Halımız pis olacaq, pərişan olacağıq

Elməddin Muradlı: "Avtomobilləşmə artsa, yollarımıza baxıb köks ötürəcəyik və deyəcəyik ki, bu niyə belə oldu?"

“Ötən illərlə müqayisədə bu ilin avqust ayında yollara xas olmayan tıxaclar görünməkdədir. Bunun başlıca səbəbi birbaşa pandemiya ilə əlaqədardır. Bildiyimiz kimi, insanlar əvvəllər yay aylarında rayonlarda, xarici ölkələrdə istirahət edirdilər. İndi isə əhali Bakı şəhərindən kənara çıxa bilmir, hətta bölgələrimizə belə getmirlər. Bu səbəbdən də şəhərdə böyük tıxaclar var”.



Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında bildirib. O bildirib ki, tıxacların yaranmasının ən başlıca səbəbi yol şəbəkələrimizlə bağlıdır:

“Yollarımızın ötürücülük gücü aşağıdır. Yol şəbəkəsi belə davam edərsə, illər sonra tıxacla bağlı daha böyük əziyyətlər çəkəcəyik. Hələ nəzərə almaq lazımdır ki, pandemiyadır.

Daha bir məsələni qeyd edim ki, 2017-ci ildə avtomobillərin qiymətinin qalxması səbəbindən avtomobilləşmə aşağı səviyyədə getdi. Bir az vəziyyət düzəlsə, avtomobilləşmə artsa, onda halımız pis olacaq, pərişan olacağıq. Yollarımıza baxıb köks ötürəcəyik və deyəcəyik ki, bu niyə belə oldu?”.

Bəzi harınlanmış məmurların göz görə-görə səkiləri, yolları zəbt etdiyini deyən E.Muradlı bildirib ki, bəzi tikinti şirkətlərinin rəhbərləri harda gəldi tikinti işlərini həyata keçirirlər:

“Paytaxtın bir çox yerlərində hündürmərtəbəli binalar tikilir, lakin parklanma üçün heç bir şərait yaradılmır. Belə halda da bina sakinləri öz şəxsi avtomobillərini küçələrdə saxlayırlar, nəticədə də belə əcaib, xoşagəlməz vəziyyət ortaya çıxır. Təsəvvür edin ki, həmin tikinti şirkətləri Bakının gecəqondu, köhnə məhəllələrini alırlar.

Orada 10 evi sökür, onun yerində isə 300 mənzillik bir bina tikir. Belə deyək ki, bunun 200-nün maşını var. Hətta övladlarının, yoldaşının və sair. Bunlar avtomobillərini harda saxlayacaq?

Əksər şirkətlərin rəhbərləri acgözlüklərindən nə qədər bacarırlarsa, o qədər çox yerdə tikirlər ki, daha çox pul qazansınlar. Amma fikirləşmirlər ki, bu mənzili satırsa, onu alan vətəndaş avtomobilini harda saxlayacaq?

Tikinti şirkətləri iki dəfədən artıq parklanma yerləri yaratmalıdır. İllərdir ki, bu kimi tıxac problemlərini sadalasan da heç bir faydası yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu