“Prezident ictimai nəzarətlə bağlı mövqeyini ortaya qoyub”

“Dövlət qurumları artıq özləri üçün nəticələr çıxarmalıdır"

"Təəssüf ki, bəzi dövlət qurumları vətəndaş cəmiyyətilə ilə öz aralarına “qalın sədlər” hörüblər”

“Bəzi məmurlar tənqidi fikirə qarşı dözümsüzlük nümayiş etdirirlər”


Prezident İlham Əliyev ötən gün keçirilən müşavirədə növbəti dəfə ictimai nəzarət məsələsini qabardıb. Dövlət başçısı vurğulayıb ki, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır: “Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq”. 

Dövlət başçısının dəfələrlə vurğuladığı məsələni “Sherg.az”a dəyərləndirən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri və “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən ictimai nəzarət məsələsinə diqqət hər zaman verilib.

QHT rəhbəri bildirib ki, ölkə başçısı media nümayəndələrini və vətəndaş cəmiyyəti təşkilatlarını ölkədə gedən proseslərdə aktiv olmağa çağırır və bunun üçün şərait yaradır:

"Prezident tərəfindən 22 noyabr 2013-cü il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. 16 yanvar 2014-cü il tarixində bu qnunun tətbiqi haqqında ölkə başçısı tərəfindən fərman imzalanıb. Göründüyü kimi cənab prezident tərəfindən hələ 2014-cü ildə ictimai nəzarətin həyata keçirilməsi üçün xüsusi hüquqi mühitin yaradılması təsdiq edilir.

Niyə görə mən məhz “xüsusi hüquqi mühitin” yaradılması məsələsini qeyd edirəm, çünki buna kimi ölkəmizdə QHT və KİV haqqında qanun olub. Həmin qanunlar çərçivəsində də bu funksiyaların həyata keçirilməsi mümkündür.  Lakin qəbul edilən yeni qanun ictimai iştirakçılığı yeni və daha geniş formada tətbiq etməyə imkan yaradır.

Qanunda ictimai iştirakçılığın həyata keçirilməsi üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə kimi formaları təsbit edilir.

Hesab edirəm ki, ilk növbədə ölkə başçısı tərəfindən 2 dəfə bu məsələyə diqqət ediməsinin səbəbini aydınlaşdırmaq lazımdır. Cənab prezident tərəfindən iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş və avqustun 6-da keçirilən müşavirələrdə bu məsələləri xüsusi olaraq vurğuladı. İlk müşavirədə prezident çox aydın mesaj verdi ki, dövlət qurumları qapılarını ictimaiyyətin üzünə açsın. Təklifləri qəbul etsinlər, fəaliyyətləri haqqında məlumatları  ictimaiyyətə çatdırsınlar".

C.Hüseynzadənin sözlərinə görə, dövlət başçısı sonuncu müşavirədə də eyni ilə səslənir ki, imkan yaradın sizin fəaliyyətinizə ictimai nəzarət həyata keçirilsin:

"İctimai nəzarət tətbiq olunsun ki, dövlət qurumlarının fəaliyyəti şəffaf olsun, yeyinti halları olmasın. Prezident dövlət qurumlarının öz fəaliyyətinə ictimaiyyətin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrin cəlb olunmasına imkan verməməsinə diqqəti çəkir. Bu qurumların qapalı fəaliyyətinə, ictimaiyyətə açıq olmamsına son qoymağı tələb edir. Təəssüf ki, bu vaxta qədər cəmi 12 mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai Şura yaradılıb. Digər qurumlar hələ də bu qanunun icrasını təmin etməyiblər. Bu 12 ictimai şuranın formalaşmasında və fəaliyyətində də müəyyən qüsurlar var ki, bu da digər müzakirə mövzusudur. Maraqlıdır, niyə digər dövlət qurumları İctimai Şuraların yaradılmasına imkan vermirlər və yaxud ictimai iştirakçılığın digər komponentlərinin həyata keçirilməsinə şərait yaratmırlar".

Birlik sədrinin fikrincə, ölkə başçısının qeyd etdiyi həmin iradlar, məhz ictimai iştirakçılıq haqqında qanunda nəzərdə tutulan və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərlə bağlıdır:

"Təəssüf ki, bəzi dövlət qurumları vətəndaş cəmiyyətilə ilə öz aralarına “qalın sədlər” hörüblər. Bəzi məmurlar tənqidi fikirə qarşı dözümsüzlük nümayiş etdirirlər. İctimai Nəzarətin həyata keçirilməsi üçün məlumatların əlçatanlığında ciddi problemlər var. Bir çox qurumlar monitorinq üçün lazım olan məlumatları bilərəkdən gizlədirlər və öz internet  səhifələrinə yerləşdirmirlər.

Cənab prezident tərəfindən çox vacib məqama toxunulub. Bəzi ekspertlər tərəfindən yanlış olaraq elə başa düşülə bilər ki, ölkə başçısı təkcə QHT-ləri və digər ictimaiyyət nümayəndələrini fəal olmağa çağıdır. Bu məqam da var, lakin ölkə başçısı əsasən dövlət qurumlarına irad bildirir ki,  fəaliyyətinizə ictimaiyyət  də cəlb edin və onlar üçün imkan yaradın.

Bir sözlə ictimai nəzarətin həyata keçirilməsi üçün bəzi dövlət qurumları tərəfindən problemlər yaradılır. Eyni zamanda onu da qeyd etməliyəm ki, QHT-lərin də üzərinə ciddi məsuliyyət düşür. QHT fəlsəfəsinin bir xüsusiyyəti də ondan ibarədir ki, müxtəlif yollarla bu məlumatları araşdırmaq və ictimai nəzarəti həyata keçirmək lazımdır.

Bu istiqamətdə QHT-lərin ixtisaslaşmasında müəyyən inkişaf  vacibdir. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndəsinin irəli sürdüyü tənqidi fikirlərin altında hesabat və monitorinqlər dayanmalıdır. Filan qurum işləmir, filan qurumda nöqsanlar var və s. kimi populist çıxışlar yolverilməzdir".

C.Hüseynzadə qeyd edib ki, bəzi dövlət qurumlarında QHT-lərlə iş yüksək səviyyədə təmin olunub, onların fəaliyyəti üçün imkanlar yaradılıb:

"Təklifləri və iradları üçün müzakirə mühiti formalaşıb və bu məqamlar ümumən cəmiyyətimizin inkişafı üçün vacib elementlərdir. 2018-ci ci il prezident seçkilərindən sonra İlham Əliyev tərəfindən başladılan islahatlar və 2020-ci ildə dərinləşməkdə olan və yeni mərhələyə qədəm qoyan dövlət idarəetməsində olan islahatlar çərçivəsində ictimai nəzarət də yeni mərhələyə qədəm qoymalıdır. Hesab edirəm ki, dövlət başçısının çağırışları bəzi qurumlar üçün siqnal olacaq.

O mənada siqnal olacaq ki, artıq vətəndaş cəmiyyəti üçün maneələr yaratmaqdan əl çəkib, onlarla səmərəli əməkdaşlıq edəcəklər. Ölkə başçısı açıq formada bildirir ki, bu halda dövlət qurumları üçün müsbət nəticələr əldə olunacaq. Səmərəli təkliflərin irəli sürülməsi, vətəndaşların maraqlarının nəzərə alınması, ictimai nüfuzun qaldırılması və bu kimi ictimai maraqların təmin olunması vacib məsələlərdir. Hər bir dövlət qurumu vətəndaş cəmiyyətinin roluna yenidən nəzərə salmalıdır.

İctimai nəzarətin təmin olunması üçün dövlət qurumları imkan yaratmalıdır. Hər bir dövlət məmuru ölkə başçısından nümunə götürməlidir. Ölkə başçısı istənilən sahədə olan problemi media  vasitəsilə ölkə vətəndaşlarına çatdırır. Bu ictimai nəzarətin ən mühüm nümunəsidir.  

Hesab edirəm, cənab prezident tərəfindən iyulun 23-də və avqustun 6-dakı müşavirədəki dövlət qurumlarının fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakı və ictimai nəzarət ilə bağlı çıxışları həm dövlət qurumları, həm də QHT-lər üçün yol xəritəsi olmalıdır. Çox qısa və konkret formada Prezident ictimai iştirakçılıq və nəzarət ilə bağlı mövqeyini ortaya qoyub. Dövlət qurumları artıq özləri üçün nəticələr çıxarmalıdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu