““Qarabağ” dayaq bloku Azərbaycanın qüdrətini göstərir” 

““Azəri-Çıraq-Günəşli” yatağının təcrübəsi göstərir ki, “Qarabağ” neft yatağı daha böyük potensiala malik ola bilər”


“Əsası ümummilli lider tərəfindən qoyulan enerji siyasəti cənab Prezident tərəfindən uğurla icra olunur”
Bunu “Sherg.az”a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 
Siyasi şərhçi bildirib ki, “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın gücünü və qüdrətini göstərir: 

“Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində bilavasitə ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutmuş “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı dövrdə, 1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi.

Bu çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar.

“Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun da istifadəyə verilməsi olduqca mühüm və əlamətdar hadisədir. Belə ki, sözügüdən layihə bir daha göstərir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artmaqdadır”.  “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur”.

Ş.Həsənova vurğulayıb ki, qurğu Azərbaycan tərəfindən müasir beynəlxalq standartlara uyğun istehsal olunmaqla yanaşı, Xəzər dənizində ən böyük platformadır: 

“Azərbaycan artıq investisiya yatıran və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlər yetişdirilmiş ölkədir. Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq potensialına malikdirlər. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, qurğu 100 milyonlarla dəyəri olan yeni texnoloji imkanlara yol açır. Əvvəllər xarici şirkətlərin qazandığı böyük pulları indi yerli şirkətlər qazanır. Eyni zamanda görülən işlərin maya dəyəri aşağı düşür ki bundan da ölkə böyük qazanc əldə edir.

Ən önəmli məsələ ondan ibarətdir ki, bu cür neft strategiyasının həyata keçirilməsi həm Azərbaycan dövlətinin beynəlxalq arenada nüfuzu baxımından, həm də xalqımızın rifahının yaxşılaşdırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Belə ki, bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Sevindirici hadisədir ki, görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”.

Analitik vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” yatağının təcrübəsi göstərir ki, “Qarabağ” neft yatağı daha böyük potensiala malik ola bilər: 

“Belə ki, “Qarabağ” neft yatağı daha böyük həcmdə təbii ehtiyatlara malikdir. Görülən işlərin nəticəsi olaraq tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda bütün neft-qaz layihələri uğurla icra edilir.

Cənub Qaz Dəhlizi kimi böyük bir layihənin təşəbbüskarı da məhz Azərbaycan Respublikası olmuşdur. Bu layihə Avropanın enerji xəritəsini yenidən cızmaqla qitənin enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olacaq. Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir.

Belə nəhəng enerji layihələrinin reallaşdırılması aparılan uğurlu siyasətin nəticəsidir.  Eyni zamanda bu cür meqa layihələri reallaşdırmaqla ölkəmiz Avrasiyanın yeni enerji xəritəsini tərtib edir. Azərbaycan bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır. Bütün yataqlarda görülən işlər məqsədyönlü şəkildə aparılır.

Bir layihə digər layihəni şərtləndirir. Cənab Prezident İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət nəticəsində bu gün vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıtdığımız kimi, biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu