Hərbi ekspert SƏRT DANIŞDI: “...İnformasiya müharibəsində uduzuruq”

“Ona görə də, heç olmasa, bu məsələdə yerliçiliyə, qohumbazlığa son qoyulmalıdır”

“Əsl peşəkarlar işə cəlb edilməli və onlar cəbhədəki əsgərlər üçün birinci müdafiə xətti olmalıdır”

“İnformasiya savaşında gecikməmək lazımdır, ilk məlumat yanlış oldusa, sonrakı bütün təkziblər effektsiz qalır”

“Bu istiqamətdə xüsusi kursların, seminarların təşkili çox yaxşı effekt verər”


Azərbaycan ordusunun güclü və qüdrətli olduğuna heç kimin şübhəsi yoxdur. Biz Tovuz döyüşləri zamanı da bunu gördük- igid əsgərlərimiz böyük hünər göstərərək, düşmən təxribatının qarşısını aldılar. Amma bir məqamı da danmaq olmaz-informasiya təhlükəsizliyi sahəsindəki boşluqları. Belə ki, zaman-zaman yayılan dezinformasiyalar, qeyri-dəqiq xəbərlər insanlarda ruh düşkünlüyü yaratdı. Məsələn, 812-ci diviziyanın dağıdılması kimi həqiqətə heç bir uyğunluğu olmayan xəbər...

Bəzən də vətəndaşlıq emosiyasından irəli gələrək cəbhədəki hadisələr haqqında yazdıq, danışdıq. Və, beləliklə, özümüz əz əlimizlə düşmənə kömək etdik. Deməli, müharibənin təkcə cəbhədə yox, həm də informasiya məkanında getdiyini anlamalı, bu istiqamətdə də hazırlıqlı olmalıyıq. 

 Fövqəladə hadisələr zamanı informasiya təminatı barədə “Sherg.az”a danışan hərbi ekspert, uzun illər "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru kimi çalışmış İbrahim Rüstəmli bu sahədəki əsas istiqamətləri sadalayıb:

“Müharibə şəraitində yaşamağımız, düşmən aqressiyası və təxribatları informasiya təhlükəsizliyi məsələsini daim diqqətdə saxlamağımızı şərtləndirir. Bu, çətin və koordinasiyalı prosesdir. Odur ki, diqqətli olmalıyıq. Əvvəla, informasiya savaşında tam zamanında çıxış etmək, gecikməmək lazımdır. Çalışmaq lazımdır ki, xəbəri verən ilk mənbə olasan. Çünki ilk məlumat yanlış oldusa, sonrakı bütün təkziblər effektsiz qalır.

Həlledici və müəyyənləşdirici rol oynayan məhz ilkin informasiyadır. İkincisi, obyektivliyi qorumaq, həqiqətə mümkün qədər yaxın xəbər vermək lazımdır.

Əlbəttə, sirrləri qorumaq şərtilə. Yazdıqlarımıza, danışdıqlarımıza qarşı diqqətli olmalı, düşmənə və qeyri-peşəkarlara bilə-bilə ipucu verməməliyik. İnformasiyanı hətta öz xeyrimizə təhrif etmək də yolverilməzdir. Üçüncü amil isə maariflənmədir. Bu, insanların baş vermiş hadisələrə münasibətini müəyyənləşdirir.

Vətəndaşlar, xüsusilə cəbhə bölgəsində yaşayanlar şəhidlər, ordunun hücumları və s bu kimi məqamlar barədə heç bir məlumat yaymamalıdırlar. Bu, kompleks məsələdir. Təkcə Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlar yox, eyni zamanda hər bir vətəndaşdan informasiya təhlükəsizliyində xüsusi həssaslıq tələb olunur”.

İ.Rüstəmlinin sözlərinə  görə, informasiya təminatı barədə ayrıca təlimlərin təşkili də məqsədəuyğundur:

“İnformasiya savaşları, başqa sözlə desək, soyuq müharibə  döyüşlərin taleyini həll edir. Əsas cəbhə məhz bu məkandadır. İnformasiya təhlükəsizliyi sahəsində qazanılan qələbənin son nöqtəsini Azərbaycan əsgəri Dağlıq Qarabağda üçrəngli bayrağı dalğalandırmaqla qoyacaq. Qələbə istəyiriksə, informasiya savaşında diqqətli olmalıyıq.

Düşünürəm ki, bu istiqamətdə xüsusi kursların, seminarların təşkili çox yaxşı effekt verər. Mən informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif ölkələrdə konfranslarda olmuşam və bizim sözügedən məsələyə dırnaqarası yanaşdığımızı anlamışam.

Cəbhədəki məğlubiyyətin əsas səbəbi də elə bu laqeyd münasibətdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın işğalçı qüvvə olduğunu təsdiqləyir. Amma bütün bunlar nəticəsiz qalır. Niyə?

Çünki biz informasiya müharibəsində uduzuruq. Ona görə də, heç olmasa, bu məsələdə yerliçiliyə, qohumbazlığa son qoyulmalıdır. Əsl peşəkarlar işə cəlb edilməli və onlar cəbhədəki əsgərlər üçün birinci müdafiə xətti olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu