10 siyasi partiya imza atıb

Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlıq dəstəkləndi

Məlum olduğu kimi, 10 siyasi partiya Azərbaycan Demokrat Partiyasının qərargahında toplantı keçirib. ADP sədri Sərdar Cəlaloğlunun təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki mövcud vəziyyət və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə çıxış edən partiya sədrləri Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsinin vacibliyini vurğulayıblar və bununla bağlı birgə bəyanat imzalayıblar. Toplantıya bütün siyasi partiyalar dəvət olunsa da, Müsavat və Xalq Cəbhəsi görüşə qatılmayıb. 



AĞ Partiya sədri Tural Abbaslı görüşlə bağlı “Şərq”ə danışarkən bildirib ki, karantin rejiminin şərtləri nəzərə alınaraq toplantıda məhdud sayda partiyanın iştirakı qərara alınıb. Onun sözlərinə görə, ilk olaraq maksimum 10 siyasi partiyanın iştirakı nəzərdə tutulmuşdu və görüş elə həmin sayda da baş tutub:

“Tədbirin məqsədi qəbul etdiyimiz bəyanatda əks olunduğu kimi, Tovuz ərazisində baş vermiş təcavüz fonunda yaranmış son siyasi-ictimai vəziyyətin müzakirəsi və dəyərləndirilməsi idi. Eyni zamanda, Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri və hərbi müttəfiqliyin dərinləşməsinin vacibliyini vurğulayan mövqenin partiyalar tərəfindən sərgilənməsiydi.

Düşünürəm ki, müxalifət partiyalarının belə toplantıları və müxtəlif ictimai-siyasi məsələlərə birgə mövqe sərgiləmələri davamlı olmalıdır.  AĞ Partiya olaraq hər zaman partiyalar arasında əməkdaşlığın və müttəfiqliyin tərəfdarı olmuşuq. Bu gün də yanaşmamızda hər hansı dəyişiklik yoxdur. Hər zaman Azərbaycan və onun maraqları naminə istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazırıq”.



AMİP Siyasi Şurasının üzvü Əli Orucov da “Şərq” deyib ki, müxalifət partiyalarının zaman-zaman bir araya gəlməsi zəruri və önəmlidir. Partiya təmsilçisinin sözlərinə görə, ölkənin düşdüyü durum və beynəlxalq vəziyyət diktə edir ki, siyasi qurumlar vahid mövqe sərgiləsin:

“AMİP olaraq 10 siyasi partiyanın bəyanatına imza atmışıq. Əsas müzakirə mövzumuz Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın daha da dərinləşməsidir. Hesab edirik ki, qardaş ölkə ilə bütün sahələrdə sıx münasibət qurulduğu kimi hərbi sahədə də əməkdaşlıq mümkün qədər inkişaf etdirilməlidir. Xüsusən, indiki dönəmdə Türkiyə ilə hərbi birlik daha zəruridir. O ki qaldı bəzi partiyaların görüşdən imtina etməsinə, bu, onların şəxsi yanaşmasıdır.

Əgər hansısa siyasi təşkilat özünü kənarda saxlayırsa, birgə bəyanata imza atmırsa, deməli, bu addım onların siyasi kurslarına və prinsiplərinə uyğundur. Hər halda partiyalar ölkə üçün vacib olan məsələlərin həllindən qaçmamalıdır. AMİP bundan sonra da hər zaman öz dəstəyini verəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu