Effektiv olmayan dövlət şirkətlərinə bu qədər pul vermək olmaz

"Hardadır, dövlət şirkətinin Müşahidə Şurası, onun sədri? Niyə Prezidentin diqqət çəkdiyi problemlə bağlı indiyə kimi məsələ qaldırmayıblar?"

Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə mühüm məqamlara diqqət çəkib. Dövlət başçısının toxunduğu önəmli məsələlərdən biri də bəzi dövlət şirkətlərinin mənfəətsiz fəaliyyəti olub. Ölkə rəhbəri qeyd edib ki, dövlət şirkətləri sanki sosializm iqtisadi modelində işləyirlər və dövlətə gəlir gətirmirlər. Prezident bunun dözülməz olduğunu, bu istiqamətdə çox ciddi addımlara ehtiyac yarandığını söyləyib:

“Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməli və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz”. Dövlət başçısı dövlət şirkətlərinin səmərəli çalışmadığını, gəlir gətirmədiyini tənqid edib: “Müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilib və bunu dəstəkləmişəm”. Ölkə rəhbəri vurğulayıb ki, dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir: “Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir?”.

Prezident əlavə edib ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, aeroportlar dövlət tərəfindən tikilib: “Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”. 

Əslində, Prezident ötən çıxışlarında da vurğulamışdı ki, iqtisadiyyat inkişaf edir, yeni reallıqlar ortaya çıxır və bu reallıqlarla ayaqlaşmaq üçün dəyişikliklər mütləqdir. Yəni ölkə başçısı islahatların davam edəcəyini, təkcə kadr deyil, struktur, idarəetmə sistemində yenilənmələrin aparılacağını bildirmişdi. Ötən gün keçirilən müşavirədə gördük ki, Prezident həmin prosesi daha da sürətləndirməkdə, ən qısa müddətdə bütün istiqamətlərdə fərqli idarəetmə formasına keçiddə qərarlıdır.

Dövlət başçısı hökumətin qarşısında konkret tələblər qoydu. Vurğuladı ki, köhnəlmiş strukturlardan tutmuş rentabelli işləməyə borclu olan qurumlara qədər bütün sektor müasir tələblərə, hazırkı iqtisadi reallıqlara uyğun çalışmalı, iqtisadi təhdidlərə özləri cavab verməlidir. Bunun üçünsə ilk növbədə idarəetmə forması dəyişməlidir. 

Prezidentin diqqət yönəltdiyi məqamları “Şərq”ə təhlil edən  iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib ki, biz bazar iqtisadiyyatına keçid etmişik. Professorun sözlərinə görə, bazar iqtisadiyyatında şirkətlər istehsal etdikləri məhsulların qarşılığında, banklar isə cəlb etdikləri vəsait çərçivəsində gəlir əldə etməlidir:

“Dövlət şirkətlərinin fəaliyyətində effektivlik problemləri var. Xüsusən koorporativ idarəetmə sistemində ciddi çatışmazlıqlar mövcuddur. Dövlət başçısı müşavirədə itkilərdən danışdı, qaz, su və elektrik enerjisində itkilərin olduğunu vurğuladı. İsrafçılıq çox ciddi məsələdir. Prezident bəyan etdi ki, şirkətlər müxtəlif layihələr hazırlayıb təqdim edirlər, ancaq bəzən həmin layihələrin lazımsız olduğu ortaya çıxır. Bu layihələrin rentabelliyini yoxlayan varmı, audit olunurmu? Ona görə də bütün bu sahələrlə əlaqədar yeni paradiqmaya ehtiyac var. Yeni konsepsiyalar hazırlanmalıdır. Ümumiyyətlə, dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı konkret dövlət proqramı olmalıdır.

Bilirsiz, dövlət şirkətlərinin tabeçiliyində nə qədər əlavə təşkilat var? Əksəriyyəti özünə fərqli elmi-tədqiqat institutu yaradıb. Elmi-tədqiqat üçün özəl qurumlar var. Dövlət şirkəti tender elan etməklə istəyinə nail ola bilər. Xüsusi instituta ehtiyac yoxdur. Hətta ayrıca baxçası, məktəbi, universiteti, xəstəxanası olan dövlət şirkətləri də var. Anlamıram, dövlət şirkətləri funksional vəzifələrinin nədən ibarət olduğunu dərk edirlərmi? Onların vəzifəsi məhsul istehsal edib, onu satışa çıxarmaqdır. Məktəb, bağça nəyinə lazımdır?! Funksional vəzifələrindən kənarlaşaraq, özünə aid olmayan işlər görürlər. Niyə dövlət şirkəti ayrıca xəstəxana saxlamalıdır? Bu qədər dövlət və özəl xəstəxanalar var, sığorta xidməti var. Sən vətəndaşı sığorta et, o, istənilən xəstəxanaya müraciət etsin”. 

Beynəlxalq təcrübəsinə əsaslanan iqtisadçı-alim vurğulayıb ki, Türkiyənin, Rusiyanın dövlət müəssisələri ən zəngin şirkət halına gəliblər və dövlətə ən çox vergi ödəyən qurumlara çevriliblər:

“Amma bizdə başqa cürdür. Səbəbi də koorporativ idarəetmədə, vəzifə funksiyalarının bölgüsündə və nəzarət mexanizmində olan problemlərdir. Audit yoxlamalarda ciddi problemlər hökm sürür. Hardadır, dövlət şirkətinin Müşahidə Şurası, onun sədri? Niyə Prezidentin diqqət çəkdiyi problemlə bağlı indiyə kimi məsələ qaldırmayıblar? Dövlətdən subsidiya aldıqları halda maksimum mənfəət üçün effektli iş qurmayıblar, ümumiyyətlə, bunun marağında olmayıblar. Halbuki, vurğulanan dövlət şirkətlərinin satdığı məhsulların qiyməti çox bahadır. Azərbaycanda AZAL-a rəqib olacaq başqa şirkət yoxdur. Buna rəğmən, AZAL-ın yüksək mənfəət əldə etməsinə mane olan nədir? Görürsüz, nə qədər suallar yaranır. Mən indiyə qədər bu suallara cavab tapa bilmirəm”. 

Z.Məmmədov bəyan edib ki, əksər dövlət şirkətlərində xidməti avtomobillərin sayı-hesabı yoxdur:

“Ehtiyac olmadığı halda yüzlərlə maşından istifadə edirlər. Dövlətdən maliyyələşən şirkətlərdə avtomobil xidmətlərindən istifadə qaydası olmalıdır. Kimə baxırsan, xüsusi maşını və şoferi var. Həqiqətənmi bu qədər avtomobilə və sürücüyə ehtiyac duyulur? Amerikada, Türkiyədə milyardlıq şirkətlərdə xidməti avtomobillərin və sürücülərin sayı çox azdır.

Uzun müddət Rusiyada birjanın sədr müavini, Türkiyə şirkətlərində baş direktor kimi çalışmışam. Məni işə qəbul edəndə sürücülük vəsiqəmin olub-olmadığını soruşurdular, avtomobili şəxsən idarə etməyimi istəyirdilər. Dünyanın ən zəngin şirkət rəhbərləri belə avtomobillərini özləri sürür.

Azərbaycanda şöbə müdirləri xüsusi sürücü saxlayır. Hamısı israfçılıqdır. Dövlət başçısının qeyd etdiyi kimi güclü təftiş lazımdır. Nazirlər Kabineti yanında dövlət əhəmiyyətli şirkətlərin işinə nəzarət edən xüsusi bölmələr var, onlar bu barədə çoxdan siqnal verməliydi. Effektiv olmayan dövlət şirkətlərinə bu qədər dövlət dəstəyi vermək olmaz. Hazırda ən ümdə məsələ ordu, hüquq-mühafizə orqanları, səhiyyə və təhsil sistemidir və bunlar böyük vəsait tələb edir.

Dövlətin təhlükəsizliyinin təminatı üçün ilk növbədə prioritet xərclər təmin olunmalıdır. İqtisadiyyat Nazirliyi dövlət əhəmiyyətli şirkətlərin fəaliyyəti ilə bağlı proqram və təklif hazırlamalı, ölkə rəhbərliyinə təqdim etməlidir. Bu məsələdə İqtisadiyyat Nazirliyinin üzərinə böyük məsuliyyət düşür”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu