"Azərbaycan artıq yeni iqtisadi modeli təqdim etməkdədir” - Vüqar Bayramov

"Kifayət qədər çoxmiqyaslı vergi güzəştləri iqtisadi islahatların genişləndirilməsi üçün bir baza formalaşdırıb"

“Həyata keçirilən tədbirlər və islahatların əsas hədəfi pandemiyanın vətəndaşlarımıza və bütövlükdə iqtisadiyyata təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. 

Deputat bildirib ki, pandemiya dövründə də islahatlar prioritet olaraq qalmaqdadır:

“Prezident İlham Əliyevin sonuncu müşavirədə çıxışı Azərbaycanda pandemiyanın davam edən aylarda, eləcə də potensial postpandemiya dövründə dərinləşdirilmiş islahatların davam etdiriləcəyi kimi xarakterizə olunmalıdır. Dərinləşmiş islahatların davam etdirilməsi pandemiyanın iqtisadiyyata təsirlərini minimuma endirəcək. Eyni zamanda postpandemiya dövründə iqtisadi artımın, inkişafın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq. Bu, 2020-ci ilin ikinci yarısı üçün həyata keçirilən islahatlarla bağlı tapşırıq və göstərişlər kimi xarakterizə olunmalıdır. Liberal iqtisadiyyatın genişləndirilməsi, dövlət dəstəyinin artırılması fonunda sahibkarlıq subyektləri üçün yeni imkanların yaradılması, idarəetmə sisteminin təkmilləşdirilməsi məhz dərinləşmiş islahatların əsas hədəfidir”.

V.Bayramovun sözlərinə görə, 2018-19-cu illərdə həyata keçirilən islahatlar Azərbaycanın pandemiyaya daha çevik reaksiya verməsinə və pandemiyanın təsirlərini minimumlaşdırmasına imkan yaradıb:

“İqtisadi paket çərçivəsində bir tərəfdən dövlət müəssisələrində çalışan 900 min vətəndaşımızın əməkhaqqısı ödənildi. Özəl sektorda çalışan 300 minə yaxın muzdlu işçinin ziyanı tam və ya qismən kompensasiya olundu. Təxminən 300 minə yaxın fərdi və mikrosahibkara dövlətdən birbaşa yardım almaq imkanı yaradıldı. İqtisadi paket strateji olaraq sahibkarlar üçün vergi güzəştləri və güzəştli kredit portfeli təklif etdi. Artıq pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən faydalanır. Kifayət qədər çoxmiqyaslı vergi güzəştləri iqtisadi islahatların genişləndirilməsi üçün bir baza formalaşdırıb. Eyni zamanda güzəştli kreditlərə çıxış imkanlarını artırıb ki, bu da sahibkarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi baxımından vacibdir”.

Parlament üzvü nəzərə çatdırıb ki, müşavirədə Prezidentin çıxışı yaxın zamanlarda yeni paketin təqdim olunacağından xəbər verir:

“İri dövlət müəssisələri ilə bağlı islahatların genişləndirilməsi imkan verəcək ki, büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi mümkün olsun. Həmçinin, şirkətlərin xidmətləri üzrə itkilərin azaldılması daha səmərəli xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq. Azərbaycanda pandemiya dövründə iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur. İqtisadi islahatlar liberal iqtisadiyyatın daha da dərinləşməsinə, gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsinə səbəb olacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan artıq yeni iqtisadi modeli təqdim etməkdədir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu