Tramp yenə qələbə planı hazırlayır

Hələlik bütün kartlar onun xeyrinədir, amma hər seçkidə sürprizlər gözləniləndir

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirus infeksiyası əleyhinə peyvəndin prezident seçkilərindən əvvəl hazırlanmasının mümkün ola biləcəyini açıqlayıb. Tramp bu barədə “Geraldo Rivera” radio proqramına müsahibəsində bildirib. Amerika rəhbəri COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini də istisna etməyib. Aparıcının “noyabrın 3-dən də tez?” sualına prezident belə cavab verib:

“Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər”. Məlumat üçün bildirək ki, bu ilin noyabr ayının 7-də ABŞ-da prezident seçkisi keçiriləcək. Bəzi şərhçilərin qənaətincə, Ağ Ev rəhbəri peyvənd məsələsindən seçki öncəsi divident kimi istifadə etmək düşüncəsində ola bilər. Onların fikrincə, koronavirus əleyhinə vaksin 7 noyarb tarixindən tez tapılsa belə, Tramp Administrasiyası bu “tapıntını” seçki ərəfəsinə saxlayacaq. 

Amerika prezidentinin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Qabil Hüsenyli bildirib ki, dünya liderlərinin koronavirusla bağlı gündəmə gətirdiyi açıqlamaların hamısı siyasi məqsəd daşıyır. Analitik vurğulayıb ki, Rusiya da virusa qarşı vaksinin tapıldığını, patentinin elan olunduğunu və yaxınlardan istehsalına başlayacağını bildirib:

“Rusiya tərəfinin peyvəndlə bağlı açıqlamasında da siyasi spekulyasiya var. Ancaq ABŞ-da pandemiya üzərindən daha genişmiqyaslı siyasi oyunlar oynanılır. Xüsusən, seçki öncəsi proseslər ziddiyyətli ssenari üzrə inkişaf etməkdədir. Həm Donald Trampın, həm də onun rəqibi Co Baydenin seçkiyə hazırlığı yaxşı getmir.

Sosioloji sorğularda Baydenin öndə olduğu göstərilsə də, onunla bağlı ciddi kompramatlar hazırlanır. Ukraynanın keçmiş prezidenti Poroşenko ilə rüşvət əlaqələri gündəmə gətirilir. Burada 1 milyard dollarlıq rüşvətdən söhbət gedir. Hətta Baydenin səs yazılarının olduğu deyilir. Bunlar çox ciddi ittihamlardır və şübhəsiz arxasında Rusiya dayanır”. 

Q.Hüseynliyə görə, Moskvanın məqsədi Kreml üçün təhlükəli sayılan Baydeni sıradan çıxarmaq və əvəzində Trampın əlini gücləndirməkdir: “Göründüyü kimi Moskva yenə də Amerikadakı seçki proseslərinə qarışaraq Trampın “dəyirmanına su axıdır”.

Hazırki prezident Tramp şansını daha da artırmaq üçün pandemiya böhranından, eyni zamanda hakimiyyətin resurslarından mümkün qədər yararlanmağa çalışır. Ağ Ev rəhbəri üçün peyvənd məsələsi ağıllı metod sayıla bilər.

Seçki ərəfəsində peyvəndin istehsalına başlanması və satışının təşkil edilməsi Trampın son illər aşağı düşmüş reytinqini qaldırar. Hələlik bütün kartlar onun xeyrinədir, amma hər seçkidə sürprizlər gözləniləndir”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu