Livandakı partlayış müəmması açılmır

"Erməni və “Hizbullah”ın güclü olduğu bu regionda baş verən partlayışa İsrail kəşfiyyatının səbəb olması da iddia edilir"

Livanın paytaxtı Beyrutda baş vermiş partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Bu barədə “CNN” məlumat yayıb və limandakı dəhşətli partlayışın terror aktı olduğunu bildirib. Livanın baş naziri Hassan Diyab da “yaşanan fəlakətin səbəbkarlarından hesab sorulacaq” deyə sərt açıqlama verib. Partlayışdan sonra Beyrutda genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Aksiyalar zamanı hökumətin istefası tələb edilib. Etirazçılar mağazalara hücum edib, hüquq-mühafizə orqanlarına təzyiq göstəriblər. Hadisədən sonra Beyruta gələn Fransa Prezidenti Emanuel Makron ölkəsinin Livanın daxili işlərinə qarışmaq ittihamlarını rədd edib. Makron deyib ki, əgər Fransa öz rolunu oynamasa, Livan başqa ölkələrin himayəsinə düşə bilər: “Biz olmasaq, türklər, iranlılar və səudlar Livanın daxili işlərinə qarışacaq. Bu ölkələrdən bəziləri bunu öz geosiyasi və iqtisadi maraqları üçün edəcək”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yüzlərlə insanın ölümünə səbəb olan olaya münasibət bildirib. Ərdoğan deyib ki, partlayışın başvermə səbəbi aydın deyil:

“Beyrut partlayışının günahkarları hələ müəyyən edilməyib. Məsələ ilə bağlı Livan prezidenti ilə əlaqə saxladım. Günahkarların kimlər və ya hansı təşkilat olduğu haqda məlumat yoxdur. “Bunlar edib”, “bu işdə günahkar filan təşkilatdır” demək biz siyasətçilərə yaraşmaz. Livan rəhbərliyinin verəcəyi məlumatları izləyirik. Bu, çox böyük fəlakətdir”. 

Məlumat üçün bildirək ki, avqustun 4-də Beyrut limanında baş vermiş partlayış nəticəsində yüzlərlə insan həyatını itirib, minlərlə insan isə yaralanıb.

Partlayışla bağlı müxtəlif iddiaları “Şərq”ə analiz edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Livan son illərdə dünyanın qaynar və mürəkkəb ölkəsinə çevrilib. Ekspertin sözlərinə görə, “Hizbullah” və erməni terror təşkilatlarının nəzarəti altında olan Livan, xüsusən paytaxt Beyrut daima çaxnaşma və konfliktlərin mərkəzi olub:

“İŞİD öz maraqları naminə partlayışı terror aktı kimi qələmə verərək üzərinə götürə bilər. Ancaq partlayışı dəyərləndirmək üçün 2013-cü ilə baxmaq lazımdır. Həmin il Moldova bayrağı altında üzən gəmi Gürcüstandan Mozambikə 1750 ton ammonium-nitrat daşıyırdı. Bu maddə həm də partlayıcı kimi istifadə olunur.

Müəmmalı səbəblərdən gəmi Beyrut limanında saxlanılır və xeyli müddət orada qalır. Uzun mübahisələrdən sonra gəmidəki insanlar çıxarılır və təhlükəli maddə anbara boşaldılır. 2014-cü ildə də buna bənzər hadisə təkrarlanır. Məlumata görə, məhz limanda aparılan qaynaq işləri zamanı dəhşətli partlayış baş verib. Orada 500 kiloton trotil ekvivalentindən söhbət gedir. Misal üçün deyim ki, doqquz mərtəbəli binanın uçurulması üçün 50 kiloton trotildən istifadə edilir.

Beyrutdakı partlayış zamanı 3,3 bal gücündə zəlzələ qeydə alınıb. Bundan belə nəticə çıxarmaq olar ki, hadisə təsadüf nəticəsində olub. Kütləvi insan tələfatı ilə nəticələnən partlayışın səhlənkarlıqdan baş verməsi ehtimalı daha güclüdür. Amma erməni və “Hizbullah”ın güclü olduğu bu regionda baş verən partlayışa İsrail kəşfiyyatının səbəb olması da iddia edilir. Hər halda hadisə ciddi araşdırılmalı və kənar vasitələr ortaya çıxarılmalıdır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu