"Birinci yerdə elmdir, sonra idman..."

İlham Zəkiyev: "Uşaqlarımı məcbur etməyəcəm ki, olimpiya, dünya çempionu olsunlar"

"Başıma məlum hadisə gələndə cəmi 18-19 yaşım var idi. Bütün planlarım məhv olmuşdu. Çox çətin idi mənə. Çox şükürlər olsun Allaha, ailəm, dostlarım, qohumlarım yanımda oldular"


Qələbələrini təkrarlayan idmançılardan söhbət açılanda İlham Zəkiyevin adını çəkməmək mümkün deyil. İkiqat paralimpiya və yeddi qat Avropa, ikiqat dünya çempionumuzun vətən, idman və həyat sevgisi heç vaxt tükənməyib. O, hələ də Azərbaycana medal gətirmək, bayrağımızı dalğalandırmaq arzusundadır. İki dəfə dünya çempionu olan, “Şöhrət” ordenli, “Tərəqqi” medalçısı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatçısı İlham Zəkiyev həm də əməkdar idman ustasıdır. Qəhrəmanımız 3 mart 1980-ci ildə anadan olub. Orta maddi imkanlara malik ailədə dünyaya göz açan İlham hələ uşaq yaşlarından prinsipiallığı ilə həmyaşıdlarından fərqlənib.
Sumqayıt məktəbliləri arasında xüsusi ad-sana malik gələcək çempion 15 yaşında peşəkar idmanla məşğul olmağa başlayır. Çox qısa müddətdə fərqlənməyi bacarır. Sumqayıtda cüdo üzrə keçirilən yarışlarda qalib gəlir, sambo üzrə yeniyetmələr arasında Azərbaycan çempionu olur. Ailəlidir. İlkin, Həmzə adlı iki oğlu, Aynur adlı bir qızı var. İlham Zəkiyevin “Şərq” qəzetinə verdiyi özəl müsahibəsini təqdim edirik:

- Hazırkı pandemiya vəziyyəti sizin üçün çətin deyil ki?

- Təbii ki, sərt karantin rejimi bizlər üçün çox çətin oldu. Xüsusilə də, məşq zallarının bağlı olması bizə bir çox çətinliklər yaratdı. Düzü, evdə mütəmadi olaraq məşqlər edirdim, amma bu o qədər də effekt vermirdi. Bu müddət ərzində formada qalmağa çalışdım. Şükür, vəziyyət günü-gündən yaxşılığa doğru gedir. Ümid edirəm ki, tezliklə bu vəziyyətdən üzüağ çıxacağıq.

- Karantin günlərində darıxmamaq üçün nələr etdiniz?

- İl ərzində təlim-məşq toplanışları səbəbindən çox az müddətdə evdə olurdum. Buna görə də uşaqlara çox vaxt ayıra bilmirdim. İndi isə kifayət qədər vaxtım oldu. Ailəmə vaxt ayırdım. Uşaqlarıma dərslərində köməklik göstərdim.

- Sizcə necə atasınız?

- Evdə uşaqların suallarından bezmək lazım deyil. Həmişə övladlarımın verdiyi sualları dolğun cavablandırmağa çalışıram. Çünki o sualın cavabını gedib başqasından başqa cür götürə bilərlər. Onlara hər şeyi ətraflı izah edirəm, nə düzgündür, nə səhvdir.

- Övladlarınızın da sizin kimi idmançı olmağını istəyərdinizmi?

- Əlbəttə. İstəyirəm ki, onlar vətənpərvər ruhda böyüsünlər. Vətənimizi sevsinlər. Amma ilk olaraq, təhsil almalarını istəyirəm. Hələ bu seçimi etmək üçün körpədilər. İnşallah, gələcəkdə buna özləri qərar verər. İdman sahəsinə maraqları var. Sağlamlıq üçün məşğul olurlar, amma onları məcbur etməyəcəyəm ki, Olimpiya, dünya çempionu olsunlar. Birinci yerdə elmdir, sonra isə idmandır. İnşallah, alınsa, öz peşəkarlığımızdan istifadə edərək yol göstərəcəyik.

- Uşaqlardan söz düşmüşkən, İlham Zəkiyev uşaqlıqda necə biri olub? Onu başqalarından nə fərqləndirib?

- Bir az fiziki cəhətdən yaşıdlarımdan seçilirdim. Bir də yaxşı əl qabiliyyətim var idi, çox gözəl rəsmlər çəkirdim. Məktəbin bütün divar qəzetlərini mənə həvalə edirdilər. “20 Yanvar”, “Xocalı soyqırımı”na, Novruz bayramına və sair aid şəkillər çəkirdim.

- Hansı fənləri oxumağı sevirdiniz?

- Özüm rus sektorunu bitirmişəm. Rus dili və ədəbiyyat, bir də coğrafiya fənnini çox xoşlayırdım. Hətta coğrafiyadan olimpiadada yer tutmuşdum.

- Gündəlik qidalanma tərziniz necədir?

- Gündə 3 dəfə qidalanıram. Səhərlər dədə-baba qaydasıyla şor, pendir, çörək yeyirəm. Təlim məşqlərdə kalorili qidalara daha çox üstünlük veririk. Plov, tərəvəz dolmasını xoşlayıram. Azərbaycan mətbəxi doğrudan da zəngindir. Xaricə gedəndə öz mətbəximiz üçün darıxıram.

- Heç indiyədək taleyinizdən narazı qalmısınızmı?

- Heç vaxt narazı qalmamışam. Çünki Allah heç kəsə qaldıra bilməyəcəyi yükü yükləməz. Başıma məlum hadisə gələndə cəmi 18-19 yaşım var idi. Bütün planlarım məhv olmuşdu. Çox çətin idi mənə. Çox şükürlər olsun Allaha, ailəm, dostlarım, qohumlarım yanımda oldular. Məni dəstəklədilər. Özüm də o gücü tapdım və 2002-ci il noyabrın 1-də yenidən idmana qayıtdım.

- Daim mehriban, xoş davranışlarınız ilə seçilən simalardansınız. Bəs hansı mənfi xarakteriniz var?

- (Gülür) Yaxşı olardı ki, bunu dostlarımdan soruşasınız. Ən düzgün cavabı onlar deyə bilər.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Ailəm və dostlarımla keçirməyi xoşlayıram. Bir yerdə onlarla çay içib, söhbət edirik.

- İdmançının uğuru 3 amildən - ağlından, qüvvəsindən, ruhundan asılıdır. Heç ruhdan düşdüyünüz anlar olubmu?

- Hamının ruhdan düşdüyü anlar olur. Amma hər bir yarışdan sonra - udanda da, uduzanda da - Allaha şükür edirəm. Uduzuruqsa, deməli, özümüzdə nə isə boşluq olur. Ola bilər ki, rəqibimiz bizdən bir qədər çox məşq edib, ona görə qalib olur. İdmançı udar da, uduzar da

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu