək ki, tezliklə virus bitsin, əvvəlki rejimə qayıdaq.   Tamaşaçılarımızla  onlayn yox, canlı konsertlərdə  görüşək“.

Sevilən aktyor, Əməkdar artist  Coşqun Rəhimov tamaşaçısız ifa etdiyi rolundan danışıb:

“Desəm ki, gözəl təəssürat bağışladı, yalan olar.  Amma tamaşaçılarımızı həsrətdə qoymamaq, onları maraqlı mövzularla tanış etmək üçün bu işi görməyə çalışdıq. Fikrimcə, yaradıcılıq varsa  baxış sayı da  çox  olacaq. Hələlik budur... 

Bildiyiniz kimi dünyada gedən bioloji müharibə  bizim də işlərimizə təsir edib. Buna baxmayaraq  çalışırıq ki, nə isə  çıxış yolu tapaq”.

Rəfael İsgəndərov isə  çəkilişdəki ab-havanı belə nəql edib: “Tamaşanı pandemiya şəraitində qaydalara riayət edərək, sosial məsafəni qoruyaraq hazırladıq.  Çox pis təəssürat bağışladı. Çünki səhnədə, tamaşaçı enerjisi alaraq çıxış etməyə  öyrəşmişik.

Amma neyləyək? Şəraitə uyğun davrandıq. Hazırda zəmanənin tələbatı belədir, biz də əməl etdik. İnşallah, tamaşaçılarımızla yenidən qovuşmaq qismət olar“.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu