“Diplomlular çox vaxt işsiz qalırlar”- Səbəblər sadalandı... 

“Çünki ali təhsil alanların əksəriyyəti sırf ixtisası mənimsəyən kadrlar olmurlar”

“Onların əksəriyyəti kortəbii olaraq seçdikləri ixtisasda oxuyurlar"

"Bu mənada yüksək keyfiyyətli kadr kimi yetişməkləri kölgə altında qalır”

“Orta məktəblərdə peşə təhsilinə maraq kütləvi hal almalıdır”




Peşə təhsili müəəsisəsinə qəbulda yeni qaydalar tətbiq olunacaq. Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuzadə bildirib ki, peşə təhsili müəəsisəsinə qəbul üçün bu ildən ASAN xidmət mərkəzlərinə getməyə ehtiyac yoxdur.
Onun sözlərinə görə, bu ildən qəbul mərkəzləşmiş sistem əsasında həyata keçiriləcək: "Peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər qəbul.vet.edu.az platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətlər barədə ərizçinin "Şəxsi kabineti"nin bölümündə göstərilir.

Baş məsləhətçi qeyd edib ki, bəziləri hələ də buraxılış imtahanını verməyib və attestat almayıblar: 
“Həmin şəxslər oxuduqları məktəbdən attestat imtahanını növbəti mərhələdə verəcəyi barədə sənəd və 10 fənn barədə qiymət cədvəlini almalıdır. Qeydiyyat zamanı bu sənədlər istifadə edə bilərlər.
Həmçinin müraciət edənlərə bitirdiyi təhsil səviyyəsinə uyğun ixtisaslar təklif olunacaq. Yəni 9 və 11-ci siniflərə uyğun ixtisaslar göstəriləcək. Buna görə də məlumatları doğru qeyd etmək lazımdır”.



Yeni qaydaların tətbiqinə dair fikirlərini "Sherg.az”la bölüşən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət bildirib ki, ölkəmizdə peşə təhsilinə diqqətin artırılması çox gözəl təşəbbüsdür. 
Ekspertin sözlərinə görə, 2016-cı ildə Prezidentin fərmanı ilə aprelin 20-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Agentliyin gördüyü işlərdən biri də şagirdlərin peşə təhsilinə cəlb olunması mexanizminin vacib tərəflərinin düzgün qurulmasıdır:

“Çox vaxt peşə təhsili deyəndə uşaqlar bundan yayınırlar. Valideynlərdə olan stereotiplər var ki, mütləq hamı ali təhsil almalıdır. Bu sindromu qıra bilməyən ailələr var. Onlar övladlarının potensialının hansı səviyyədə olduğunu nəzərə almadan övladlarını ali məktəbə yönləndirirlər. Ali məktəbi bitirmiş, savadlı və diplomlular çox vaxt işsiz qalırlar. Bunun da səbəbi odur ki, ali təhsil alanların əksəriyyəti sırf ixtisası mənimsəyən kadrlar olmurlar. Onların əksəriyyəti kortəbii olaraq seçdikləri ixtisasda oxuyurlar. 

Ona görə də yüksək keyfiyyətli kadr kimi yetişməkləri kölgə altında qalır. Məhz bu səbəbdən daha çox peşə təhsilinə önəm vermək lazımdır. Bu, yenə də ailələrin üzərinə düşür. Orta məktəblərdə, hətta məktəbəqədər təhsildən başlayaraq şagirdlərin düzgün maarfiləndirməsi olmalıdır. Məktəbdə təhsil alan şagirdlərdə peşəyəyönmülü olan tərəflər aşkarlanarsa, məhz müəllim valideynlə birləşib şagirdi marağı olan tərəfə yönəltməlidir”.

Ekspert vurğulayıb ki, peşə təhsili bütün sivil dövlətlərdə ən önəmli sahələrdən biridir:

“Bütün sahələrdə ən önəmli peşələr var. Bu peşələrə mükəmməl yiyələnənlər hər zaman işdə uğur qazanıb, kiçik sahibkara çevrilirlər. Bütün bunları şagirdlərə aşılayıb valideynləri maarfiləndirəndə həqiqətən peşəyə sevgi artır”.

A.Həsrət təəssüflə qeyd edib ki, bəzi orta məktəblərdə peşə təhsilinə maraq kütləvi hal almayıb:

“Peşəyönümlü təmayüllü siniflər açılır. Bu zaman orta məktəb müəllimləri guya ən zəif və oxuya bilməyən şagirdləri ora yönləndirirlər. Ad da qoyulur ki, pis oxuyan şagirdlər gedib o təmayüllü məktəblərdə oxusunlar. Bu yanaşma səhvdir.

Şagirdə demək lazımdır ki, “sənin düşüncə tərzin, məntiqin, bacarığın və yüksək potensialın əsas verir ki peşə təhsilində daha böyük uğur qazanasan”. Bu fikri şagirdə desələr, valideynlərə bildirsələr, yüksək nəticə əldə etmək olar. Əminliklə deyirəm ki, daha çox sayda şagirlərimiz peşə məktəbinə meyillənərlər”. 

Ekspert vurğulayıb ki, peşə məktəblərinin yüksək maddi-texniki baza ilə təmin olunması vacibdir:

“Özəl sektorlara nəzər yetirsək, bu bazanın olduğunu görərik. Amma dövlət peşə məktəblərində maddi-texniki baza bir qədər zəifdir. Əksər dövlət peşə məktəblərində maddi-texniki bazanın lazımi səviyyədə olmasına diqqət yetirmək lazımdır.

Bu zaman 2016-cı ildə Prezident tərəfindən yaradılmış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin işində müsbət addımları görə bilərik. İlk növbədə valideynlərin maarfiləndirilməsi, daha sonra peşə təhsilində şagirdlərə dərs deyə biləcək kadrların hazırlanmasına diqqət yetirmək lazımdır.

Şagirdlərimizin də peşə təhsilinə yiyələnməsi üçün orta səviyyəli maddi-texniki baza ilə təmin olunmuş  müəssisələrdə tədrislərinin davam etdirilməsinə xüsusi diqqət yetirmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu