Yanlışlıq var

Portal vətəndaşları mərkəzi çimərliklərə yönəldir

Karantin rejiminin ən vacib şərtlərindən biri olan sosial məsafənin qorunmasıdır, lakin bunun üçün şərait yaradılmalıdır

Çimərliklərin açılması ilə sıxlıq yaşanacağı onsuz da bəlli idi. Karantin rejimindəki yumşalmaları gözləyənlər yayın son ayından maksimum yararlanmaq üçün dənizə üz tutur. Nəticə isə heç də ürəkaçan deyil. Problem vətəndaşların Operativ Qərargahın tövsiyələrinə lazımi qaydada əməl etməməsidir.  
Nazirlər Kabineti yanında Operativ Qərargah avqustun 5-dən etibarən çimərliklərin istifadəsinə icazə verdikdə xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən  qaydalar da tərtib etdi. 

Çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə cimerlik.az portalı yaradılıb və vətəndaşlardan bu portala daxil olub çimərliklərdəki sıxlıq barədə məlumat almaları və sıxlığın az olduğu ərazilərə getmələri tövsiyə edilir. Məqsəd yoluxma riskini minimuma endirməkdir. Həmçinin, vətəndaşlardan çimərlik ərazisində sosial məsafəni qorumaq, sanitar-gigiyenik qaydalara ciddi riayət etmək tələb olunur. Lakin son 2 gündə çimərliklərdə müşahidə edilənlər bəzi vətəndaşların səhlənkarlığa yol verdiyini göstərir. 
  
Baxmayaraq ki, çimərlik ərazilərində maarifləndirici lövhələr qoyulub, vətəndaşların bu lövhələrdən yararlanmadığı da bəlli olur.  
Çimərlik ərazilərdə mütəmadi maarifləndirici çağırışlar edilir, vətəndaşlardan xahiş olunur ki, çimərliyə gəlməzdən əvvəl portal vasitəsilə sıxlığın az olduğu əraziləri öyrənsinlər və belə məkanlara üz tutsunlar.

Könüllülər tərəfindən çimərliklərə daxil olanların qeydiyyatı aparılır və  çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Yəni, sıxlıq barədə məlumat almaq vətəndaşlar üçün heç bir çətinlik yaratmır.  
Çimərliklərdə nəzarət funksiyasını yerinə yetirən DİN əməkdaşları, “ASAN” könüllüləri ilə birlikdə boş yer olmadıqda, vətəndaşları digər çimərliklərə yönləndirirlər.

Bəs yoluxma riskini artıran sıxlığın yaranmasına səbəb nədir? 

Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, karantin rejiminin ən vacib şərtlərindən biri olan sosial məsafənin qorunmasıdır, lakin bunun üçün şərait yaradılmalıdır:

- Yanlışlıq bundadır ki, portal vətəndaşları əsasən mərkəzi çimərliklərə yönləndirir.

Ödənişli çimərliklər, istirahət zonalarının, əyləncə mərkəzlərinin ərazisinə daxil olan çimərliklər var ki, restoranlar, klublar, kafelər qapalı olduğundan çimərlik ərazilərini də qapadıblar və vətəndaşları qəbul etmirlər. Bunlar konkret sahibkarlara məxsusdur. Amma heç bir sahibkarın dövlətə qarşı çıxmaq hüququ yoxdur.

Nə qədər ki, pandemiya şəraitidir, karantin mərhələsindəyik, hamı bir nəfər kimi dövlətə xidmət etməlidir. Sahilboyu hasara alınmış ərazilər vətəndaşların üzünə açılmalıdır. Əyləncə mərkəzlərinin, ödənişli çimərliklər nəzdindəki çimərliklər də vətəndaşların istifadəsinə verilməlidir. O zaman sıxlıq yaranmayacaq.

Portalın hara yönləndirməsindən asılı olmayaraq vətəndaş istəyir ki, evinə, yaşadığı əraziyə yaxın çimərliyə getsin. Bu da təbiidir. Ona görə də bu çətin dönəmdə bütün çimərlik əraziləri istifadəyə açılmalıdır.

Restoran, kafe, klub işləmir, ziyana düşəcəm” təfəkkürü ilə oturub-duran sahibkarlarla bağlı ölçü götürülməlidir. Qaldı ki, vətəndaş məsuliyyətinə, hamımızın üzərinə düşən vəzifə karantin rejimi qaydalarına əməl etməkdir. Gərək insanlarımız da anlayışlı olsunlar, qaydalara əməl etsinlər. Məsələ, can sağlığı, virusa yoluxmamaqdırsa, bunun ən əsas şərti qaydalara riayət etməkdir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu