Karantin cəriməsini ödəməyənlərə güzəşt edilməlidir

Yəni ki, əgər həmin şəxsin ödəniş qabiliyyəti yoxdursa, işsizdirsə, ona müvafiq iş təklifi edilə bilər ki, öz cərimələrini ödəsin


"Karantin cəriməsini müvafiq dövr ərzində ödəməyənlər barədə məlumatlar məhkəməyə göndərilir". Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, ayrı-ayrı rayon polis şöbələri tərəfindən bu istiqamətdə protokollar tərtib olunur.
"Məhkəmələr müəyyən qərarlar qəbul edə, hətta həmin şəxsi cərimə məbləğini 3 ay müddətində ödəmədiyi üçün ictimai işlərə cəlb edə bilərlər. Belə ki, İnzibati Xətalar Məcəlləsində bu şəxslərin 160 saatdan 240 saata qədər ictimai işlərə cəlb olunması ilə bağlı müddəa nəzərdə tutulub. Onu qeyd edə bilərəm ki, vətəndaşlar cərimələrini 1 ay müddətində ödəməlidirlər. Əgər 3 ay ərzində ödəmirlərsə, məhkəmələr tərəfindən onlar barəsində müvafiq qərarlar qəbul edilə bilər".

Məsələ ilə bağlı “Şərq”ə şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, pandemiya dönəmində karantin qaydalarının pozulmasına görə təyin olunmuş və indiyədək ödənilməmiş cərimələrlə bağlı hakimiyyət hüquq müstəvisi çərçivəsində tədbirlər görə bilər. Onun sözlərinə görə, cərimələrin ödənilməsi üçün həmin müvafiq tədbirlər içərisində hüquqda nəzərdə tutulmuş prosedurlar tətbiq olunacaq:

“Heç kəsi məhkəmənin qərarı olmadan məcburən ictimai işlərə cəlb etmək olmaz. Birincisi, bunlar hamısı hüquq çərçivəsində həyata keçirilməlidir. İkincisi, həmin şəxslər üçün hansısa bir güzəşt sxemi tətbiq oluna bilər, yaxud da üçüncüsü bağışlanıla bilər. Hesab edirəm ki, cərimələrin silinməsinin həm yaxşı, həm də pis tərəfləri var.

Pis tərəfi odur ki, insanlarda bundan sonra cəzasızlıq mühiti yaranacaq. Bu isə cəmiyyətdə hüquqi nihilizimin artmasına xidmət edəcək. Yəni ki, onlar tətbiq olunan qaydaları yenidən pozacaqlar, çünki əmin olacaqlar ki, bu borclar silinəcək. Yaxşı tərəfi odur ki, bundan aztəminatlı ailələr yararlanacaq.

Pandemiya ilə bağlı yaranmış cərimələrə görə, müəyyən insanlara hər hansı güzəştlər edilə bilər və ya ediləcək. Cəzaların bağışlanması təkcə bu məsələ də yox, sonradan cəmiyyətdə digər qaydaların pozulması üçün artıq bir kriteriya, şərait yaradır. Bütün bu məsələlər hüquq müstəvisində həll olunan məsələlərdir.

Cərimələrin ödənilməsi üçün insanların ictimai işlərə cəlb edilməsi məsələsinə gəlincə, bu onlara yalnız təklif kimi verilə bilər. Yəni ki, əgər həmin şəxsin ödəniş qabiliyyəti yoxdursa, işsizdirsə ona müvafiq iş təklifi edilə bilər ki, öz cərimələrini ödəsin. Ödənilmədiyi hallarda məsuliyyətə cəlb olunacaqlar. Ümumiyyətlə, insanların dövlətə borcu varsa cərimə növündə, ya da hər hansı növdə onun ödətdirməyin hüququ yolları var”.

Aynurə

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu