İkinci dalğa ehtimalı var

"Payızda mövsümi qrip baş qaldırır, onda insan orqanizminin eyni zamanda “qrip+COVİD19” xəstəliklərinin törədicilərinə necə reaksiya verəcəyi də məlum deyil"



ÜST və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını olduqca yüksək qiymətləndirirlər. Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb.

Ötən ay 1,0 olan yoluxma səviyyəsi indi 2,6-ya çatıb və hökumət yenidən koronavirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub. Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar.

Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 140-dan aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur.

Həkim-nevroloq Pərviz Axundov bildrib ki, ÜST ekspertlərinə görə, ikinci dalğa dedikdə, başlanğıc yoluxmaların sayı azaldıqdan sonra, yeni alovlanmaları əhatə edən durum nəzərdə tutulur. Həkimin sözlərinə görə, hələ bir əsr əvvəl dünyada pandemiya halı almış “ispan qripi” dönəmində də, 3 faza müşahidə olunub, ikinci faza daha güclü olub ki, bunu da virusun mutasiyası ilə əlaqələndirirlər:

“Ancaq mutasiya müsbət istiqamətdə də ola bilər ki, bu zaman virus insanlar üçün daha az təhlükəlidir. Digər tərəfdən, nəzərə alsaq ki, payızda mövsümi qrip baş qaldırır, onda insan orqanizminin eyni zamanda “qrip+COVİD19” xəstəliklərinin törədicilərinə necə reaksiya verəcəyi də məlum deyil. Nəzərə alsaq ki, COVİD-19 zamanı məsləhət görülən fiziki məsafənin gözlənilməsi, əllərin tez-tez yuyulması və qapalı məkanlarda tibbi maskaların düzgün istifadəsi eyni zamanda qrip infeksiyasının yayılmasının qarşısını alır, onda bu tövsiyələrə daha ciddi əməl edilməsi lazımdır”.

P.Axundov bildirib ki, bəzi Avropa ölkələrində qeyd edilən problemlə bağlı baş verə biləcək ağırlaşmaların qarşısını almaq üçün payızdan başlayaraq, mövsümi qripə qarşı yenilənmiş vaksinin kütləvi tətbiqi nəzərdə tutulur:

“Eləcə də iqtisadiyyata böyük zərbə vuran təkrar qapanmalara getməmək üçün əhali arasında testləşmələrin sayının artırılması, yoluxanlarla kontaktda olanların vaxtında izolyasiyası üçün müxtəlif mobil tətbiq və video müşahidələrin aparılması, alovlanma ocaqlarında lokal məhdudiyyətlər bir çox ölkələrdə tətbiq olunmağa başlayıb”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu