“Bircə onu deyim ki, ikinci dalğanı keçmişik” – Pandemiya söhbəti... 

 “Tam əminliklə deyirəm, karantin rejimi tətbiq olunmasa idi, ölənlərin sayı 100-120 minə çatacaqdı”

“Xaricdən gətirilən həkimlərin təcrübələrini bizimlə bölüşməsi çox yaxşı haldır”

“Dövlət vətəndaşın qənimi deyil. Dövlət vətəndaşın özüdür” 


Koronaviruslu günlər bitmək bilmir. Lap Mark Tvenin “Tom Soyerin macəraları” kimi uzandıqca uzanır. Və, əlbəttə ki, təhlükə tam sovuşmadıqca karantin rejimli həyatımıza da davam edəcəyik. Bu azmış kimi, bir də ikinci dalğa təhlükəsi...Avropa ölkələri ikinci dalğanın gəlişini artıq elan ediblər. Deməli, biz də növbəti təhlükələrdən sığortalanmamışıq. 

Baş verənləri ən yaxşı görənlər həmişə jurnalistlər olur. Təsadüfi deyil ki, onlar cəmiyyətin “görən gözü”, “eşidən qulağı”, “danışan dili” hesab edililirlər. Ona görə də “Sherg.az” olaraq hazırda yaşadığımız hadisələrə münasibət bildirməsi və gələcəklə bağlı fikirlərini bölüşməsi üçün “Milli.az” saytının redaktoru, tanınmış jurnalist  Elçin Alioğlu ilə həmsöhbət olduq:

- Dünya ölkələrinin koronavirus təhlükəsinə qarşı reaksiyalarını necə qiymətləndirirsiniz?

- Xüsuilə Avropa İttifaqı ölkələri müəyyən müddətdən sonra heç bir məhdudiyyət tətbiq etmədilər. İnsanlar əvvəlki həyatlarını yaşayırlar. İspaniya, Portuqaliya, Türkiyə kimi ölkələrdə isə sərt karantin qaydaları qüvvəyə mindi. Deməli, məsələ karantin qaydalarında deyil, dövlətin siyasətində və vətəndaşın bu siyasətdəki yerindədir. 

- Biz bu fars-major hadisə zamanı çoxlarına nümunə olduq...

-Əlbəttə. Dediyim Aİ ölkələrinin karantin tətbiq etməməsi iqtisadiyyatı insan sağlamlığından üstün tutmasından irəli gəlir. İlk günlərdən etibarən dövlətimizin siyasətinin mərkəzində isə insan sağlamlığı dayandı. Məhz insanların sağlamlıqları naminə dövlətimiz xeyli maddi itkilər verdi. Tam əminliklə deyirəm, karantin rejimi tətbiq olunmasa idi, ölənlərin sayı 100-120 minə çatacaqdı. 

- İnsanlar maddi yardımın azlığından da gileylənirlər. Bu barədə nə düşünürsünüz?

-Bizi Avropa və ya Gürcüstanla müqayisə etmək doğru deyil. Avropada vəziyyət başqa cürdür. Gürcüstan isə maddi yardım adı ilə Aİ-dan 3.2 milyard pul alıb. Biz heç kimdən pul almamışıq. Buna ehtiyac da yoxdur. Çünki kimdənsə pul almaq siyasi pressinq deməkdir. Havayı pendir ancaq siçan tələsində olur. Əgər insanlara ödənilən yardımın məbləği artsa, bu, sonra vergilərin artırılması, təhsil, səhiyyə sisteminə ayrılan vəsaitin azalması ilə təzahür olunacaq. Nəzərə almaq lazımdır ki, ölkəmizdə koronavirus testlərinin aparılmasından ötrü 45 laboratoriya var. Bu, MDB məkanında rekorddur. Həm də 760 minə adam sosial paket çərçivəsində yardım aldı. Yardım 190 manat deyil, işlək əhalinin 8 ay çalışmadığı halda maaş almasıdır. Həmçinin onlayn tədrisə prosesinə ayrılan vəsait də yardımın ən böyük göstəricisidir. 

- Bəs xarici ölkələrdən həkimlərin gəlməsi barədə nə deyə bilərsiniz?

-Ölkəmizə Kuba, İtaliya, Çin və Türkiyədən həkimlər gətizdirildi. Fikir versəniz görərsiniz ki, həmin ölkələrin hər birində koronavirus çox geniş yayılmışdı. Yerli səhiyyə işçiləri koronavirusla mübarizədə çox ciddi işlər gördülər. Koronavirusun qarşısını tamamilə almaq mümkün olmasa da, vəziyyət xeyli düzəldi. Məhz bu nöqteyi-nəzərdən həmin həkimlərin təcrübələrini bizimlə bölüşməsi çox yaxşı haldır. Bunu yüksək qiymətləndirməliyik. 

- Sizcə, niyə çimərliklər açıldığı halda, mağazalar hələ bağlıdır?

-Çünki kiçik məkanlarda virusun yayılma ehtimalı 10-12 dəfə çoxdur. Həmin yerlərdə havalandırma sistemi olmadığına görə yuxarı hissələr təmizlənsə də, aşağılarda bu, mümkün olmur. Və virus asanlıqla istənilən məkanın aşağı hissəsində yayılır. 

- Metroların açılmaması da narazılıq doğurub...

- Metroda təmas xətti çoxdur. Praktik olaraq onların hər birinin dezinfeksiyası qeyri-mümkündür. Həm də avtobuslarda kondisioner olur və ya pəncərələr vasitəsilə salon havalanır. Metroda isə vahid mərkəzdən idarə olunan havalandırma sistemi var. Ona görə də vəziyyət çətinləşir. Ümumiyyətlə, ittihamlardan əl çəkmək lazımdır. Başa düşməliyik ki, dövlət vətəndaşın qənimi deyil. Dövlət vətəndaşın özüdür. 

- Artıq ikinci dalğanın gəlişindən danışırlar...

- Bu barədə heç kim dəqiq söz deyə bilməz. Hər halda koronavirus asanlıqla mutasiyaya uğrama qabiliyyətinə malik olduğuna görə, payızda da karantin rejimini görə bilərik. Bircə onu deyim ki, biz ikinci dalğanı keçmişik. Virusun plato dövrü olur. Həmin müddətdə göstəricilərdə nisbi sabitlik müşahidə olunur. Biz bir neçə ay əvvəl bunu müşahidə etdik. 

- Öhdəmizə düşən nədir?

- İnsanlar yumşalmaları koronavirusun bitməsi kimi qəbul etməməlidirlər. Yenə də tibbi maska taxmalı, sosial məsafəni qorumalıyıq. Hər şey bizdən asılıdır. Məsuliyyətli və diqqətli olacağımız təqdirdə yumşalmalara doğru sürətlə gedəcəyik. Hətta məndə olan məlumatlara görə, bu istiqamətdə təkliflər artıq hazırlanıb. Yox, əgər vaxtından əvvəl sevinsək, bunun fəsadlarını da görəcəyik.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu