Sahili təmiz saxlamaq şərtdir

Çimərliklərdə sanitariya qaydaları unudulmamalıdır

Bəzi vətəndaşlar bilərəkdən dənizi çirkləndirirlər

“Bu gün çimərliklərdə ciddi sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır. Çimərliklərdə sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlərdə xüsusi nişanlar ayrılıb, lakin sosial məsafənin saxlanması elə söz olaraq qalır. Müşahidələr onu göstərir ki, vətəndaşlar əslində qoyulan qaydalara ciddi riayət etmirlər.

Dövlətimizin aylardır ki, gördüyü ciddi profilaktik tədbirlər nəticəsində yoluxma sayında ciddi azalmalar var. Lakin bu cür davranışlar vəziyyəti yenidən ciddiləşdirəcək. Bir müddətdən sonra real vəziyyətin necə olduğu məlum olacaq. Amma son durumla bağlı konkret nəsə demək çox çətindir. İnsanların özləri bu məsələlərə çox biganə yanaşırlar”.

Bu sözləri “Şərq” qəzetinə açıqlamasında Azərbaycan Respublikasının Xüsusi Ekspert Hüquq Xidmətinin rəhbəri Rasim Əlizadə deyib. 

Ekspert çimərlik sahələrində insanların gigiyena qaydalarına riayət etmədiklərinə də diqqət çəkib: “Daha bir təhlükə isə vətəndaşların belə bir vəziyyətdə çimərlikləri bilərəkdən çirkləndirməsidir. Bütün çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul edirlər. İcra Hakimiyyətinin tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər.

Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir. Amma vətəndaşlar məsulyyətsizlik edərək, bilərəkdən çimərliklərə tullantılar atırlar.

Onlar düşünmürlər ki, başqa insanlar da bura istirahət etməyə gələcəklər. Anti-sanitar vəziyyətin günlərcə, ard-arda davam edən məsuliyyətsizlik çimərlik zonalarını bərbad, daha doğrusu, belə deyək, iyrənc vəziyyətdə olmasına gətirib çıxarır. Bu cür anti-sanitar vəziyyət nəticəsində yaxın vaxtlarda koronavirusa yoluxanların sayı  kütləvi hal ala bilər.

Təbii ki, bu kimi halların qarşısının alınması əslində mümkündür. Bunun üçün müvafiq orqanlar tərəfindən buna nəzarət edilməli, həmin şəxslər barəsində inzibati tənbehlər görülməli və çox ciddi şəkildə cəzalandırılmalıdırlar.

Belə bir məsuliyyətsizlik yaradan şəxsin cəzasız qalması qəbuledilməzdir. Həmin vətəndaş  ümumən həm özünə, həm də cəmiyyətə böyük hörmətsizlik edir”. 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu