Deputat dəstəkləyir: “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması strateji qərardır”

“Bu Holdinq milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər” 


İnvestisiya mühitinin formalaşdırılması prosesləri hər bir ölkənin iqtisadi siyasətinin strateji istiqamətlərindən biri kimi diqqət çəkir. Bunun əsas səbəbi iqtisadi inkişaf proseslərində davamlı şəkildə investisiya resurslarına və maliyyə təminatına zərurətin olması ilə bağlıdır. Dövlətin investisiya siyasətinin optimal formalaşdırılması üçün bütün məsələlər kompleks şəkildə təhlil olunmalı və investisiya siyasətinin ana xətti kimi qəbul edilən mexanizmlər uzunmüddətli dövrü əhatə etməklə əsaslandırılmalıdır.

Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında imzaladığı fərman ölkə ictimaiyyəti tərəfindən  müsbət dəyərləndirilib.

 Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasını  strateji qərar adlandıran millət  vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasına görə, bu Holdinq milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər: 

"Ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda   üfüqi və şaquli vektor üzrə aparılır. Yəni  islahatlar yeni tipli  idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üşün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə  hər gün bir  qədər daha əhatəli və daha köklü forma alır.

COVİD-19 pandemiyasının  yaratdığı qlobal şərtlər isə sosial izoliyasiya şəraiti  içərisində  iqtisadiyyatın canlandırılması  və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir. Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdirmək üçün yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması  olduqca aktualdır".
 
Deputatın fikrincə, bütün dünyada sərmayə qıtlığının yaran biləcəyi bir vaxtda milli resursların, xüsusilə  dövlət şirkətlərinin iqtisadi potensialının investisya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir: 

"Ölkə rəhbərinin  sərəncamında da  qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

Əslində isə bu həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın. Ona görə də sərəncamda  azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi vurğu edilir".

Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin çəkisinin böyük olduğunu vurğulayan H.Babaoğlunun sözlərinə görə, dövlət müəssisələrinin məşğulluqda payı təqribən 25 faizdir.
15 ən iri dövlət müəssisələrinin aktivlərinin həcmi ölkənin Ümum Daxili Məhsul  ilə müqayisə edilə bilən səviyyədədir: " Bu nəhəng  iqtisadi və maliyyə potensialıdır ki , onun iqtisadi münasibətlər sistemində realizə olunması  hətta sıçrayışlı iqtisadi dinamika yarada bilər ki , bu da iqtisadi inkişafımızda tamailə yeni mərhələ yarada bilər" .

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Şəymən Bayramova Yazarın yazıları
menu
menu