Lukaşenkonun başağrısı dövrü başlayır

Politoloqlar MDB məkanında ən etibarlı müttəfiqimizi dəstəkləyirlər


Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident Aleksandr Lukaşenko 80,23 faiz səs toplayıb. Posta iddialı 5 namizəd arasında onun əsas rəqibi Svetlana Tixanovskaya isə 9,9 faiz səslə ikinci sırada qərarlaşıb. Lakin seçkilər 26 ildir ölkəni idarə edən Lukaşenkonun qələbəsi ilə razılaşmayan müxaliflərin və onların tərəfdarlarının kütləvi etirazları ilə müşayiət olunub. Seçki gecəsi küçələrə axışan etirazçılarla Xüsusi Təyinatlılar arasında toqquşmalar qeydə alınıb.
Asayiş keşikçiləri aksiyanı dağıtmaq üçün dəyənək və bibər qazından istifadə ediblər. Polislər toplaşanları qorxutmaq üçün səs qumbaralarını da işə salıb. Xeyli sayda insanın yaralandığı bildirilir. Hüquq müdafiəçilərinin sözlərinə görə, yüzlərlə etirazçı həbs olunub. Müxalifətin əsas namizədi sayılan, böyük mitinqlərə rəhbərlik edən 37 yaşlı Svetlana Tixanovskaya seçki komissiyasının açıqlamalarına etibar etmədiyini söyləyib. 

Aksiyaçı beyin travması xəsarətindən dünyasını dəyişib

Minskdəki etiraz aksiyaları zamanı bir vətəndaşın öldüyü iddia edilib. “Vesna” İnsan Haqları Mərkəzinin nümayəndəsi Valentin Stefanoviçin məlumatına görə, ixtişaşda xüsusi nəqliyyat vasitəsinin etirazçıların üzərinə sürülməsi zamanı ölümlə nəticələnən hadisə baş verib. Zərblə yerə çırpılan aksiyaçı beyin travması xəsarətindən dünyasını dəyişib. Stefanoviç bundan əlavə, üç nəfərin ağır yaralandığını da söyləyib. 

“Aksiyalar zamanı baş verənlər barədə yanlış məlumatlar yayılır” 

Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova internetdə yazılanların çoxunun həqiqətə uyğun olmadığını deyib. DİN sözçüsü bildirib ki, bazar günündən bəri operativ qərargah yaradılıb və hazırda bütün proseslər izlənilir, məlumatlar toplanılır: “Yaxın vaxtlarda hüquq-mühafizə orqanları baş verənlər barədə rəsmi məlumat verəcək”. 

Lukaşenkonun rəqibi seçkinin nəticələrini tanımaqdan imtina edib

Svetalana Tixanovskayanın nümayəndəsi Olqa Kovalkovanın iddiasına görə, Tixanovskaya ölkənin bütün regionlarında 70-90 faiz səs yığıb: “Heç bir saxtakarlığın aparılmadığı, səslərin düzgün sayıldığı seçki komissiyalarından aldığımız məlumatlar var. Svetlana qalib gəlib. MSK-nın dediyini normal qəbul edə bilərik? Əlbəttə ki, yox. Ola bilməz ki, Svetlanaya bir məntəqədə 90 faiz, ikincidə 3 faiz səs verilsin”.  

Lukaşenkodan müxalifətə: Gedin, etiraz edin!

Belarus Prezidenti Aleksandr Lukaşenko icazəsiz etiraz aksiyasında iştirak edənləri məsuliyyətli olmağa dəvət edib. Dövlət başçısı mitinqlərdə qanunu pozanların məsuliyyətə cəlb ediləcəyini bildirib: “Minskdə 6 meydan var. Yalnız bir-ikisində mitinq olub, digər 4-ü isə ehtiyatdadır. Gedin, etiraz edin. Lakin siz harada gəldi etiraz aksiyası təşkil etsəniz, o zaman qanunu pozmuş olursunuz və biz sizi məsuliyyətə cəlb edəcəyik”. 

Lukaşenko aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib

Lukaşenko seçkidən sonra ölkədə keçirilən aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib. O, mitinqlər zamanı nümayişçilərin Polşa, Britaniya və Çexiyadan gələn telefon zəngləri ilə idarə edildiyini bildirib: “Keçmiş kəşfiyyatçılar olaraq siz də bilirsiniz, biz ölkə xaricindən edilən zəngləri qeydə almışıq. Bu zənglər Polşa, Britaniya və Çexiyadan gəlib. Belarusda "Maydan"a icazə verməyəcəm, ölkəni parçalamaq cəhdlərinə adekvat cavab veriləcək”. 
Polşanın xarici işlər naziri Yatsek Çaputoviç ittihamları cavabsız qoymayıb və əsassız olduğunu deyib.

“Hakimiyyət orqanlarını ələ keçirməyə cəhd ediblər” 

Lukaşenko aksiya iştirakçılarının polisi təxribata çəkdiyini iddia edib. Bildirib ki, seçki məntəqələrinin bağlanmasından sonra etiraz aksiyasının iştirakçıları Qrodno vilayətinin iki yaşayış məntəqəsində hakimiyyət orqanlarını ələ keçirmək istəyiblər: “Aksiyaçılar Qrodno vilayətində Daxili İşlər Nazirliyinin polis şöbələrini və Hava nəqliyyatına nəzarət xidmətini ələ keçirməyə cəhd göstəriblər”. Lukaşenko Minskdə baş verən etiraz aksiyaları ilə bağlı vəziyyəti fəlakətli adlandırmasa da, insanlar üçün vəziyyətin kifayət qədər təhlükəli olduğunu vurğulayıb. O, kütləvi iğtişaşların qarşısının alınmasında göstərdikləri xidmətlərə görə OMON-çulara təşəkkür edib. 

Aİ: Belarusdakı vəziyyəti yaxından izləməyə davam edəcəyik

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi Belarusdakı prezident seçkilərilə bağlı bəyanat yayıblar. Bəyanatda bildirilib ki, seçki gecəsi dinc etirazçılar qeyri-mütənasib və qəbuledilməz dövlət zorakılığı ilə üzləşib: “Etirazlarda bir vətəndaşın həyatını itirməsi və bir çoxunun yaralanması barədə məlumat var. Biz zorakılığı qınayırıq, gecə tutulanların hamısı dərhal sərbəst buraxılmalıdır. Belarus hakimiyyəti dinc toplaşmaq hüququna hörməti təmin etməlidir”. Vurğulanıb ki, yalnız insan haqları, demokratiya, azad və ədalətli seçkilərin qorunması Belarusda sabitliyə və suverenliyə zəmanət verəcək. 

Avropa Birliyi Belarusa sanksiya tətbiq edə bilər

Polşanın xarici işlər naziri Yatsek Çaputoviç deyib ki, Avropa Birliyi prezident seçkisindən sonra Belarusa yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirə bilər: “Ümid edirik, vəziyyət o həddə çatmaz. Hər şey vəziyyətin necə inkişaf edəcəyindən və hakimiyyətin növbəti addımlarından asılıdır”.

“Seçkidən sonra kütləvi etirazların baş verməsi yaxşı hal deyil”



Belarusdakı seçkinin nəticələrini və etiraz aksiyalarını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, rəsmi Bakının Lukaşenkonun prezident kürsüsünə əyləşməsini dəstəkləməsi doğru addımdır. Politoloq vurğulayıb ki, Lukaşenko MDB məkanında ən etibarlı müttəfiqimizdir:

“Minsk Dağlıq Qarabağ məsələsində birmənalı olaraq yanımızdadır. Lakin seçkilərdən sonra paytaxtda kütləvi etirazların başlaması yaxşı hal deyil. Ola bilsin, hökumət aksiyaları basdıracaq, ancaq bu, uzun çəkməyə bilər. Bəzən siyasilər xalqın rifahı üçün illərlə gördükləri müsbət işləri qaralamağı gözə alaraq hakimiyyətdə qalmağa çalışırlar. Bu da sonda milli faciə ilə nəticələnir və dövləti zəiflədir. Əlbəttə, heç bir xalqa inqilab və kütləvi iğtişaşlarla müşayiət olunan hakimiyyət dəyişikliyi arzulamıram. Bütün siyasi dəyişimlər normal və sivil seçki yolu ilə baş verməlidir. Hər halda Minski izləməyə davam etməliyik. Hazırda seçkilərə müdaxilənin Rusiyadan olduğu aydın görünür. Qərb ölkələri, Avropa hadisələrə birbaşa müdaxilə etmir. Reallıq isə odur ki, COVİD-19 pandemiyası dünyaya ciddi dəyişikliklər gətirəcək. Dünya yeni idarəetmə sisteminə keçid etməkdədir. İdarəetmənin mərkəzləşmiş sistem üzrə olacağı şübhəsizdir. Hazırda bunun həyata keçməsi üçün əngəllərin aradan qaldırılması yolları axtarılır”. 

“Belarusda siyasi-ictimai təşkilatlar tam oturuşmayıb”



Politoloq Məhəmməd Əsədullazadə də “Şərq”ə vurğulayıb ki, Belarusda siyasi vəziyyətin stabil olması Azərbaycan üçün önəmlidir. Siyasi şərhçinin sözlərinə görə, Lukaşenkonun hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir:

“Ermənistanın KTMT müttəfiqi olan Belarus Azərbaycanla sıx əməkdaşlıq edir. Ancaq hakimiyyətə gələn yeni qüvvələrin siyasi baxışları və ölkənin böhrana yuvarlanması regiona mənfi təsir edə bilər. Belarusda siyasi-ictimai təşkilatlar tam oturuşmayıb və ölkə bir nəfərin hakimiyyəti ilə idarə olunub. Bu, düzgün bir siyasət olmasa da, inqilab və xaos ölkəni bataqlığa aparar. Nəticədə, bu, Azərbaycan-Belarus əlaqələrinin inkişafına zərbə vura bilər. Postsovet ölkələrində demokratik təsisatların qurulması uzun bir prosesdir və yaxın perspektivdə mümkün görünmür”. 

“Belarus cəmiyyəti Lukaşenko üçün başağrısı olacaq”

M.Əsədullazadə hesab edir ki, inqilabın baş verməsi nəticəsində Rusiya Belarusa qoşun yeridər:

“Məhz buna görə Qərb ölkələri Belarusda siyasi vəziyyətin böhrana uğramasında maraqlı deyil. Müxalif namizəd Svetlana Tixanovskaya nəticələrlə razılaşmadığını elan edir. Siyasətçi olmayan və Qərb tərəfindən ciddi dəstəklənməyən Tixanovskayanın hakimiyyəti ələ almaq şansı yoxdur. Avropa ölkələrinin bəziləri Lukaşenkonun qələbəsini tanımasa da, bu mövqe həlledici olmayacaq. Amma bundan sonra siyasiləşmiş Belarus cəmiyyəti Lukaşenko üçün başağrısı olacaq və onun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək. Seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır. Prezident üçün çox çətin bir dönəm olacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu