Prezident mənzərəni gözəl təhlil etdi, bundan sonra qlobal dəyişiliklər olacaq - İqtisadçı ekspert 

"Bu, o demək deyil ki, hökumət ömrü boyu AZAL-a pul xərcləməlidir və hər hansı xeyiri olmamaldır?"

Bildiyimiz kimi avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

Dövlət başçısı müşavirədə geniş nitq söyləyib. Ölkə rəhbərliyi bəzi dövlət şirkətlərini tənqid edib. Prezident bəyan edib ki,  vergilərin 75 faizi özəl sektorda formalaşır:

“Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Azərbaycanda rahat pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni,bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. İsrafçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir. Bu layihələr başa çatanda sonra aydın olur ki, bunun səmərəsi yoxdur”.

Dövlət başçısının bu fikirlərini “Şərq”ə şərh edən iqtisadçı ekspert Fuad İbrahimov cənab Prezidentin israfçılıqla bağlı son çıxışını çox ağrılı və konkret şəkildə artıq xəstəliyə məruz qalmış sahəyə çox böyük diqqət yetirdiyi ilə əlaqələndirib:

“Dövlət başçısının dedikləri çox doğrudur. Burada söhbət xüsusilə AZAL, ADDY kimi bu qəbildən olan dövlət şirkətlərindən gedir. Hansılar ki, onlar dövlətdən subsidiya alırlar. Belə deyək, dövlətin boynunda yük kimi sallanıb qalan bu dövlət şirkətlərinin eyni zamanda da öz kommersiya maraqları var. Cənab Prezident düz vurğuladı ki, müasir təyyarələr alınıb. Onların problemləri dövlət tərəfindən həll edilir. Məsələn, bunlar üçün kreditlər götürülür və faizlərini dövlət verir. Qaytarılması isə yenə dövlətin boynunda qalır. Bəs, bunlardan gələn xeyir hara gedir? Bunların heç biri şəffaf şəkildə gündəmə gəlmir. Bir şey maraqlıdır ki, dövlət nəzarətini həyata keçirən Hesablama Palatası var . Onlar hər ilin axırı bütün dövlət nəzarət orqanlarında, o cümlədən dövlət şirkətlərində müəyyən planlı yoxlamalar aparmalıdır. Tutaq ki, aparılıbsa, bu planlı yoxlamaların nəticələri hardadır? Bunların gəlirləri haqqında şəffaf məlumatlar hardadır? Cənab Prezident çox gözəl vurğulayır ki, orada işləyən, müəyyən rəhbər vəzifədə olan yoldaşların həyat tərzindən bəlli olur ki, heç də bunlar çıxılmaz vəziyyətdə, çətin durumda deyillər. Amma rəsmi məlumatlarda konkret görünür ki, bu şirkətlərin heç bir mənfəəti yoxdur. Hər hansı bir problem olan kimi təkrarən hökumətə müraciət olunur. Hər hansı bir infrastrukturun həm cari, həm də yenidənqurma işləri ilə bağlı hökumətə müraciət olunur. Mənfəəti olmadığı halda hökumət illərlə bu sahələrə vəsait ayırır. Amma ki, dövlət heç bir mənfəət götürmür. Bu nöqteyi- nəzərdən cənab Prezident öz xəbərdarlığını etdi”.

Ekspert Prezidentin bu çıxışından sonra müəyyən dəyişikliklərin olacağını da vurğulayıb:

“Hesab edirəm ki, bundan sonra qlobal şəkildə dəyişiliklər olacaq. Ən azından hesabat vermə məsələləri ilə bağlı bu ilin sonunda artıq başqa göstəricilər müşahidə edəcəyik. Həmçinin tələblər də dəyişəcək. Düşünürəm ki, hətta idarəetmə ruhunda kadr siyasətində də dəyişikliklərin aparılacaq.  Bildiyimiz kimi, Azərbaycanda neftin qiymətinin düşməsi, paralel olaraq pandemiya ilə bağlı idarəetmə üsulları görün necə elastikdir ki, bizdə iqtisadi problemlər ciddi şəkildə hiss olunmur. Yəni, son 5 ildə bu cür stabil vəziyyət iqtisadiyyatımızda elastikliyin və dayanıqlığın yaranması nəticəsində baş verib. Amma eyni zamanda indiki dövrdə israfçılığa yol verə bilmərik. Son zamanlar düşünürəm ki, əməlli-başlı bu sahələrdə təftiş aparılacaq.Təftiş nəticəsində yeyinti hallarının üzə çıxması isə  cinayət işinin açılması ilə yekunlaşacaq. Bu günləri infrasktukturlarda elə bir layihələr irəli sürməliyik ki, gəlir nöqteyi-nəzərdən bir mənfəətlik proqnozu olsun. Səmərəlilik son mərhələyə çevrilməməlidir. Yəni ki, Azərbaycanda AZAL kampaniyası var. Amma bu, o demək deyil ki, hökumət ömrü boyu bura pul xərcləməlidir və hər hansı xeyiri olmamaldır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, hökumət səmərəli layihələrə daha çox diqqət yetirməlidir. Düşünürəm ki, belə də olacaq. Başqa cür mümkün deyil".

Aynurə Pənahqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu