May ayında başımıza gələnləri unutmamalıyıq

Çimərliyə gedən vətəndaşlarımız karantin qaydalarına xüsusi həssaslıqla yanaşmalıdır


Qadağalar götürüldükdən sonra çimərliklərə güclü axın müşahidə olunur. Xüsusilə dünən və bu gün çimərliklərdə sıxlıq müşahidə edilir.
Qaydalara əsasən vətəndaşlar cimerlik.az portalı vasitəsilə hansı çimərliyin boş olduğunu öyrənə bilərlər. Lakin bir çox vətəndaş portala baxır və özlərinin əvvəlcədən müəyyənləşdirdiyi çimərliklərə üz tutur. Bu isə sıxlığa səbəb olur və virusun yayılma riskini artırır.

Mütəxəssislər də son iki gündə çimərliklərdə müşahidə edilən sıxlığı  olduqca təhlükəli hesab edir. Bu sıxlıq koronavirusla mübarizədə əldə olunan müsbət nəticənin itirilməsinə təkan verə bilər.



Yoluxma sayının azalması ilə əlaqədar Operativ Qərargahın müəyyən yumşalmalara getdiyini xatırladan millət vəkili  Kamilə Əliyeva "Sherg.az"a deyib ki, vətəndaşların bu qərardan sui-istifadəsi  epidemioloji vəziyyətin yenidən  təhlükəli hal almasına səbəb ola bilər: 

 "Son günlər koronavirusa yoluxma sayında kəskin azalmalar müşahidə edilir. Sevindirici haldır ki, yoluxanların sayı 100-dən aşağı düşüb, sağalmalar isə xeyli artıb. Amma əldə olunan müsbət dinamika insanları arxayınlaşdırmamalıdır. Koronavirus infeksiyası hələ ki, tamamilə məhv olmayıb. Çox təəssüflər olsun ki, dünya ölkələri ikinci dalğanı yaşayır".

K.Əliyevanın sözlərinə görə, mart ayından bu günə qədər dövlət pandemiyaya qarşı üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.  Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində müxtəlif  tədbirlər həyata keçirilir:

"Aidiyyəti orqanların gördüyü işlərə adekvat olaraq vətəndaşlar da üzərinə düşən məsuliyyəti hiss etməli, özlərini və yaxınlarını koronavirus infeksiyasından qorumalıdır. Hər bir vətəndaş tələb olunan qaydalara əməl edib tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafəni qoruyub  ehtiyac və zərurət olmadığı təqdirdə yaşayış yerini tərk etməməlidir.

May ayında yaşadığımız xoşagəlməz təcrübəni unutmamalı və ikinci dəfə eyni səhvə yol verməməliyik.  Xüsusilə ilə də bu günlərdə çimərliyə gedən vətəndaşlarımız karantin qaydalarına xüsusi həssaslıqla yanaşmalı və  yoluxma sayının artmasına səbəb olacaq davranışlara yol verməməlidir. 

120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb, prosesə min ASAN könüllüsü cəlb edilib.

Eyni zamanda, müvafiq onlayn resurs istifadəyə verilib. Beləliklə, karantin dövründə insanların açıq havada istirahət etmələri üçün tam təhlükəsiz şərait yaradılıb. Bu mərhələdə də vacib amil gigiyena qaydalarına və sosial məsafə tələbinə riayət etməkdir.

 Son günlər biz çimərliklərdə sıxlığın yaranmasını müşahidə edirik. Sıxlıq yoluxma riskinin artmasına səbəb olan faktorlardan biridir. Ona görə də, insanlarımız bu mərhələdə  daha da məsuliyyətli və diqqətli olmalıdır ki, əldə olunan müsbət nəticəni itirməyək".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Şəymən Bayramova Yazarın yazıları
menu
menu