“Dağlıq Qarabağın azad olunması an məsələsidir” - Əks-əməliyyat...! 

“Buna gücümüz də, haqqımız da var”

“Türkiyənin dəstəyi və birgə təlimlər siyasi mesaj olmaqla bərabər, növbəti dəfə qüdrətimizi göstərdi”
 

Biz koronavirusu “gözəgörünməz düşmən” adlandırsaq da, deyəsən, o, kifayət qədər yaxşı görür, yaxşını pisdən, haqlını haqsızdan ayırmağı bacarır. Xəstəliyin Ermənistanda, o cümlədən düşmən ordusunda sürətlə yayılması insanda belə təsəvvür yaradır. Bəlkə də, Tanrı da ermənilərin vəhşiliklərindən, vandallıqlarından bezib və tarixi ədaləti bərpa etmək məqsədilə koronavirusu göndərib...
Ermənistan həqiqəti artıq gizlədə bilmir. Hətta Müdafiə Nazirliyi koronavirusun yayıldığını etiraf edir. Deməli, düşmən göründüyündən daha pis vəziyyətdədir.

Ermənistan ordusundakı vəziyyət haqda “Sherg.az”a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov düşmənin koronavirus qarşısında aciz qaldığını bildirib:

“Koronavirus Çində hələ yenicə başlayanda Azərbaycan Müdafiə Nazirliyi xüsusi əmr imzalamışdı. Sənəddə göstərilirdi ki, Azərbaycan ordusunu koronavirusdan qorumaq üçün bütün mümkün addımlar atılmalıdır.

Belə də oldu. İndi Azərbaycan ordusunda koronavirusun yayılmaması xəstəliyin varlığını inkar etmir. Bəli, xəstəlik var. Vaxtında görülən tədbirlər sayəsində biz təhlükənin qarşısını ala bildik. Ermənistan isə, əksinə, getdikcə məhv olur.

Onlar koronavirusdan ölənlərin sayını hər fürsətdə gizlətməyə, məsələyə, necə deyərlər, başqa don geyindərməyə çalışırlar. Səngərlərdə əsgər çatışmazlığı müşahidə olunur. Bu isə ölüm halları, o cümlədən koronavirusdan dünyasını dəyişənlərin sayı ilə bağlıdır”. 
 
Ş.Ramaldanovun fikrincə, vurğulanan problemlərin başında qida keyfiyyətsizliyi məsələsi dayanır:

“İndi çətin dövrdür. Azərbaycan ordusunda qida tədarükü silah-sursat təzhizatı qədər vacib sayılır. Çünki başa düşülür ki, immuniteti güclü saxlamaq lazımdır. Ərzaqlara əvvəlkindən də çox diqqət ayırılır, əsgərlərə vitaminli qidalar verilir. Ermənistanda isə belə qayğı yoxdur. Ona görə də əsgərlər keyfiyyətsiz ərzaqlarla qidalanır və immunitet zəifləyir. Nəticədə orqanizm virusa qarşı müqavimət göstərə bilmir. Əslində dünyanın düz vaxtında da Ermənistanda belə problemlər var idi.

Hətta məsələlər dövlət səviyyəsində müzakirə edilir, Paşinyan şəxsən özü onu narahat edən məqamlardan danışırdı. Ümumiyyətlə, onun siyasi bacarığı və təcrübəsi yoxdur, idarəçilik qabiliyyətindən məhrumdur. Ona görə də dövlət getdikcə zəifləyir. Əsgər valideynlərinin hər həftədən, on gündən bir narazılıqlarını ifadə etməsi də dediyimiz faktı təsdiqləyir”. 

Ehtiyatda olan polkovnik, həmçinin diqqətə çatdırıb ki, bütün baş verən hadisələrin fonunda Dağlıq Qarabağın düşmən tapdağından azad olunması an məsələsidir: 

“Azərbaycandakı yüksək ruh yüksəkliyi, ordumuzun döyüş qabiliyyəti Ermənistana əlavə psixoloji təsirdir. Düşmən yalnız işğaldan əl çəkəcəyi və torpaqlarımızı qaytaracağı halda yerli əhali rahat nəfəs ala bilər. Əks halda isə Ermənistanın gələcəyi yoxdur. Biz istənilən an əks-əməliyyat keçirə bilərik.

Buna gücümüz də, haqqımız da var. Türkiyənin dəstəyi və birgə təlimlər siyasi mesaj olmaqla bərabər, həm də növbəti dəfə qüdrətimizi göstərdi. Eləcə də ölkəmizin regiondakı nüfuzundan xəbər verdi.

Amma bu məsələdə Türkiyə ordusunun Azərbaycana gəlməsini aparıcı rol hesab etmirəm. Biz onlarsız da Dağlıq Qarabağı azad edə bilərik. Prezidentimizin də dediyi kimi, Ermənistanın hünəri varsa, bizimlə təkbətək savaşsın.

Hər halda Azərbaycan hücum diplomatiyasına artıq başlayıb. Biz bu diplomatiyanın növbəti addımlarını Dağlıq Qarabağın azad olunması istiqamətində görəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu