Lukaşenkonu ağır sınaq gözləyir ! – “Son qələbə onun üçün “Pir qələbəsi” idi”

“Lukaşenkonun legitimliyi şübhə altındadır və onun Kreml qarşısında diz çökməkdən başqa yolu qalmır”

“Bu halda da onun Qərblə problemləri yaranacaq”

“Minsk Qərbin kreditlərindən məhrum ola bilər. İstənilən halda, Lukaşenkonu iflas gözləyir”


Dünən Belarusda Prezident seçkiləri keçirilib. İlkin nəticələrə görə Aleksandr Lukaşenko səslərin 80,23 faizini qaazanıb. Bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib. Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskya isə 9,9 faiz səs toplayıb. Nəticələr elan edildikdən sonra isə paytaxt Minskdə və ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.

Qeyd edək ki, Belarusda A.Lukaşenko 1994-cü ildən etibarən Prezident vəzifəsindədir. Bəzi iddialara əsasən A. Lukaşenkonun Rusiya prezidenti Vladimir putin arasındakı münasibətlərdə soyuqlaşma müşahidə olunur. Məhz ona görə də V.Putin A.Lukaşenkonun qalib gəlməsində maraqlı deyil. Ümumiyyətlə isə, bu ölkədə Qərb və Rusiyanın fərqli maraqlarının olduğu iddia olunur. 



Belarusdakı prosesləri  “Sherg.az”a şərh edən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, seçkidən öncə Rusiya terrorçu Vaqner qrupunu Minskə göndərib. Analitikin qənaətincə, bəlli idi ki, Kreml Lukaşenkonu seçkidən zəifləmiş vəziyyətdə çıxartmaq niyyətindədir:

“Lukaşenko seçki öncəsi Rusiyanı açıq ittiham edirdi. Ümumiyyətlə, son vaxtlar rəsmi Minsk Qərbə inteqrasiya yolunu seçib. Rusiya Belarusda vəziyyətin ağırlaşmasında maraqlıdır.

Moskva vəziyyəti ağır olan Lukaşenkonu xilas etmək üçün ağır şərtlər irəli sürə bilər. Bu şərtlər Belarusun müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər. Lukaşenko seçkidən sonra etirazçılara qarşı sərt davrandı.

Hətta ölənlər də var. Elə seçkinin özünə də az namizəd buraxılmışdı. Lukaşenko güclü rəqiblərini həbs eləmişdi. Buna baxmayaraq, adi bir namizəd 25 ildir, hakimiyyətdə olan Lukaşenkoya ciddi problemlər yarada bildi”. 

A.Rəşidoğlu vurğulayıb ki, artıq Lukaşenkonun legitimliyi şübhə altındadır və onun Kreml qarşısında diz çökməkdən başqa yolu qalmır:

“Bu halda da onun Qərblə problemləri yaranacaq. Minsk Qərbin kreditlərindən məhrum ola bilər. İstənilən halda, Lukaşenkonu iflas gözləyir. O, bir daha prezident postu uğrunda savaşa girə bilməyəcək. Son qələbə onun üçün “Pir qələbəsi” idi. Lukaşenkonu ağır sınaq gözləyir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu